Fitch: Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin həcmi 3 milyard manatdan artıqdır
Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərinin həcmi 3 milyard manatdan artıqdır.
1news.az-ın məlumatına görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin “Azərbaycanın bank sektoru devalvasiyadan sonra” adlı hesabatında qeyd olunub.
Hesabata görə, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının 3 mlrd. manat həcmində toksik aktivləri təmizlənib. Toksik aktivlərin balansdan çıxarılması nəticəsində riskli aktivlərin həcmi də azalıb. Manatın devalvasiyasına baxmayaraq yuxarıda qeyd edilənlər bankın adekvatlıq əmsalının 12% civarında qorunub saxlanmasına imkan verib.
“Toksik aktivlərin təmizlənməsinə baxmayaraq bankın hələ də 3 mlrd. manatdan çox problemli aktivləri var. Bununla yanaşı, 2016-cı ildə baş tutması gözlənilən 500 mln. manatlıq kapital artımı ilə yanaşı əlavə olaraq problemli aktivlər də balansdan çıxarılmalıdır ki, bankın ödəmə qabiliyyətini tam olaraq bərpa etmək mümkün olsun”- deyə, Fitch-in hesabatında qeyd olunub.
1news.az