İçərişəhərdə “Novruz - Bahar festivalı” açılıb - FOTO
Martın 20-də Bakının tarixi mərkəzi İçərişəhərdə “Novruz – Bahar festivalı” açılıb.
AZƏRTAC xəbər verir ki, Novruz adət-ənənələrini təbliğ edən festivalda xarici ölkələrdən olan qonaqlar da iştirak edirlər.
Qoşa Qala qapısının yanındakı “Meydan bazarı”nda xalq-tətbiqi sənəti nümunələrinin və suvenirlərin satışı təşkil olunub. Mahir aşbazlar festivalın qonaqlarına milli mətbəximizin yeməklərinin, Novruz şirniyyatlarının – şəkərbura, paxlava və badamburanın dadına baxmağı təklif edirlər.
Maraqlı konsert proqramında muğam, klassik, estrada, habelə caz musiqisi təqdim olunur. Novruzun əsas personajları Kosa və Keçəl şənliyə xüsusi ovqat qatırlar. Arzu edənlər müxtəlif müsabiqələrdə iştirak edə bilərlər.
Martın 20-21-də festival çərçivəsində rəngarəng teatrlaşdırılmış səhnəciklər, konsert proqramları təqdim olunacaq.