İƏT fəallaşır: İstanbul sammitinin mühüm qərarları - Newtimes.az
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti keçirilib. "Ədalət və sülh üçün birlik və həmrəylik" devizi altında baş tutan tədbirdə 56 ölkənin dövlət və hökumət başçıları, yüksək səviyyəli rəsmi şəxsləri iştirak ediblər.
Bu toplantıda bütün İslam aləmi üçün əhəmiyyəti olan qərarlar qəbul edilib. Təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün konkret təkliflər irəli sürülüb. Onların sırasında İƏT ölkələrinin ortaq polis təşkilatının yaradılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq göstərmək, Fələstinə dəstək və ümumiyyətlə, dünyanın hər hansı yerində olan müsəlmanların problemlərinin həllinə çalışmaq kimi əhəmiyyətli məqamları qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə maraqlı çıxış edib və tədbir iştirakçılarının diqqətini Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətə yönəldib. Sammitdə Azərbaycanla bağlı məsələlərə böyük diqqət yetirilib. Yekun bəyannamədə bütün bu məqamlar öz əksini tapıb. Sənəddə müsəlman dövlətləri arasında münasibətlərin daha konstruktiv müstəviyə gətirilməsi zərurəti vurğulanıb.
İslam aləmində əməkdaşlıq: yeni səviyyəyə keçid zərurəti
İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII sammiti əvvəlkilərdən xeyli fərqli oldu. Müsəlman coğrafiyasında baş verən hadisələrin tədbirin məzmununa təsir göstərməsi normal haldır. Əlavə olaraq, Türkiyə rəhbərliyi təşkilatın daha səmərəli işləməsi üçün konkret təşəbbüslər irəli sürdü. Demək olar ki, İƏT öz tarixində əhəmiyyətli bir addım atdı.
Bizim üçün xüsusi əhəmiyyət kəsb edən məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə İƏT üzvlərinin münasibəti idi.
Sammitdə təşkilatın baş katibi İyad bin Amin Mədəni bəyan edib: "Ermənistanın Dağlıq Qarabağda işğalı davam etməkdədir. Biz problemin Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı qərarlarına uyğun olaraq həllini istəyirik. Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınan sərhədlərinin və suverenliyinin bərpasının, bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsinin vacibliyini düşünürük" (bax: Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib / AZƏRTAC, 14 aprel 2016).
Bu mövqe tədbir iştirakçılarının ümumi fikrini ifadə edir. Bunu həm sammitdə çıxış edən müsəlman dövlətləri başçıları, həm də yekun bəyannamədə Dağlıq Qarabağla bağlı müddəalar təsdiq edir. Türkiyə rəsmilərinin həmin kontekstdə göstərdikləri fəallığı mütləq vurğulamaq lazımdır.
Belə ki, Türkiyənin prezidenti və baş naziri sammitdəki nitqlərində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinin alternativinin olmadığını açıq bildiriblər. Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi zərurətini qeyd edib.
Türkiyənin dövlət başçısı ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinin nəticəsində Dağlıq Qarabağ probleminin həll edilməməsini ciddi qüsur kimi qiymətləndirib. Bununla yanaşı, R.T.Ərdoğan İƏT-in məsələyə aktiv müdaxiləsinin vaxtının çatdığını, təşkilatın konkret addımları ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməli olduğunu qeyd edib.
Eyni məntiqlə baş nazir Əhməd Davudoğlu da çıxış edib. Lakin Azərbaycan məsələsinin digər beynəlxalq təşkilatlarla yanaşı, İƏT daxilində də bu dərəcədə aktuallaşmasının memarı Prezident İlham Əliyevdir. Məhz ölkə başçısının qətiyyətli, məntiqli, əsaslı və davamlı mövqeyi sayəsində İslam aləmi anladı ki, Dağlıq Qarabağ məsələsinin həlli bütün müsəlman dövlətləri üçün əhəmiyyətlidir. Prezident R.T.Ərdoğanın sammitdə vurğuladığı kimi, "dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə İslam dünyası və müsəlman ölkələridir" (bax: əvvəlki mənbəyə).
Məzhəbçilik və terrorla mübarizə: təşkilatın konkret proqramları
Prezident İlham Əliyev sammitdəki çıxışında İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədləri yüksək qiymətləndirib, eyni zamanda, Ermənistanın buna məhəl qoymadığını ifadə edib. Dövlət başçısı vurğulayıb: "Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır" (bax: Prezident İlham Əliyev İstanbulda İƏT-in XIII Sammitinin birinci sessiyasında çıxış edib / AZƏRTAC, 14 aprel 2016).
Bu fəaliyyətin nəticəsidir ki, İƏT-in XIII İstanbul sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar xarici işlər nazirləri səviyyəsində kontakt qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. Deməli, artıq təşkilat konkret fəaliyyətində Dağlıq Qarabağ probleminin ədalətli həlli məsələsini nəzərə alacaq. Həmin istiqamətdə fəallığın artması təbii olaraq münaqişəyə qlobal miqyasda münasibəti dəyişməlidir. Belə ki, ATƏT-in problemin həllində alternativsiz qurum olmaq iddiasını davam etdirməsi çox çətin olacaq.
Bunun əsas səbəblərindən biri İƏT-in, ümumiyyətlə, fəaliyyətini genişləndirməsi və yeni səviyyəyə yüksəltməsi ilə bağlıdır. Bu sırada təşkilat çərçivəsində dünyanın hər yerində müsəlmanların hüquqlarının qorunması, onlara qarşı olan haqsızlıqların aradan qaldırılması və terrora qarşı birgə mübarizə aparılması xüsusi yer tutur. Türkiyə tərəfinin təklifi ilə 56 müsəlman ölkəsinin terrorla mübarizə məqsədilə ortaq polis təşkilatı yaradılır. Bununla da dünya miqyasında müsəlman dövlətlərinin yaratdıqları təşkilatların fəaliyyəti məsələsi aktuallaşır.
Səudiyyə Ərəbistanının liderliyi ilə İslam Ordusunun formalaşdırılması və İƏT-in ortaq polis təşkilatının yaradılması müsəlmanların yaşadıqları yerlərdə problemlərinin həllində indiyə qədər fəaliyyət göstərən qurumlarla bərabər, yeni təşkilatların da fəaliyyət göstərməsini reallığa çevirmiş olur.
O cümlədən İslam ölkələri polisi Dağlıq Qarabağda da anti-terror əməliyyatları həyata keçirə bilər. İnformasiyalar yayılır ki, PKK və ASALA Azərbaycanın işğal edilmiş ərazilərində düşərgələr yaradırlar. İŞİD-lə yanaşı, bu məsələ də diqqətdən kənarda qalmamalıdır.
İƏT-in İstanbul sammitinin başqa maraqlı cəhəti müsəlmanların qarşılaşdıqları problemlərə eyni mövqedən yanaşılmasıdır. Fələstində, Dağlıq Qarabağda və başqa areallarda müsəlmanlara qarşı yaradılan hər bir çətinliklərə eyni dərəcədə ədalətli qaydada münasibət bildiriləcək və onlara qarşı tədbirlər görüləcək.
Şübhə yoxdur ki, bu cür yanaşma terrora qarşı mübarizədə faydalı olacaq. Bir sıra dairələrin radikal dini qruplar yaratmaq cəhdləri ciddi maneələrlə üzləşəcək. Bəzi xüsusi xidmət orqanlarının müsəlmanlardan öz məqsədləri üçün istifadə etmək niyyətləri artıq dalana dirənmiş olacaq.
Bu üsulla İslam aləmi üçün böyük bir bəla olan məzhəbçiliyi də arxa plana atmaq mümkündür. Türkiyə Prezidenti İstanbuldakı çıxışında açıq bildirib ki, indi müsəlman dünyasını əsasən süni şəkildə qızışdırılan məzhəbçilik parçalayır. Bu prosesin qarşısı mütləq alınmalıdır. İƏT-in üzərinə bununla bağlı böyük məsuliyyət düşür.
Doğrudan da, dünyanın böyük dövlətləri hətta diplomatik dildə belə tez-tez "şiə dövlətini dəstəkləyirik", yaxud "sünni dövləti ilə müttəfiqik" kimi ifadələr işlədirlər. Son nümunə kimi Səudiyyə Ərəbistanı ilə İran arasında olan ixtilafda süni olaraq məzhəb faktorunu şişirtməyə çalışırlar. Suriya ilə bağlı baş verən hadisələrdə də məzhəb mənsubiyyətinə görə hərəkət edən müsəlman ölkələrin olduğu görüntüsünü yaratmağa cəhd göstərirlər.
Lakin bunlar o demək deyil ki, bütövlükdə müsəlman ölkələri arasında məzhəb problemi yoxdur. Məsələ burasındadır ki, bu, bəzi hallarda özünü göstərir və İƏT-in də başlıca vəzifələrindən biri həmin vəziyyəti düzəltməkdir.
Bütün bunlardan belə nəticəyə gələ bilərik ki, İƏT təşkilat olaraq bütün İslam aləmi üçün daha geniş miqyasda işlər görməyə hazırlaşır. Onun fəaliyyət proqramları və struktur təkmilləşmələri həmin məqamlar nəzərə alınaraq aparılır. Bu bağlılıqda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində İƏT-in təsirli addımlar atacağını gözləmək olar.
Newtimes.az