Səhiyyə Nazirliyi: Qızılca və məxmərək qeydə alınmasa da, onlara qarşı peyvəndlər davam etdiriləcək
Bu gün Pediatriya İnstitutunda Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunmuş konfrans keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən respublikanın baş pediatrı Nəsib Quliyev ölkədə qızılca və məxmərək xəstəliklərinin ləğvinə nail olunmasını səhiyyənin uğuru kimi qiymətləndirib.
Onun sözlərinə görə, uşaqları xəstəliklərdən qorunmağın yolu onları planlı peyvəndlə əhatə etməkdən asılıdır. N.Quliyev əlavə edib ki, Azərbaycanda uşaqların 95%-i qızılca və məxmərəyə qarşı olan peyvənd olunmasaydı bu nəticə əldə oluna bilməzdi: “Ölkəmizdə bu vaxta kimi çiçək, polimelit və digər bu kimi xəstəliklərin ləğvinə nail olunub. Qızılca və məxmərəyin də ölkə daxilində eliminasiyasına nail olunması müxbət haldır. Lakin bununla kifayətlənmək olmaz. Bu xəstəliklər üzərində epidemioloji nəzarət gücləndirilməlidir. Çünki qonşu ölkələrdə bu xəstəlik geniş yayılıb və bu xəstəliyin ölkəyə keçməsi mümkündür. Ona görə də xəstəliyin Azərbaycana yenidən keçərək yayılmasının qarşısını almalıyıq”.
Səhiyyə Nazirliyinin epidemioloji nəzarət şöbəsinin əməkdaşı Nəzifə Müsəlova bildirib ki, hər hansı bir xəstəliyin ləğvi üçün profilaktikanı gücləndirmək lazımdır. Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda qızılca və məxmərəyə yoluxma halları minlərlər olub: “Hətta 2001-2002-ci illərdə 5000-5700 yoluxma hadisə baş verirdi. Çünki həmin dövrlərdə peyvənd işi yaxşı aparılmırdı. Amma sonradan ölkədə peyvənd işinin təkmilləşdiriməsi bəzi xəstliklərin ləğvinə gətirib çıxardı. Təbii ki, bu xəstəliklərin ləğvi ilə kifayətlənməməli və qabaqlayıcı tədbirlərimizi davam etdirməliyik”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova 2 xəstəliyin ləğvinə nail olunmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu nailiyyət bütün səhiyyə işçilərinin birgə fəaliyyətinin nəticəsidir.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkədəki vəziyyətlə bağlı hesabat təqdim edib. A.Əliyeva qeyd edib ki, Azərbaycanda 2013-cü ildən qızılca, 2008-ci ildən məxmərək qeydə alınmır. O bildirib ki, son illər əhali arasında immun səviyyə yüksəlib və qızılca-məxmərək xəstəliyinə yoluxma sayı azalmağa başlayıb: “Bu da ölkədə 98% uşaqların peyvəndə cəlb edilməsi ilə bağlıdır. Yalnız 2% uşaq peyvənddən kənarda qalır. Bu xəstəliklərin Azərbaycanda ləğvinə nail olunsa da, digər ölkələrdə hətta sərhəd dövlətlrədə bu xəsəliklə müqayisədə qeydə alındığından peyvəndlərin aparılması vacibdir. Ona görə də xəstəliklərin peyvəndi də davam etdiriləcək”.
1news.az