Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edib
Kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 29-da Şəmkir şəhərində Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşları qəbul edib.
1news.az-ın məlumatına görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikasının alınmasına köməklik göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, cins mal-qaranın alınması, artezian quyularının qazılması və əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Heydər Əsədov sakinlərlə görüş zamanı ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı Sərəncamları ətraflı şərh edib, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
1news.az