Azərbaycan I rübdə 1,4 mlrd. dollarlıq xam neft ixrac edib
Azərbaycan bu ilin yanvar-mart ayları ərzində gömrük bəyannamələri əsasında 5,437 mln. ton həcmində xam neft ixrac edib.
1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin məbləği 1,353 mlrd. ABŞ dolları təşkil edib. Bu məbləğ isə 2015-ci ilin müvafiq dövründən 48,54% azdır.
Bu ilin üç ayında Azərbaycanın ümumi ixracında xam neftin payı 76,01% olub.
Hesabat dövründə ümumilikdə sayğac göstəriciləri əsasında isə boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə 8,146 mln. ton xam neft nəql olunub ki, bu da ötən ilin müvafiq dövründən 3,2% azdır. Bu ilin I rübündə sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 6,899 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb ki, bu kəmərlə nəql olunan neftin həcmi ötən ilin müvafiq dövründən 3,3% çox olub.
Cari ilin üç ayı ərzində Bakı-Supsa kəməri ilə 1,107 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 79,957 min ton, dəmir yolu nəqliyyatı ilə 59,848 min ton xam neft ixrac olunub.
1news.az