Mübariz Əhmədoğlu: “RİA Novosti”nin Dağlıq Qarabağ mövzusunda yaydığı məlumatların monitorinqinin aparılması zəruridir
“Ermənistan prezidenti Serj Sarkisyan Qərblə açıq-aşkar anti-Rusiya oyununa qoşulub. Qərbin bir sıra antiRusiya addımlarının müəllifi Ermənistan prezidenti Serj Sərkisyandır”.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın rolunu şərh edərkən deyib.
“Rusiya rəhbərliyi, ilk növbədə prezident Vladimir Putini və baş nazir Dmitri Medvedev Dağlıq Qarabağ tənzimlənməsində özünü təmkinli apardı. 2014-cü ilin avqustunda Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi gərginlik pik həddə çatan kimi V.Putin məsələyə qarışdı. Azərbaycan və Ermənistan prezidentlərini Soçiyə dəvət etdi. O zaman hərbi insidentlərdə ölənlərin sayı 8 nəfər idi. İndi əməlli-başlı müharibə getdi. Kiçildilmiş də olsa rəsmi məlumata görə, Ermənistanda ölənlərin və itkin düşənlərin sayı 57 nəfərdir. V.Putin birbaşa müdaxilə etmədi. D.Medvedev Avrasiya İqtisadi Birliyinin iclasının Yerevanda keçirilməsinə imkan vermədi.
Təkcə Ermənistana səfər etməli olan D.Medvedev, həm də Azərbaycana səfər etdi. Bu Rusiya ali rəhbərliyinin indiki dövrdə Azərbaycana xüsusi hörmətinin göstəricisidir. Səbəb bəllidir, Ermənistan prezidenti Rusiya prezidenti V.Putinin təklifindən iki dəfə imtina etdi: 2014-cü ilin sentyabrında V.Putin Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı Dağlıq Qarabağ tənzimləməsində Rusiyaya xüsusi statusun verilməsini təklif etdi. O zaman Azərbaycan Prezidenti İ.Əliyev V.Putinin bu təklifini qəbul etdi. S.Sarkisyan isə V.Putinin təklifini rədd etdi.
2014-cü ilin mayında Kəsab hadisələri zamanı S.Sarkisyan V.Putinin tam ermənipərəst təklifini “görmədi”. Ermənistan prezidenti S.Sarkisyan Qərblə açıq-aşkar anti-Rusiya oyununa qoşulub. Qərbin bir sıra antiRusiya addımlarının müəllifi Ermənistan prezidenti S.Sarkisyandır. S.Sarkisyan “Şərq tərəfdaşlığı” çərçivəsində Rusiya hərbi bazasını Ermənistandan çıxarılması məsələsini NATO və Aİ-də müzakirə mövzusuna çevirdi. Bunları V.Putin və D.Medvedev bilir”.
Bu fikirləri Rusiya mətbuatı haqqında deməyin mümkün olmadığını deyən politoloq bildirib ki, bütövlükdə Rusiya mətbuatı Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində obyektivlikdən uzaq durdu. “RİA Novosti” isə özünü Ermənistan dövlətinin qurumu kimi apardı:
“RİA Novosti üçün “DQR” mövcuddur. Separatçı “DQR”-ə tam informasiya və siyasi dəstək verdi. “DQR”-in Moskvada nümayəndəliyinin olduğunu bütün dünyaya “RİA Novosti” car çəkdi. Ermənistan mətbuatı Füzuli rayonunu “Varanda” adlandırmır, “RİA Novosti” Füzulini “Varanda” adlandırdı”.
“RİA Novosti”nin rəsmilərin Dağlıq Qarabağ barədə dediklərini təhrif etdiyini deyən M.Əhmədoğlu qeyd edib ki, S.Lavrovun Bakıda olarkən Dağlıq Qarabağ tənzimlənməsi barədə verdiyi bəyanatlar “RİA Novosti”də təkcə qısaldılmadı, həm də məzmunca dəyişdirildi:
“RİA Novosti” Azərbaycan Prezidentinin S.Lavrovu qəbul edərkən barışığın əldə olunmasında Rusiyanın roluna dair fikirlərini siyasi baxımdan saxtalaşdırdı. Azərbaycan Prezidenti barışığın Rusiya vasitəsilə əldə olunduğunu bildirdi. “RİA Novosti” isə bunu “həm də Rusiya kimi” təqdim etdi. Bununla da “RİA Novosti” artıq neçənci dəfədir ki, Rusiya-Azərbaycan münasibətlərini korlamaq cəhdini ortalığa qoydu. Azərbaycanın ətrafında olan dövlət və xalqlardan heç kim aşkar şəkildə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini çox arzulamır. Yalnız ermənilər Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsində maraqlıdır.
Belə alınır ki, ABŞ-ın göstərişi ilə SSRİ-ni dağıdan ermənilər indi “RİA Novosti”ni özləri üçün səngərə çeviriblər. “RİA Novosti”nin bu kontekstdə nəyə xidmət etdiyini müəyyənləşdirmək üçün onu aprelin 1-4-dək Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlərə dair yaydığı informasiyaların monitorinqini aparmaq çox zəruridir. Moskvadakı ermənilər və onların RİA Novosti kimi qurumları olmasaydı, Qərb özünü Rusiyaya qarşı bu qədər inamlı hiss etməzdi”.
1news.az