Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qaz verilib
Martın 18-də Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
1news.az-ın məlumatına görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbələ rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 337 abonenti olan Qəmərvan kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 17017 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Salyan rayonunun 91 abonentlik Alçalı kəndinə də ilk dəfə “mavi yanacaq” verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında aparılan qazlaşdırma işləri zamanı 6535 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
1news.az