Fransa Senatında Azərbaycanla bağlı debat keçirilib
Fransa Coğrafiya Cəmiyyətinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü və dəstəyi ilə Fransa Senatında ölkəmizlə bağlı debat təşkil olunub.
Cəmiyyətin baş katibi Jak Qonsales tədbiri açaraq məqsədin Azərbaycanın tarixi, coğrafi mövqeyi, iqtisadiyyatı haqqında Coğrafiya Cəmiyyətinin üzvlərini və iştirakçılarını məlumatlandırmaq olduğunu bildirib.
Çıxış edən səfir Elçin Əmirbəyov Azərbaycanın tarixi, coğrafi mövqeyi haqqında məlumat verib. O, Azərbaycanın sivilizasiyaların qovuşuğunda, böyük İpək Yolu üzərində yerləşdiyini, Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolu oynadığını diqqətə çatdırıb.
Azərbaycanın tarixi haqqında ətraflı məlumat verən diplomat ölkəmizin müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu vurğulayıb. Bildirib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ verib. Şərqdə ilk opera məhz bu ölkədə fəaliyyət göstərib. Ancaq təəssüf ki, bu demokratik respublikanın ömrü yalnız 23 ay olub. Yetmiş il sovet sistemində yaşayan ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini bildirən diplomat müstəqillik mübarizəsinin asan olmadığını, ölkəmizin silahlı münaqişə ilə üzləşdiyini söyləyib.
Səfir Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və təcavüzkar siyasətindən danışıb. Bildirib ki, Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur.
Diplomat Azərbaycanın dünyada sülhün qorunub saxlanmasına, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən də söhbət açıb, həmçinin ölkəmizin iqtisadi nailiyyətləri, enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyası sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini vurğulayan səfir ölkəmizdəki multikulturalizm ənənələrindən, dini tolerantlıqdan söz açıb. O, mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrilən Azərbaycanın dünyada antisemitizm əlamətləri olmayan yeganə ölkə olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycan-Fransa əlaqələrinə də toxunub. 2014-2015-ci illər ərzində Fransa prezidentinin ölkəmizə səfərlərindən, onların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycan və Fransa arasında iqtisadi, siyasi, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığa toxunan diplomat Bakı Fransız Liseyinin fəaliyyət göstərdiyini, Azərbaycan-Fransa Universitetinin isə sentyabr ayından qapılarını tələbələrə açacağını bildirib. O, ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib, onun Strasburqda və Fransanın digər regionlarındakı kilsələrin təmirində, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində yaxından iştirak etdiyini bildirib. Səfir Fondun Fransada mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən ətraflı söhbət açıb.
Sonra iştirakçıların sualları cavablandırılıb. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında hazırlanmış müxtəlif nəşrlər iştirakçılara paylanılıb.
1821-ci ildə təsis edilən Fransa Coğrafiya Cəmiyyəti dünyada coğrafiya elmi sahəsində ən qədim təşkilatdır. Qurumun məqsədi coğrafiyanı təşviq etmək və onu sevdirməkdir.
AZƏRTAC