Azərbaycan investorları Mahaçqala və Kaspiysk arasında ticarət-logistik mərkəz tikəcəklər
Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov “Instagram” səhifəsində Bakıya səfərinin yekunlarına dair informasiya yerləşdirib.
AZƏRTAC xəbər verir ki, Dağıstan Respublikasının başçısı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, respublikanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlərini xatırlayaraq bildirib ki, Dağıstanda birgə müəssisələrin yaradılması və sərmayələrin cəlb olunması üçün çoxlu imkanlar var.
Respublikanın başçısı yazır: “Azərbaycan investorlarının cəlb edilməsi ilə respublikada həyata keçirilən layihələrdən biri Mahaçqala və Kaspiysk şəhərləri arasında 30 hektar ərazidə ticarət-logistik mərkəzin yaradılması, habelə illik istehsal həcmi 1,8 milyon ton olan “Dağıstan sement kombinatı” MMC-nin – sement zavodunun inşasıdır.
Onun sözlərinə görə, Dağıstanı maraqlandıran əsas sektorlar aqrar-sənaye kompleksi və logistik mərkəzlərin tikintisidir.
Ramazan Abdulatipov perspektivdə hidroenergetika və əlbəttə ki, turizm sahəsində layihələrin olacağını vurğulayaraq yazır ki, hazırda Azərbaycanda turistlər üçün ən yaxşı şərait yaradılıb və bu təcrübədən biz özümüzdə istifadə etmək istəyirik!
Dağıstan Respublikasının başçısı yazır: “Dağıstanın Xəzər sahillərində keyfiyyətli turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Bununla əlaqədar Azərbaycan investorlarına turizm-rekreasiya və müalicə-bərpa kompleksləri, mehmanxana və motellər tikmək təklif edilib. Bu gün artıq işlənib hazırlanmış layihələr və hazır investisiya meydançaları var”.
Ramazan Abdulatipov Azərbaycan və Dağıstan Respublikası üzrə, məsələn, MDB ölkələri və Çinin beynəlxalq “Böyük İpək Yolu” layihəsinin həyata keçirilməsi çərçivəsində birgə birbaşa turizm marşrutlarının yaradılmasını əməkdaşlıq alətlərindən biri hesab edir.
Xatırladaq ki, görüşün sonunda Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi və Azərbaycanın “Caspian İnvest Group” şirkəti arasında saziş imzalanıb.