SOCAR İonik-Adriatik qaz boru kəmərinin daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərəcək
SOCAR İonik-Adriatik qaz boru kəmərinin yeni yaradılmış daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərməyə dəvət olunub.
Monteneqronun iqtisadiyyat naziri Vladimir Kovariçin təşəbbüsü ilə mayın 6-da Budva şəhərində Xorvatiyanın energetika naziri Tomislav Paleniçin, Albaniyanın energetika və sənaye naziri Damian Gjiknurinin, o cümlədən də Bosniya və Herseqovinanın Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə İonik-Adriatik qaz boru kəmərinin (Ionian-Adriatic Pipeline - IAP) nazirlər səviyyəsində iclası keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı təmsil edən “SOCAR Balkan” şirkətinin baş icraçı direktoru Murad Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda müşahidəçi qismində iştirak edib. IAP-ın iclasının iştirakçıları layihənin həyata keçirilməsi ilə bağlı inkişafı nəzərdən keçirib və işlərin daha effektiv əlaqələndirilməsini təmin etmək, habelə qərarların qəbul edilməsi prosesinin səmərəliliyini artırmaq məqsədilə daimi işçi bölməsinin yaradılmasına dair razılığa gəliblər.
Nazirlər İonik-Adriatik qaz boru kəmərinin nazirlər səviyyəsində iclasının nəticələrinə dair birgə bəyanat qəbul ediblər. “Cənub Qaz Dəhlizi” çərçivəsində Azərbaycanın rolu nəzərə alınaraq, SOCAR daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərməyə dəvət olunub.