Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclər fəal iştirak etməlidirlər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclər fəal iştirak etməlidirlər - FOTO

16:20 - 27 / 04 / 2016
Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclər fəal iştirak etməlidirlər - FOTO

Gənclər dünyada baş verən siyasi və iqtisadi proseslərdə fəal iştirak etməlidirlər. İnklüziv cəmiyyətin formalaşması üçün gənclərin inkişafına şərait yaradılmalı, onların layihə və təşəbbüslərinə beynəlxalq səviyyədə reaksiya verilməlidir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirlər aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu” mövzusunda keçirilən bölmə iclasında səsləndirilib.

İclasa moderatorluq edən Amerika Universitetinin beynəlxalq xidmət fakültəsinin dosenti Susan Şepler mövzunun aktuallığını qeyd edib. Bildirib ki, son illərdə dünyada sülhü hədələyən terrorizm, etnik və dini zəmində baş verən münaqişələr bəzi gənclərin radikal istiqamətdə formalaşmasına gətirib çıxarıb. Bu fakt sülhməramlı cəmiyyətin inkişafına əngəllər törədir.

Azərbaycan Respublikası Milli Məclisi gənclər komitəsinin sədri Fuad Muradov müasir dövrdə gənclərin üzləşdiyi problemlər barədə danışaraq deyib: “Ekstremizm, terrorizm sülh çağırışlarına ziddir. İyirmi ildən artıqdır Azərbaycanın ərazilərinin 20 faizi işğal altındadır. Amma biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açırıq. Dünyanın daha yaxşı olmasını istəyirik”.

Azərbaycanın öz multikultural dəyərləri, tolerantlıq mühiti ilə haqlı olaraq öyündüyünü vurğulayan F.Muradov deyib: “Çünki əsrlərdən bəri Azərbaycanda bir çox millətlərin, dinlərin nümayəndələri mehribanlıq və əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə milli, dini zəmində heç bir qarşıdurma yaşanmayıb və möhkəm əsaslara söykənən multikulturalizm mühiti mövcuddur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub saxlanılan erməni kilsəsi fəaliyyət göstərir. Təkcə elə bu fakt Azərbaycan xalqının tolerantlığının bariz göstəricisidir. Azərbaycanda bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də dövlət siyasəti həyata keçirilir. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir”.

“Ortaq zəmin axtarışında” layihəsinin əlaqələndiricisi Elin Hamdan inklüziv cəmiyyət yaratmağın kompleks məsələ olduğunu vurğulayıb. O bildirib ki, Forumun gənc liderlərə bu məsələlər üzərində işləməyə, fikir mübadiləsi aparmağa böyük köməyi olacaq. İnklüziv cəmiyyət qurmaq üçün çox çalışmaq lazımdır. Birlikdə çalışsaq insanlar üçün bərabər hüquqların təmin edilməsinə nail ola bilərik.

Liviyanın inklüziv və sosial birlik üzrə komitəsinin üzvü Ali Al Majob ölkəsində gənclərin vəziyyətindən bəhs edərək deyib: “Liviyada heç kim gözləmirdi ki, inqilab baş versin. Liviya nə Tunis, nə də Misir deyildi. Bu ölkədə iş çox idi, iqtisadi vəziyyət sabit idi. Liviya əhalisinin mühüm bir hissəsini gənclər təşkil edir. Bu amil də hadisələrdə müəyyən qədər rol oynadı”. Onun sözlərinə görə, hazırda Liviyada gənclərin həm təhsil, həm də digər sahələr üzrə inkişafı dayanıb. Liviyada gənclərin savadsız olması sabitliyin bərpasında çətinliklər yaradır. Beynəlxalq dəstək olmadan Liviyada hökumətin keçid prosesi uğurlu olmayacaq. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm.

Yeni Era təhsil və xeyriyyə fondunun icraçı direktoru Emanuel Ande İvorqba Nigeriyada təhsilin keyfiyyəti və inkişafından bəhs edib. Bildirib ki, Nigeriyada təhsilin səviyyəsi acınacaqlı vəziyyətdədir. Ən əsas problem ondadır ki, təhsil alan gənclərin məqsədi və gələcəyə dair planları yoxdur. O deyib ki, fond tərəfindən tez-tez “Kimdir və nədir səni inkişafdan geri salan?”, “Aldığın təhsilin məqsədi nədir?” mövzularında sorğular keçirilir. Son göstəricilərə görə, 600-dən çox nigeriyalı gənc kolleclərə qəbul olunub.

“Sülh yaratmaq üçün birlik” təşkilatının rəhbəri Şreya Jani siyasi manipulyasiyanın qurbanlarının məhz gənclər olduğunu qeyd edib. Onun sözlərinə görə, Deli şəhərində fəaliyyət göstərən müəmmalı dini təşkilatlar gəncləri inklüziv cəmiyyətlərdən uzaqlaşdırır. O deyib: “Bir çox sahələrdə inkişafa baxmayaraq, biz hələ də təəssüf doğuran hadisələrlə qarşılaşırıq. Mədəniyyətlərin qütbləşməsi, mədəniyyətlərarası ziddiyyətlər kimi mənfi halların qarşısının alınması ilə yanaşı, mədəniyyətlər və dinlər arasında körpü qurmaq, dialoq yaratmaq, müxtəlifliyi təbliğ etmək gənclərin əsas missiyasıdır. Gənclər mükəmməl kapitaldır”.

Dinlərarası və interkonfessional dərketmə mərkəzinin təsisçisi Taras Dzubanski dini, irqi zəmində ayrı-seçkilik və onun şərtləndirdiyi dərin kataklizm və terror dalğalarının yaratdığı narahatlıqların getdikcə artdığını diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli, fərqli dinlərin və millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti bu gün dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı bir vaxtda çox əhəmiyyətli olması ilə bərabər, dünya ölkələrinə gözəl bir örnəkdir.

İclas mövzu ətrafında müzakirələrlə davam edib.

1news.az

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər