Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 445 min manat güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
1news.az-ın məlumatına görə, bu məqsədlə növbəti işgüzar forum mayın 12-də Quba rayonunun Barlı kəndində keçirilib.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qubada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, meyvə-tərəvəz emalı zavodunun, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 778 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilib ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 170,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 445 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qubada güzəştli kreditlərdən istifadə etməklə salınmış intensiv meyvə bağlarına baxış da keçirilib.
Qeyd edək ki, SKMF tərəfindən 1856 ha ərazidə 23 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılmasına 27,5 milyon manat güzəştli kredit ayrılıb.
1news.az