Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 260 min manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
1news.az-ın məlumatına görə, aprelin 29-da bu istiqamətdə növbəti tədbir Tərtər rayonunda keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilib, Tərtərdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Yüz iyirmiyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Tərtər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının, 3 ulduz otelin və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 577 sahibkara 45,5 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 950-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 29,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, iri fermer təsərrüfatları, quşçuluq fabriki, cins heyvandarlıq kompleksləri, üzümçülük təsərrüfatları və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 260 min manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, pambıqçılıq, heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, indiyədək pambıqçılığın inkişafı ilə bağlı 190-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 59 milyon manata yaxın, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 170-dən çox kiçikhəcmli pambıqçılıq təsərrüfatına 2,1 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib.
1news.az