Avropa İttifaqının 4 transformasiya ssenarisi: böyük seçim qarşısında – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqının 4 transformasiya ssenarisi: böyük seçim qarşısında – Newtimes.az

15:10 - 07 / 04 / 2016
Avropa İttifaqının 4 transformasiya ssenarisi: böyük seçim qarşısında – Newtimes.az

Bəşəriyyətin inteqrasiyaya daha çox ehtiyacı olduğu bir dövrdə mövcud siyasi birliklərin taleyi mütəxəssisləri düşündürür. Avropa İttifaqı (Aİ) bir zamanlar geosiyasi, siyasi-iqtisadi və mədəni aspektlərdə perspektivli bir təşkilat kimi qəbul edilirdi.

Son dövrlərdə isə mütəxəssislər daha çox onun qarşılaşdığı problemlərdən danışırlar. İllərdir davam edən maliyyə böhranı, iqtisadi tənəzzül, mənəvi-əxlaqi dəyərlərin aşınması, cəmiyyətlərdə radikal əhval-ruhiyyənin artması artıq təsadüfi sayılmır. Əksinə, bu proseslərin Aİ-nin bir struktur olaraq gələcək taleyinə mümkün təsir istiqamətləri təhlil edilir. Yanaşmalar fərqlidir. Nəticələr də fərqlidir. Ancaq görünən odur ki, Aİ tarixinin ən çətin mərhələsini yaşayır. Sabah bu qurumun taleyi necə olacaq? Çətin ki, bu suala birmənalı cavab verən avropalı tapılsın. Eyni zamanda, onların həmin məsələ ilə bağlı narahatlıqları da azalmır.

Qeyri-müəyyənliklər: illərlə yığılan problemlər

Son dövrlərdə ekspertlər Qərbin geosiyasi, maliyyə və mənəvi böhrana bürünməsindən tez-tez bəhs edir, bu prosesin daha da dərinləşə biləcəyini proqnozlaşdırırlar. O cümlədən Aİ-nin qarşılaşdığı problemlərin inkişaf edəcəyi və təşkilatı bir sıra qeyri-müəyyənliklərlə üz-üzə qoyacağı barədə fikirlər müxtəlif səviyyələrdə səslənir və bunların arxasında ciddi səbəblərin durması vurğulanır. Bir zamanlar ən perspektivli inteqrasiya modeli sayılan Aİ-nin belə vəziyyətə düşməsinin kökü nədədir? Hansı səbəblərdən Qərbin bu böhrandan çıxması imkanları yüksək qiymətləndirilmir?

Məsələyə bir qədər geniş aspektdə baxmaq daha doğru olardı. Hələ keçən əsrin 70-ci illərinin ortalarından Böyük Avropa layihəsinin həyata keçə biləcəyinə ümid vardı. Rusiyanın keçmiş xarici işlər naziri bu kontekstdə vurğulayır ki, "soyuq müharibə"nin başa çatması ilə hamı belə hesab edirdi ki, Lissabondan Vladivostoka qədər geniş bir ərazini əhatə edən Böyük Avropanın formalaşması qarşısında heç bir maneə qalmayıb. Ancaq, təəssüf ki, bu layihə alınmadı. "Yüz ildə bir dəfə ələ düşən şans reallaşmadı. Şərq və Qərb siyasətçilərinin ikinci belə imkanının meydana çıxması, çox güman ki, mümkün olmayacaq" (1).

Məsələ ondan ibarətdir ki, Böyük Avropa layihəsinin iflasının kökündə məhz Qərbin uzun illərdir apardığı siyasətin qeyri-müəyyənliyi dayanır. Bunun da ilk təzahürü Aİ-nin bir təşkilat kimi böhranlardan böhranlara keçməsindən ibarətdir. Mütəxəssislər vurğulayırlar ki, Aİ böhran vəziyyətləri ilə üz-üzə qalanda, avropalı siyasətçilər yaranmış vəziyyətə konstruktiv və obyektiv yanaşa bilmirlər. Onlar prosesin real səbəblərini araşdırmaq əvəzinə, günahkar axtarışına çıxırlar. Bu aspektdə rusiyalı tədqiqatçı L.M.Vorobyova yazır: "Hazırda Avropa İttifaqı çaşqınlıq içindədir... Avropanı böhran bürüyəndə strateqlər ona qeyri-konstruktiv reaksiya verdilər. Onlar səbəbi deyil, günahkarları axtarmağa üstünlük verdilər. Onların sırasında tamahkar maliyyə fırıldaqçıları da vardı... Ancaq bunlar səbəb deyil, nəticə idi..." (2, s.16).

Məsələnin bu aspektini Qərb analitikləri də vurğulayırlar. Onlar Aİ-nin yeritdiyi siyasətin zəif və müasir reallıqlardan uzaq olan cəhətlərini təhlil edirlər. Belə görünür ki, artıq Avropa ölkələrinin müxtəlif sahələrdəki böhranlı vəziyyəti çoxlu sayda daxili faktorlardan asılı hala gəlib. Hələlik nə onların aradan qaldırılması yolları məlum deyil, nə də Aİ-nin gələcək taleyi ilə əlaqədar qəti mövqe formalaşmayıb. Bu bağlılıqda mütəxəssislər geosiyasi böhranın dərinləşməsi fonunda Qərb dövlətləri arasında ziddiyyət və münaqişələrin güclənməsi ehtimalını xüsusi qeyd edirlər (3).

Avrozona: müstəmləkə məkanı?

Burada avro zonasının böhranını ayrıca vurğulamaq lazımdır. Həmin proses Avropanın siyasi parçalanmasına və onun inkişafında sapmalara yol açdı. Hətta Aİ-nin "avrozonanın müstəmləkə məkanına" çevrildiyindən bəhs olunur. Bunun əsasında isə Almaniyanın tutduğu mövqenin dayandığı bildirilir. Onun əlamətlərindən biri kimi Fransa-Almaniya tərəfdaşlığının laxlaması göstərilir. Çünki Berlinin həyata keçirdiyi valyuta siyasəti Parisin rəqabət imkanlarını xeyli azaldıb, bu da Aİ-nin obyektiv inkişaf potensialının aşağı düşməsinə gətirib çıxarıb.

Belə çıxır ki, Aİ-nin hazırda qarşılaşdığı maliyyə böhranının meydana gəlməsində Almaniyanın valyuta siyasəti ciddi rol oynayıb. Bəs Berlin nə üçün bu addımı atıb? Görünür, o, Aİ-də əsas dövlət rolunu oynamağı, son nəticədə isə dünya siyasətində əsas söz sahibi olmağı qərara alıb. Bu ölkənin rəhbərləri, əslində, bu məqamı açıq vurğulayırlar. Ancaq bütün bunlar Aİ üçün çox əhəmiyyətli ola bilən geosiyasi nəticə çıxarmaq imkanı verir.

Konkret olaraq, Aİ-nin üzvlərindən biri təşkilat daxilində maliyyə-iqtisadi hegemonluğu ələ keçirmək siyasətini gücləndirdiyinə görə, qarşıya xeyli sayda problemlər çıxıb. Bu halda isə Aİ-nin hansı dərəcədə demokratik və sivil bir təşkilat olması sualı ortaya çıxır. Onun işığında isə Aİ-nin digər dövlətlərlə səmimi əməkdaşlıq niyyətində olub-olmaması məsələsi üzərində düşünmək lazım gəlir.

Bu kontekstdə müstəqilliyini yaxın keçmişdə əldə etmiş ölkələrə inteqrasiya modelinin təklif edilməsi nə dərəcədə real bir addımdır? Təcrübə göstərir ki, faktiki olaraq, Aİ həmin istiqamətdə müəyyən planlar hazırlayıb. Onların əsl məqsədi, məsələn, "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində əməkdaşlıq nəzərdə tutulan ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaş olmaqdan ibarət deyil. Müxtəlif üsullarla onları özündən asılı vəziyyətə salmaqdır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin "söhbət hansı inteqrasiyadan gedir?" sualını tam yerində qaldırdığını xüsusi qeyd etmək lazımdır. Prezident həmin aspektdə vurğulayır ki, onlar, faktiki olaraq, real inteqrasiyanı istəmirlər. Ona görə də məsələnin bu tərəfi hələlik araşdırılmalıdır.

Lakin Aİ-nin problemi bununla məhdudlaşmır. Mütəxəssislər təşkilatın siyasi böhran keçirdiyini ayrıca qabardırlar. Bunun əlaməti kimi isə Ukraynada baş verən müharibəyə Aİ-nin verdiyi reaksiyanı göstərirlər. Çünki bu məsələdə təşkilata üzv dövlətlər arasında fikir müxtəlifliyi olsa da, Almaniyanın dominant rol oynamaq istəyi açıqca özünü büruzə verdi. Belə təəssürat yarandı ki, Aİ-ni Ukraynada sabitlik və inkişaf deyil, özünün geosiyasi planlarının reallaşması maraqlandırır. Bu da təbii ki, həmin ölkədə ixtilafın dərinləşməsinə təkan verə biləcək haldır.

İki nəticə: hansı daha realdır?

Bütün bunların nəticəsində analitiklər Aİ ilə əlaqədar iki nəticə çıxarırlar. Birincisi, bu təşkilat maliyyə-iqtisadi böhran içində qalmaqda davam edir. İkincisi, siyasi qeyri-müəyyənlik həmin prosesi daha da ağır vəziyyətə doğru sürükləyir. Təşkilatın xarici siyasətində özünü göstərən həmin durum daha çox ikili standartlardan qaynaqlanır. Maraqlıdır ki, hər iki aspektdə aparıcı rolu Aİ-nin bir üzvü – Almaniya oynamağa cəhd edir.

Ekspertlər həmin kontekstdə maraqlı bir məqamı vurğulayırlar. Belə ki, onların qənaətinə görə, ""soyuq müharibə"dən sonra Avropada hakim olmaq uğrunda mübarizə sərtləşib" (3). Geosiyasi strategiya baxımından bunu mühüm müddəa hesab etmək olar. Çünki, əgər həmin qənaət doğrudursa, Aİ-nin gələcək taleyi ilə bağlı son dərəcə qeyri-müəyyən proqnozlara əsas verilmiş olur. Faktiki olaraq, Qərb üçün bu məsələdə SSRİ-nin meydandan çıxmasının elə bir əhəmiyyəti olmur. Əksinə, Avropanın öz daxilində düşmənçilik tendensiyası vüsət almış olur. Görünür, elə bu səbəbdən də analitiklər Qərb dövlətləri arasında ixtilafların güclənməsi ehtimalının yüksək olmasından yazırlar.

Konkret olaraq, Aİ-nin gələcəyi ilə bağlı bir neçə pessimist ssenari barədə açıq yazırlar. Məsələn, Harvard Universitetinin professoru Stiven Uolt "Foreign Policy" jurnalında dərc etdiyi məqalədə Aİ-nin iqtisadi gücü və nüfuzunu itirəcəyini və ya dağılacağını, ya da "su üzündə köpük kimi qalacağını" proqnozlaşdırır (4). Professorun fikrinə görə, burada təşkilatın əsassız genişlənməsi ciddi rol oynayıb. Bununla o, dağınıq hala gəlib, əhali arasında populyarlığını itirib. Milli elitalar mərkəzi elitanın hakimiyyətinə tabe olmaq istəmir və Aİ-nin varlı ölkələri ilə kasıb üzvləri arasında ziddiyyətlər çoxalır.

İqtisadiyyatdakı problemlər, işsizlik və miqrant axını milliyyətçi partiyaların populyarlığını artırır ki, onlar da Aİ-nin əsas prinsiplərini qəbul etmirlər. Bunlara demoqrafik problemləri də əlavə etmək lazımdır. Yaranmış vəziyyətdən təşkilatı çıxara biləcək güclü siyasətçinin olmaması əlavə çətinliklər yaradır. Bütün bunlar, S.Uoltun fikrincə, Aİ-nin siyasi təsir dairəsini çox məhdudlaşdıracaq və onu formal qurum halına gətirəcəkdir (4).

Hətta daha təhlükəli ssenari – Aİ-nin təşkilat kimi dağıla bilməsi də gündəmə gələ bilər. Maraqlıdır ki, tanınmış "Stratfor" analitik mərkəzi də 2015-ci ildə hazırladığı məruzədə Avropa İttifaqının yox olması ssenarisini istisna etmir. O, hətta dəqiq tarix də göstərir. Bu mərkəz 2025-ci ilədək Aİ-nin dağılacağını proqnozlaşdırır (5).

Burada bir mühüm məqamı da vurğulamağa ehtiyac vardır. Avropa siyasətçilərinin özləri də təşkilatın aqibəti haqqında heç də həmişə nikbin fikirlər söyləmirlər. "Politico Europe" nəşri bununla bağlı 10 Avropa siyasətçisinin sözlərini misal kimi göstərir. Bu sırada A.Merkelin, F.Ollandın, D.Tuskun, J.K.Yunkerin və digərlərinin dedikləri xatırladılır. Məsələn, A.Merkel vurğulayıb ki, "əgər qaçqınlar məsələsində Avropa uğursuzluğa düçar olsa, onda arzu etdiyimiz Avropa mövcud olmayacaq". F.Olland isə daha konkret ifadə işlədib. O, sentyabr ayında Avropa Parlamentində çıxışı zamanı deyib: "Avropa özünü təsdiq etməlidir, əks halda, biz onun sonunun, özümüzün məhvimizin şahidi olacağıq". D.Tusk isə miqrasiya problemini "Avropa üçün siyasi zəlzələ" adlandırıb (6).

Dörd ssenaridən biri: "postqərb" dövrünün təhlükələri

Əslində, bu kimi proqnozlar bir neçə il bundan əvvəl verilirdi. Hələ 2005-ci ildə ekspertlər Avropa İttifaqının 4 ssenari üzrə transformasiyalara məruz qala biləcəyi haqqında yazırdılar. Bunlar aşağıdakılar idi:

1) Aİ-nin dağılması. Bu, konstitusiya böhranı, avro zonasında baş verən proseslər və təşkilata rəhbərlik uğrunda rəqabətin güclənməsi ilə əlaqələndirilirdi;

2) Aİ-nin daha monolit olması. Bu ssenarinin reallaşması ehtimalı xeyli azalıb. Deyiləni son illər təşkilat daxilində gedən proseslər də təsdiqləyir;

3) İki Avropa ssenarisi. Fransa, Almaniya, Belçika və Lüksemburq "köhnə Avropa" ideyasını inkişaf etdirməyi daha doğru sayırlar. Onlar hətta vahid ordunun yaradılması zərurətini də qeyd edirlər. İngiltərə isə fərqli mövqedədir – o bir qədər kənarda qalmağa üstünlük verir. Bu fikir ayrılığı indi də qalmaqdadır;

4) Avropa Birləşmiş Ştatları formalaşır. Bu ssenarinin artıq həyata keçə bilməyəcəyi məlumdur. Çünki orada Türkiyənin 2015-ci ildə təşkilata üzv olması mühüm yer tuturdu. Belə çıxır ki, həmin ideyanın reallaşması ciddi maneələrlə üzləşib (7).

Bu cür proqnozların kifayət qədər nüfuzlu mütəxəssislər tərəfindən verilməsi qətiyyən təsadüf və ya qərəzlilik sayıla bilməz. Çünki onlar konkret faktlara və Aİ daxilində gedən siyasi-iqtisadi və ideoloji proseslərə istinad edirlər. Hətta bir sıra mütəxəssislər xüsusi termin kimi "postqərb" ifadəsini də işlədirlər. Yəni onlar Aİ-nin gələcək taleyini bütövlükdə Qərbin sosial-siyasi və geosiyasi transformasiyası kontekstində qiymətləndirirlər.

Bu aspektdə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) tədqiqatlar mərkəzinin direktoru, "Alman gücünün paradoksu" kitabının müəllifi Hans Kundnaninin bir fikri maraq doğurur. O yazır: ""Postqərb" Almaniyası Avropanın xeyli hissəsini, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrini öz ardınca apara bilər...Əgər Böyük Britaniya Aİ-ni tərk etsə (seçmə bizimdir – müəllif), daha çox ehtimallıdır ki, İttifaq Almaniyaya üstünlük verəcək, xüsusilə Rusiya və Çin məsələsində belə olacaq. Bu halda Avropanın ABŞ-la münaqişəsi istisna olunmur. Onda Qərb içindən çıxa bilməyəcəyi parçalanmaya məruz qalacaq (seçmə bizimdir – müəllif) (8).

Daha maraqlısı ondan ibarətdir ki, H.Kundnani Aİ-nin parçalanmasında siyasi və geosiyasi faktorlarla yanaşı, mədəni amilin də ciddi rol oynayacağı qənaətindədir. Üstəlik, bu prosesin uzun illərdir davam edən ABŞ-Avropa birliyinə ciddi zərbə vura biləcəyi proqnozlaşdırılır. Həmin müstəvidə "postqərb" termini düşündürücü görünür. Çünki analitiklər hesab edirlər ki, qlobal səviyyədə növbəti mərhələ, ümumiyyətlə, geosiyasi və mədəni xarakteristikalarına görə keyfiyyətcə yeni olacaq. Eyni zamanda, bu, o deməkdir ki, yuxarıda sadalanan ssenarilərin arxasında kifayət qədər tutarlı faktlar dayanır.

Sistem böhranı: ciddi siqnal

Yuxarıda deyilənlərə məntiqi çərçivədə nəzər salsaq, bir sıra mütəxəssisin Aİ-nin "inteqrasiya prosesinin sistem böhranı" içərisində olduğu haqqındakı qənaətləri ilə razılaşmalı oluruq. Sistem böhranı təşkilatın əsasına yanlış inteqrasiya mexanizmlərinin qoyulmasından qaynaqlanır. Bunun əyani təzahürü dəfələrlə qeyd olunan maliyyə çətinliklərindən ibarətdir.

Aİ-nin bəzi üzvləri həmin problemlərlə mübarizə apardığı halda, digərləri həm bu prosesdən kənarda qalıb, həm də çətinliyə düşmüş tərəfdaş ölkəni təsir altına salmağa çalışırlar. Yəni sanki canavarlar kimi, yaralanmış yoldaşı parçalamağa cəhd edirlər. Deməli, təşkilatın inteqrasiya meyarlarının məzmunu kifayət qədər təkmil deyil və zaman-zaman üzvlər arasında bu cür ixtilaflar yarana bilər.

Bu tendensiyanın nəticəsidir ki, Aİ-də "mütəhərrik inteqrasiya" modelinə müraciət edilir. Lakin onun da perspektivi tam aydın deyil. Məsələn, bir tədqiqat əsərində vurğulanır ki, "mütəhərrik inteqrasiya mexanizminin tətbiqi bu prosesin əsas sferalarında iştirakçı və qeyri-iştirakçı olmaq məsələsi üzrə parçalanma riskini artırır" (9).

Təşkilatın inteqrasiya səviyyəsini artırmağın dalana dirənməsi onun perspektivini böyük şübhə altına alır. Eyni zamanda, həmin prosesin daxili və xarici faktorları əhatə etməsi sistem böhranını dərinləşdirir. Qeyri-bərabər inkişaf trendinin güclənməsi isə mütəxəssislərin də ehtiyat etdiyi Aİ üzvlərinin iki qrupa bölünməsini reallaşdıra bilər (10). Bu isə təşkilatın gələcək taleyinə ciddi təsir edə biləcək faktorlardan biridir.

Aparılan təhlillər Aİ-nin gələcəyi ilə əlaqədar yuxarıda vurğulanan 4 ssenaridən parçalanma variantının daha real olması nəticəsini çıxarmağa əsas verirmi? Bu suala qəti cavab vermək üçün daha bir məqama diqqət yetirməyi lazım bilirik. Biz, son zamanlar müxtəlif səviyyələrdə tez-tez vurğulanan Aİ-nin mənəvi böhranını nəzərdə tuturuq.

Mənəviyyat tarixən cəmiyyət üçün çox vacib amil hesab olunub. Mənəvi-əxlaqi və mədəni dəyərlər zəif bir ölkəni inkişafa apara bilər, onların aşınması isə böyük imperiyaları belə diz çökdürər. Aİ iqtisadi və texnoloji aspektdə kifayət qədər uğurlar əldə edib. Hazırda bu sahədə onun yüksəlişi davam edir. Lakin təcrübə göstərir ki, həmin tərəqqinin fonunda cəmiyyətin mənəvi sferasında böhran dərinləşir. Düşündürücüdür ki, bu tendensiya ictimai şüurun bütün aspektləri ilə yanaşı, siyasi şüurda da özünü göstərir. Belə ki, gənclərdə tüfeylilik, işsizliyin yaratdığı depressiv hallar, radikallıq, fərqli mədəniyyətlərə dözümsüzlük kimi anormal psixi hadisələr getdikcə özünü daha çox göstərirsə, siyasətçilərdə islamofobiya meylləri güclənir.

Bunun əsasında daxildə yaranmış problemləri həll etmək əvəzinə, kənarda düşmən axtarışına meyl rəsmi dairələrdə güclənir. Başqa ölkələri uydurulmuş məsələlərdə ittiham etməyə çalışırlar. Aİ müxtəlif bəhanələrlə onların daxili işlərinə qarışmağa cəhd edir, bu zaman demokratiya və insan haqları kimi gəlişigözəl ifadələr arxasında gizlənirlər. Zahirən bu kimi addımlar adi insanlarda müəyyən hisslər oyatsa da, real müstəvidə Aİ-də siyasətin ikiləşməsi və ya ikili standartların dərinləşməsi prosesinə yeni nəfəs verir. Bununla da təşkilat daxilindəki problemləri həll etmək əvəzinə, onları yeni kəskinlik müstəvisinə atır.

Nəticə

Miqrantlarla bağlı son dövrlərdə Avropada baş verənlər bunun konkret təsdiqidir. Çox ağır vəziyyətdə olan, yurdundan didərgin düşmüş müsəlmanlara qarşı sərt və qeyri-insani davranmaq Avropada normaya çevrilməkdədir. Siyasi tribunalardan insan haqlarından dəm vuranlar, başqalarına qaçqınları qəbul etmək işində öyüd-nəsihət verənlər, məişət hadisəsinə siyasi don geydirib separatizmi alovlandıranlar adi insan haqlarını gözləmirlər. Məsələn, suriyalı didərginlərə heyvana atılan kimi ərzaq parçaları atmaq, onları diz çökdürmək, uşaq və qocalara qarşı kobud davranmaq hansı insan haqqını təmin edir?

Bu kontekstdə Avropa sözün həqiqi mənasında "ilişib". İndi o, kimlərə deyə bilər ki, milli azlığın hüququnu pozursan? Kimdən tələb edə bilər ki, separatçı və ya terrorçuya qarşı tədbir görmə? Absurd iddia olardı. Həm də artıq heç bir dövlət avropalı siyasətçilərin söylədikləri əsasında hərəkət etməz. Onlar ilk növbədə özlərinə nəzər yetirsinlər.

Belə çıxır ki, Aİ-yə üzv olan cəmiyyətlərdə özünü göstərən mənəvi deqradasiyaya siyasi qeyri-müəyyənlik, fərqli mədəniyyətlərə dözümsüzlük və insan haqlarına qarşı kobud rəftar getdikcə yeni səviyyəyə qalxır. Sərhədlərini köməksiz insanlara qapamaqla nəyəsə nail olmağın mümkünsüzlüyünü anlamayanların mövcud böhrandan xilas ola biləcəyi inandırıcı görünmür. Bütün bunların əsasında deyə bilərik ki, Aİ-nin gələcək perspektivləri şübhə altındadır. Əgər bu tendensiyaya son qoyulmasa, Aİ ya parçalana, ya da "su üzərində köpüyü" xatırladan, marginal bir quruma çevrilə bilər.

Təbii ki, bu, arzu olunan ssenari deyil. Çünki Aİ-nin qlobal geosiyasi dinamikaya təsiri çoxdur. İqtisadi və texnoloji aspektdə də qurum kifayət qədər güclü mövqeyə malikdir. Onun çöküşü böyük bir məkanda müxtəlif xarakterli problemlər meydana gətirə, o cümlədən ABŞ, Rusiya və Çin arasında yeni gərginliklərin yaranmasına təkan verə bilər. Həmin böyük güclər nüfuz uğrunda amansız və güzəştsiz rəqabətə girişərlər.

Bunlardan başqa, iqtisadi və texnoloji sahələrdə də bir qeyri-müəyyənlik yarana bilər. Avropa yeni texnologiyaların yarandığı məkandır. Onun "yox olması" bu sahədə müəyyən boşluq yarada bilər. Yerinin doldurulması isə vaxt tələb edəcəkdir. Ona görə də Aİ-nin tənəzzülü ssenarisi dünya üçün müsbət heç nə vəd etmir. Ancaq nə etmək olar ki, avropalıların özləri öz yollarını bağlayırlar. Yaranmış vəziyyətdən çıxış onlardan asılıdır. Mənəviyyatda, iqtisadiyyatda, sosial-mədəni sferada kifayət qədər ciddi dəyişiklər etməlidirlər. Hər şeydən əvvəl, islamofobiyadan yaxa qurtarmalıdırlar. Başqa halda fəlakət Avropanın qapısı ağzındadır. Gec və ya tez o qapı açılmalıdır.

Kamal Adıgözəlov

1) Иванов И.C. Закат Большой Европы // Россия в глобальной политике, 13 sentyabr 2015. URL.:http://www.globalaffairs.ru/global-processes/Zakat-Bolshoi-Evropy-17680

2) Воробьёва Л.М. Евросоюз: от кризиса к кризису // Проблемы национальной стратегии, 2011, № 1 (6), c. 7-25

3) Alan W. Cafruny. Europe's Twin Crises: The Logic and Tragedy of Contemporary German Power // Valdai Papers, 2015, № 10

4) Walt S. Does Europe Have a Future? Foreign Policy, URL.: http://foreignpolicy.com/2015/07/16/does-europe-have-a-future-stephen-walt-testimony-house-foreign-affairs-committee/

5) Decade Forecast: 2015-2025 URL.: https://www.stratfor.com/sample/forecast/decade-forecast-2015-2025

6) Johnston J. The 10 most apocalyptic warnings of the EU’s demise / "Politico Europe”, 28.10.2015

7) The road from here. Four scenarios / The Guardian, 03.06.2005

8) Kundnani H. Leaving the West Behind. Germany Looks East // Foreign Affairs, 2015, №1

9) Политико-экономическое развитие Европейского союза в условиях системного кризиса ЕС: методологические и прикладные аспекты / НИУ ВШЭ, 2013

10) Буторина О.В. Европейский Союз после кризиса: упадок или возрождение? // Вестник МГИМО, с.71-79

Paylaş:
2577

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər