Daha bir Azərbaycan boksçusu Rio Olimpiadasına vəsiqə qazanıb
Azərbaycan yığması Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində ardıcıl dördüncü lisenziyasını qazanıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Yana Alekseyevna (60 kq), Cavid Çələbiyev (56 kq) və Lorenzo Sotomayorun (64 kq) ardınca Məhəmmədrəsul Məcidov da Rioya vəsiqəyə sahib olub.
+91 kq çəki dərəcəsində gücünü sınayan boksçumuz yarımfinalda Türkiyə təmsilçisi Aliərən Dəmirəzərlə qarşılaşıb. Rəqibi qarşısında çətinlik çəkməyən atletimiz 3:0 (30:27) hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. Bu isə həlledici görüşün nəticəsindən asılı olmayaraq, onun Braziliyaya yollanmaq yolunda “yaşıl işıq” yandırıb.
Final döyüşləri sabah keçiriləcək.
Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 38-ə, Rioya yollanacaq idmançılarımızın sayı isə 39-a çatıb.
Məcidovdan öncə Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.
1news.az