XXXI Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb
Bu gün Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması ilə əlaqədar Yunanıstanın Peloponnes yarımadasında təntənəli mərasim keçirilib.
1news.az-ın məlumatına görə, Olimpiya məşəli ənənələrə uyğun olaraq Antik Yunanıstanda oyunlara ev sahibliyi edən Hera məbədində yandırılıb. Məşəli daşıyan ilk adam yunan atlet Eleftherios Petrounias olub.
Aprelin 27-də paytaxt Afinada təşkil olunacaq tədbirdə suriyalı qaçqınlardan biri məşəli braziliyalı daşıyıcılara təslim edəcək.
Məşəl avqustun 5-də Braziliyanın ən böyük idman arenası olan “Marakana” stadionunda alovlandırılacaq. Sonra məşəl Rio-de-Janeyro şəhərinin mərkəzinə aparılacaq və Olimpiya Oyunları başa çatanadək orada saxlanılacaq.
Olimpiya məşəli 95 gün ərzində quruda 20 min, hava ilə 16 min kilometr məsafə qət edərək Braziliyanın 329 yaşayış məntəqəsindən keçəcək. Bütövlükdə isə məşəl daşıma yürüşündə 12 min nəfər iştirak edəcək.
“Rio-2016”nın bağlanış mərasimi avqustun 21-də olacaq.
1news.az