“Synergy Baku”dan 2-ci dəfə mərhələ qalibiyyəti | 1news.az | Xəbərlər
İdman

“Synergy Baku”dan 2-ci dəfə mərhələ qalibiyyəti

17:43 - 06 / 05 / 2016
“Synergy Baku”dan 2-ci dəfə mərhələ qalibiyyəti

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 3-cü mərhələsi də Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün uğurlu alınıb.

1news.az-ın məlumatına görə, 2-ci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib. Bu dəfə Matey Müqerli azarkeşlərə sevinc dolu anlar yaşadıb.

Marşrutu 4 saat, 18 dəqiqə, 44 saniyəyə başa vuran Müqerli, bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə dünən olduğu kimi, yenidən Avstryianın “Felbermayr - Simplon Wels” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Birləşmiş Ərəb Əmirliklərinin “NASR-Dubai” komandasının üzvü Luka Vakerman tamamlayıb.

“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Maksim Averin 12-ci, Matiya Kvasina 20-ci, Kiril Pozdnyakov 22-ci, Yannis Tamuridis isə 30-cu olub. Bu nəticə “Synergy Baku”ya komanda hesabında 1-ci yeri qorumağa imkan verib. Ümumi təsnifata gəlincə, komanda üzvlərimizdən Maksim Averin 4-cü, Matey Müqerli 7-ci, Matiya Kvasina 12-ci, Kiril Pozdnyakov isə 13-cüdür.

3 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini Avstriyanın “Felbermayr - Simplon Wels” klubunun üzvü Daniel Şorn ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyini özündə saxlayıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.

Qeyd edək ki, kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan sabahkı yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürəcəklər və 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

1news.az

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər