Mübariz Əhmədoğlu: ABŞ-ın mövqeyində ermənipərəstlikdən uzaqlaşma, Azərbaycanın mövqeyinə yaxınlaşma var - FOTO
ABŞ prezidenti Barak Obama mühüm geosiyasi təşəbbüslər istiqamətində addımlar atdı.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu son zamanlar ABŞ və Cənubi Qafqaz regionunda baş verən prosesləri şərh edərkən deyib.
“B.Obama G-5-in təşəbbüskarı rolunda çıxış etdi və Almaniyanın Hannover şəhərində ilk sammitini keçirdi. G-5-ə ABŞ və Avropanın dörd aparıcı dövləti olan Böyük Britaniya, Almaniya, Fransa və İtaliya daxildir. Bu klassik anlamda Qərb deməkdir. Diqqət çəkən məqam burasındadır ki, B.Obamanın iki dövr prezidentliyi zamanı G-7 G-8 istiqamətində möhkəmləndi. Sonra yenidən G-7-yə çevrildi. İndi isə G-5 formalaşdırılır.
B.Obama Böyük Britaniyanı ABŞ-ın bütün istiqamətlər üzrə ən yaxın müttəfiqi adlandırdı. Britaniyada səfəri zamanı bir neçə tarixi hadisəni yada saldı. B.Obama Böyük Britaniya əhalisini, xüsusilə gəncləri referendum zamanı Britaniyanı Aİ-nin tərkibində qalmağa səs verməyə çağırdı”.
Bundan əlavə, B.Obama Səudiyyə Ərəbistanına səfər etdi. Səfər zamanı Fars körfəzi regionun Ərəb dövlətlərinin başçıları ilə görüş keçirdi. Görüşdə əsasən İran mövzusu müzakirə edildi. B.Obamanın Səudiyyə Ərəbistanına səfərində üç istiqamət xüsusi diqqət çəkir:
İlk olaraq, B.Obama Misir də daxil olmaqla bütün Ərəb dünyasını bir araya gətirmək istəyirdi. Misir ABŞ-ın bu təklifini qəbul etmədi. Digər tərəfdən Səudiyyə Ərəbistanı Rusiyaya OPEK-də neftin hasilatının azalması ilə bağlı sənədə imza atacağına söz vermişdi. Səudiyyə Ərəbistanı bu vədindən imtina etdi. Və nəhayət ABŞ 2001-ci ilin 11 sentyabr hadisələrində Səudiyyə Ərəbistanının hakim ailəsinin və rəhbərliyinin təmsilçilərinin iştirakının olmadığını bildirdi. Konqresin hazırladığı hesabatda əl-Kaidənin Səudiyyə Ərəbistanı ilə əlaqəsi tam sübut olunub.
B.Obama İranla münasibətlərdə ABŞ konyunkturası üçün inqilabi hesab edilən addımlar atdı. ABŞ şirkətlərinə İranla ticari münasibətlərdə avrodan istifadə etməyə icazə verdi. Bu İran üçün çox böyük güzəştdir və eyni zamanda dolların ilk rəsmi məhdudlaşdırılmasıdır. B.Obama İrana məsləhət bildi ki, ABŞ biznesmenlərini arzulayırsa, raket sınaqlarından imtina etməlidir. Raket sınaqları biznesmenləri qorxudur. İran banklarına beynəlxalq əməliyyat üçün qoyulan maneələr aradan qaldırıldı. ABŞ İrandan 32 ton ağır su almaq barədə müqavilə imzaladı.
Bu kontekstdə İranın neft hasilatını azaltmaqla bağlı Rusiyanın təşəbbüsündən imtina etməsi, OPEK-in Doha sammitində nümayişkaranə imtinası diqqət çəkir. Səudiyyə Ərəbistanı Rusiyaya verdiyi vəddən imtina etməsini də İranla bağladı: OPEK-in bütün üzvləri Doha müqaviləsini imzalamalıdır. Düşmən olsalar da Səudiyyə Ərəbistanı İranın bu müqaviləni imzalamayacağına dəqiq əmin idi. Ehtimal ki, Səudiyyə Ərəbistanı ilə İran arasındakı bu inamın koordinatoru ABŞ idi.
B.Obama Rusiya istiqamətlərində də yumşalmanın təşəbbüskarıdır.
Ukrayna məsələsində B.Obama Rusiyanı tam günahlandırmır. NATO-Rusiya şurasının fəaliyyətə başlamasına icazə verildi. Suriyada əsir düşmüş ABŞ vətəndaşının azad olunması üçün B.Obama V.Putindən xahiş etdi. ABŞ vətəndaşı azad edildi. B.Obamanın bu mövzuda V.Putinə müraciət etməsi ABŞ siyasiləri arasında ajiotaj yaratdı. Suriya prezidenti B.Əsədin taleyi ilə bağlı ABŞ-la Rusiya arasında heç bir razılaşmanın olmadığını bildirdi.
B.Obama ABŞ-ı dünyanın bütün regionlarında baş verənlərə məsuliyyət daşıyan yeganə fövqəldövlət adlandırdı. Onun fikrincə, ABŞ yalnız müsbət prizmadan yanaşmalıdır. ABŞ KXDR-ə preventiv zərbə endirilməsini mümkün hesab edir. ABŞ Avropada nüvə aviabombaları yerləşdirmək niyyətindədir.
Ermənilərin ümummilli məsələlərdə həmrəy olması mifi puç oldu
Ermənilərin ümummilli məsələlərdə həmrəy olması mifi puç oldu. Bunu “erməni soyqırımının” 101-ci il dönümü ərəfəsində Şarl Aznavura Ermənistanda göstərilən münasibət sübut etdi. Şarl Aznavuru “Avrora” müsabiqəsinə yekun vurmaq üçün dəvət edən Ermənistan rəhbərliyi həm də Hollivud aktyoru C.Klunini dəvət etmişdi. C.Kluni “erməni soyqırımına” həsr olunmuş beynəlxalq konfransda prezident S.Sərkisyanla XİN rəhbəri E.Nalbandyanın arasında oturmuşdu. Həmin ərəfədə Şarl Aznavuru “erməni soyqırımı” barədə çəkilmiş filmin qapalı təqdimatına göndərmişlər.
Bu təqdimatda filmin rejissoru Şarl Aznavurun qızı və özündən başqa heç kim yox idi. Filmin geniş təqdimatı isə iyun ayında keçiriləcək. S.Sərkisyan Ş.Aznavurun beynəlxalq konfrans iştirakçıları qarşısında müxalif fikirlər səsləndirməsindən qorxduğu üçün görünür, bu addımı atır. Ş.Aznavur və qızı Seda Aznavur prezident S.Sərkisyandan onun korrupsionerliyindən və ədalətsizliyindən narazıdırlar. “Erməni soyqırımı” abidəsinin ziyarəti zamanı da C.Kluni Ş.Aznavura nisbətən daha ön planda idi. Ş.Aznavur Ermənistana gəlməzdən öncə Fransada prezident F.Olandla görüşüb, Dağlıq Qarabağdakı müharibəni müzakirə etmişdi. Ermənistan prezidentinin Ş.Aznavura belə münasibəti ümumerməni maraqları baxımından qəbuledilməzdir. Yüksək Kilikiya evinin başçısı I Aram “erməni soyqırımının” 101-ci ildönümünə dair tədbirlərdə iştirak etmədi.
Dördgünlük müharibədən sonra dərhal Ermənistana və oradan da Qarabağa gələn I Aram görünür gördüklərindən aldığı nəticə onu digər tədbirdə iştirakına imkan verməyib. Edvard Cerecyan Ermənistana gəldi. Onu yalnız Xİ naziri E.Nalbandyan qəbul etdi. E.Cerecyan bütün ermənilər içərisində ən yüksək vəzifəyə çatmış şəxslərdən biridir. ABŞ prezidenti C.Buşun Müsəlman dünyası üzrə köməkçisi vəzifəsində işləmişdi. E.Cerecyan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarmağı məsləhət bilmişdi. Onun fikrincə, 2014-cü ilədək ermənilər Dağlıq Qarabağ məsələsində Azərbaycanla uğurlu mübadiləyə gedə bilər. Lakin sonra Azərbaycan özü təkbaşına hər şeyi həll edəcəkdir. Onun bu proqnozu ermənilərin xoşuna gəlməmişdi. İndi E.Cerecyan Ermənistanda soyuq qarşılanır. Görünür, Ermənistan rəhbərliyini ayıltmağa gəlib. Lakin S.Sərkisyanın onunla görüşməməsi onun özünün və rəhbərlik etdiyi ölkənin dünya erməniliyi içərisində nüfuzunu xeyli zəiflədəcək.
ABŞ-ın mövqeyində ermənipərəstlikdən uzaqlaşma, Azərbaycanın mövqeyinə yaxınlaşma var
ABŞ dinamik mövqe nümayiş etdirir. ABŞ-ın mövqeyində ermənipərəstlikdən uzaqlaşma, Azərbaycanın mövqeyinə yaxınlaşma var. ABŞ heç bir şərt daxilində münaqişənin ən gərgin dövründə Ermənistanı qane edən çağırış etmədi, bəyanat vermədi. ABŞ adından ermənilərin lehinə səslənmiş bəyanatların müəllifi ənənəvi konqresmenlər və ABŞ-dakı erməni təşkilatlarıdır. Kim Kardaşyanın Dağlıq Qarabağla bağlı etdiyi müraciətin mətni də onun mənşəyi ilə əlaqəlidir. ABŞ-ın vitse-prezidenti C.Bayden Azərbaycan və Ermənistan prezidentinə çağırış etdi: Dağlıq Qarabağda tam miqyaslıtənzimləmə, sabitlik, təhlükəsizlik və hər iki ölkənin çiçəklənməsi üçün hədsiz vacibdir.
ABŞ-ın Ermənistandakı səfirliyi bir daha yada saldı ki, ABŞ-ın rəsmi şəxslərinə Dağlıq Qarabağa getmək qadağandır.
ABŞ Dövlət Departamenti bir neçə dəfə sülhə çağırışlar etdi. ABŞ-da yaşayan, Vençur investisiyalarla məşğul olan Flagship Ventureserməni milyoner Nubar Afeyan Yerevanda olarkən Azərbaycanla münasibətlərin normallaşdırılmasının zəruriliyini bildirdi. Müqayisə üçün deyək ki, onun rusiyalı dostu, milyarder R.Vardanyan isə Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi istiqamətində fəaliyyət göstərir. E.Cerecyanı da ABŞ-ın aktivləşdirdiyini ehtimal etmək olar. Dördgünlük müharibə başlayarkən Azərbaycan Prezidenti İ.Əliyev ABŞ-da idi. Bunu nəzərə alaraq ermənilər müharibənin başlanmasını İ.Əliyevin ABŞ-dan narazı qalması ilə əlaqələndirirlər. Dağlıq Qarabağ müharibəsi ABŞ-ın əlində Rusiyanın resurslarını tükədən alətdir.
RF və KTMT narazılıq fonunda müharibəyə çağırışlar artır.
Böyük bir qrup deputat və ekspertlərin fikrincə, Ermənistanın indiki gəncliyi Azərbaycana qarşı mübarizə aparmaq üçün ən yaxşı hazırlanmış gənclikdir. Müharibəyə çağırış hətta beynəlxalq donor təşkilatların qrantları hesabına Azərbaycanla dialoqda iştirak etmiş şəxsləri də əhatə edib. Bu istiqamətdə ermənilərin fikrini bir neçə qrupda təqdim etmək istəyirik. Azərbaycanın indiki rəhbərliyi vaxtı ilə ermənilərə necə yalvardığını unutmasın. Biz Bakıda çay içəcəyik və çayı bizim qarşımıza Azərbaycan rəhbərliyinin nümayəndələri gətirəcəkdir. Ermənilər yeni ərazilər işğal etməklə yeni müharibənin qarşısını ala bilərlər. Azərbaycan müharibəni Rusiyanın hesabına udub. Qəbr evinədək Azərbaycan rəhbərliyi Rusiyaya minnətdarlıq etməlidir. Erməni ordusunun uğurlu əməliyyatını Rusiyanın təkidi ilə imzalanmış atəşkəs razılaşması dayandırdı. Azərbaycan blitskriqi reallaşdıra bilmədi. Az qala blitskriq məğlubiyyətə çevriləcəkdir. Bu fikirlərin müəllifi Komandos ləqəbli A.Ter-Tadevosyan dünyada olan bütün erməni hərbçilərinə Dağlıq Qarabağa gəlməklə bağlı müraciət ünvanladı. “ASALA”-nın döyüşçüləri Dağlıq Qarabağdadır və müharibənin qızışması üçün əlindən gələni edirlər.
Rusiya ən çox tənqid olunan dövlətdir. Ermənistanda antiRusiyaçılıq kulminasiya nöqtəsindədir. Əhali Rusiyaya qarşı etiraz aksiyaları keçirir. Rusiyaya qarşı narazılığın əsas mənbəyi onun Azərbaycana silah satmasıdır. Erməni əsgərlərini öldürən rus silahıdır. (Rusiyanın digər davranışlarının, Ermənistana münasibəti barədə bu analitik materialımızın yuxarıdakı hissələrində geniş izah vermişik.)
KTMT-nin fəaliyyəti paradoksal olsa da erməniləri qane etmir. KTMT baş katibi N.Bordyuja Dağlıq Qarabağın beynəlxalq hüquqa görə, Azərbaycan ərazisi olduğunu nəhayət ki, etiraf etdi. O, bu etirafını əvvəllər etsəydi, Ermənistanda hədsiz ümid rejimi yaranmazdı. N.Bordyuja bildirdi ki, yalnız Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədlərinə hücum olacağı təqdirdə onu müdafiə edəcəkdi. KTMT-nin baş katibi N.Bordyujanın əsas tezisi Dağlıq Qarabağ münaqişəsinin bütün Qafqazı partlatmaq gücündə olmasını bildirməsidir. Bununlada o status-kvonun qorunub saxlanmasına çalışır. Bu isə ermənilərin marağına uyğundur. Dağlıq Qarabağ münaqişəsi mövzusunda təkcə Ermənistanla deyil, Qazaxıstan və Belarusda daxil olmaqla digər üzv dövlətlərlə də məsləhətləşmə aparıldığını bildirdi.
KTMT üzvü Qırğızıstanla MDB üzvü Özbəkistanın qarşıdurmasında RF MDB üzvünü dəstəklədi.
Özbəkistan prezidenti İ.Kərimov rəsmi səfərlə Moskvada oldu. V.Putin səfərin birinci günü axşam Kremldə İ.Kərimovla formal görüş keçirdi və onunla birlikdə şam yeməyi yedilər. Növbəti gün isə rəsmi görüş keçirildi. İ.Kərimov heç kimə Putinə hər şeyi deməyə icazə verilmədiyini bildirdi. Bu yalnız onun özünə (İ.Kərimov) məxsusdur. İ.Kərimov kənd təsərrüfatı məhsulları sahəsində RF üçün Türkiyəni əvəz etməyə hazır olduğunu bildirdi.
İkitərəfli münasibətlər, Mərkəzi Asiya regionundakı vəziyyət və Əfqanıstan problemi ciddi müzakirə edildi. İ.Kərimov Əfqanıstan problemini Rusiyasız həll etmək istəyənlərə sanki mesaj verdi: Coğrafiyaya baxın Rusiyanın iştirakı olmadan Əfqanıstan problemini həll etmək mümkün deyil. V.Putin Özbəkistan mallarını, o cümlədən kənd təsərrüfatı məhsullarını Rusiyaya idxalının artdığını bildirdi. Səfər ərəfəsində V.Putin Özbəkistanın RF-ə olan borcunu bağışlayan sənəd imzaladı. RF-in fikrincə 500,6 milyon əsas, 388,7 milyon dollar faizin miqdarı olan 889,3 milyon dolların borcun demək olar ki, hamısı silindi. Özbəkistan cəmi 25 milyon dollar borc ödəyəcək. Rəsmi Daşkəndin fikrincə isə Özbəkistanın RF-ə borcu 43,1 milyon dollardır. Rəsmi Daşkənd keçmiş SSRİ-nin almaz fondundan pay tələb etməyə başladı. Payının miqdarını 1-2 milyard dollar hesab edirdi. Rəsmi Daşkənd bu iddiadan da əl çəkdi.
Qırğızıstan Özbəkistanla sərhəddə süni gərginlik yarada bildi. Öz ərazisindəki Sox özbək anklavına gediş-gəlişə maneçiliklər yaratdı. Özbəkistanın bütün müraciətlərini cavabsız qoydu. Nəticədə, Özbəkistan Qırğızıstanla sərhəddə hərbi qüvvələr topladı. Rəsmi Bişkek sanki bunu gözləyirmiş. Dərhal Rusiyaya müraciət etdi və KTMT işə qoşuldu.Qırğızlar bir neçə dəfə mitinq keçirərək V.Putinin diqqətini Özbəkistanla sərhəddə yaranmış vəziyyətə yönəltmək istədilər. KTMT-nin iştirakı ilə Mərkəzi Asiya regionunda böyük hərbi toqquşma baş verə bilərdi. Özbəkistan prezidentinin Rusiyaya səfərinə razılıq verməsindən sonra vəziyyət sabitləşməyə doğru getdi. Özbəklərlə məskunlaşmış Sox anklavına gediş-gəliş asanlaşdı. Özbəkistan hərbi qüvvələrini geri çəkdi.
1news.az