Təhlükəli ağaclar: kim cavabdehdir, hara müraciət etməli və hansı addımlar atılmalıdır? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhlükəli ağaclar: kim cavabdehdir, hara müraciət etməli və hansı addımlar atılmalıdır? – FOTO

17:10 - Bu gün
Təhlükəli ağaclar: kim cavabdehdir, hara müraciət etməli və hansı addımlar atılmalıdır? – FOTO

Sosial şəbəkələrdə Bakının Nərimanov rayonunda, Azadlıq prospektində, 47 saylı məktəbin qarşısında qurumuş ağacəm olduğu ilə bağlı görüntülər ciddi müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, ağac hər an aşa bilər və bunun təhlükə yaratdığını bildirərək sual edirlər: təhlükəsizliyi təmin etmək üçün ağacın kəsilməsi zəruridirmi və əgər cavab müsbətdirsə, bu işlə indiyə qədər nə üçün heç bir qurum məşğul olmayıb?

Hətta vətəndaşlardan biri ağaca onun təhlükə yaratdığını və istənilən an aşa biləcəyini bildirən xəbərdarlıq qeydi də yapışdırıb. Bu kimi hallar sakinlər arasında tez-tez suallar yaradır: belə vəziyyətlə qarşılaşdıqda nə etməli, hara müraciət olunmalıdır? Bir tərəfdən vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır, digər tərəfdən isə təbiətə zərərin minimuma endirilməsi və ekoloji qanunvericiliyin tələblərinə əməl edilməsi vacibdir.

Məsələyə aydınlıq gətirmək üçün Nərimanov rayon bələdiyyəsinə müraciət etdik.

Bələdiyyədən 1news.az-a bildirilib ki, sözügedən məsələ ilə bağlı rəy artıq çoxdan verilib və hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin icra prosesindədir.

Qurumdan verilən məlumata görə, Yaşıllaşdırma Təsərrüfatı Birliyi artıq Ekspertiza Agentliyinə müraciət edərək müvafiq rəy alıb. İndi isə yalnız ağacların ərazidən götürülməsi işlərinin icrası qalıb.

“Hazırda təsərrüfat işlərin çoxluğuna görə çatdıra bilmir, lakin həmin ağaclar yaxın müddətdə ərazidən götürüləcək. Onların yerinə yeni tinglər əkiləcək. Bu məsələ gündəlik və həftəlik olaraq müzakirə olunur və yəqin ki, yaxın zamanda icra ediləcək”, – bələdiyyədən bildirilib.

Şəhərdə və həyətinizdə təhlükə yaradan ağaclar: necə davranmalı və qanun nə deyir?

Belə hallarda fəaliyyət qaydasını dəqiqləşdirmək üçün 1news.az redaksiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Məsələni nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev izah edib.

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi üçün vətəndaş ilk olaraq hansı quruma müraciət etməlidir?

Nazirlər Kabinetinin “Yaşıllıqların götürülməsi Qaydaları”na əsasən, qurumuş, qəzalı və xəstəlikdən zədələnmiş ağacların götürülməsi üçün vətəndaş əraziyə sahib olan mərkəzi və ya yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət etməlidir. Bu qurumlar isə Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəy alınması üçün müraciət etməlidirlər.

Ekspertlər yaşıllıqlara yerində baxış keçirir, ağacın quruma səbəblərini müəyyən etmək üçün torpaq nümunələri götürülür və laborator analizlər aparılır. Nəticələrə uyğun olaraq qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülür. Müsbət rəy verildiyi halda, hər kəsilmiş ağacın yerinə yerli iqlimə uyğun yeni ting əkilməsi şərti qoyulur. Ağacların götürülməsi torpaq sahəsinin sahibi olan qurum tərəfindən təmin edilir.

Ağacın kəsilməsinə və ya kəsilməməsinə dair qərar hansı meyarlara əsaslanır?

Rəy verilərkən yaşıllığın bioloji vəziyyəti, insan həyatı və əmlak üçün yaratdığı təhlükə, ağacın yaşı, qorunan növlərə aid olub-olmaması, ekosistemdəki rolu və digər əsas göstəricilər nəzərə alınır.

Vətəndaş öz həyətyanı sahəsində ağacı kəsmək üçün icazə almalıdırmı? İstisnalar varmı?

Vətəndaş özünə məxsus fərdi həyətyanı sahəsindəki yaşıllıqların götürülməsi və ya köçürülməsi üçün icazə almağa ehtiyac duymur. Lakin əgər ağac “Qırmızı kitab”a daxil edilibsə və ya xüsusi Təbiət Abidəsi statusu daşıyırsa, onun kəsilməsi qadağandır.

Təhlükəli ağacla bağlı rəy nə qədər müddətə verilir?

Müraciətdən sonra rəy 5 iş günü ərzində təqdim edilə bilər. Təcili təhlükə yarandığı hallarda (məsələn, qəzalı vəziyyət) baxış daha qısa zamanda təşkil olunur. Müddət müraciətlərin sayından, əraziyə giriş imkanlarından və hava şəraitindən asılı olaraq dəyişə bilər.

Qəzalı və ya qurumuş ağacların kəsilməsi hansı qurum tərəfindən həyata keçirilir?

Rəy verildikdən sonra ağacın götürülməsini torpaq sahəsinin sahibi – mərkəzi və ya yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr təmin edir. Qərar qəbul olunduqdan və yaşıllığın götürülməsi aktı tərtib edildikdən sonra işlər Yaşıllaşdırma Təsərrüfatı birlikləri tərəfindən icra olunur.

1news.az-ın təhlükə yaradan qurumuş ağaclarla bağlı sorğusuna cavab

Qeyd edək ki, məqalənin hazırlanması zamanı Nərimanov rayon bələdiyyəsindən aldığımız məlumata görə, təhlükə yaradan bütün qurumuş ağaclar artıq kəsilib.

Fotolar Nərimanov rayon bələdiyyəsi tərəfindən təqdim edilib.

Faiqə Məmmədova

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər