ADNSU ilə “Halliburton” şirkəti arasında Memorandum imzalanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADNSU ilə “Halliburton” şirkəti arasında Memorandum imzalanıb – FOTO

14:55 - 16 / 05 / 2016
ADNSU ilə “Halliburton” şirkəti arasında Memorandum imzalanıb – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Halliburton şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Rendi Qilqristlə görüşüb.

1news.az-ın məlumatına görə, qonaqları salamlayan rektor M.Babanlı təhsil müəssisi haqda məlumat verərək hazırda universitetdə 27 ixtisas üzrə təqribən 9 min tələbənin təhsil aldığını, o cümlədən ali məktəbdə 15 ixtisas üzrə rus dilində, 14 ixtisas üzrə isə ingilis dilində təhsil verildiyini bildirib. Professor M.Babanlı ADNSU-nun nəzdində yaradılan Fransa - Azərbaycan Universiteti haqda məlumat verərək burada tədrisin ingilis dilində aparıldığını qeyd edib.

Tədrisin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığını söyləyən rektor hazırda sayı 57 təşkil edən texniki-texnoloji ixtisasın sayının 30-dək məhdudlaşdırılmasının nəzərdə tutulduğunu söyləyib.

“Hər bir ixtisasın özünün pasportunun hazırlanması nəzərdə tutulur və buna uyğun fənlərin sayı, dərs saatı hazırlanacaq”, - deyə M.Babanlı bildirib. O, eyniz zamanda tələbələrə paralel olaraq 2 ixtisas ala bilmələri üçün şərait yaradıldığını söyləyib. 

ABŞ-ın Corciya, Polşanın Poznan, Türkiyənin Orta Doğu Texnik Universitetləri və digər xarici ali məktəblərlə əməkdaşlıq barədə məlumat verən rektor Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrin təhsil almaq istədikləri bir ali məktəb olduğunu qeyd edib. Ötən il universitetə daxil olan 1977 nəfərdən 117 nəfərinin 600-dən yüksək, o cümlədən 28 nəfərinin 650 baldan yüksək bal topladıqlarını qeyd edən rektor universitetə orta giriş balının 436 bal olduğunu və bu göstəriciyə görə Azərbaycan ali məktəbləri arasında ADNSU-nun ön yerlədə getdiyini vurğulayıb.

Rektor M.Babanlı hazırda ADNSU qarşısında duran başlıca vəzifənin bazarda tələbat olan kvalifikasiyada kadrların hazırlanması olduğunu və bu səbəbdən “Halliburton” kimi şirkətlərlə əməkdaşlığın, tələbələrin təcrübə proqramlarında iştirakının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. “Biz əgər sizin üçün tələbə hazırlayırıqsa, sizin ehtiyaclarınızı bilməliyik ki, tələbələrə məhz tələbat olan ixtisaslar üzrə təhsil və bilik verək”, - deyə M.Babanlı qeyd edib və bunun üçün tələbələrin təcrübə keçmə imkanlarının genişləndirilməsi üçün səy göstərildiyini bildirib.

“Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi R.Qilqrist Azərbaycanda 4 ildir işlədiyini, indiyədək Afrikanın 6 ölkəsində və Almaniyada çalışdığını, lakin ən çox bəyəndiyi ölkənin Azərbaycan olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycanda işlədiyi müddət ərzində məqsədi biznesin yaxşılaşdırılması, yerli əməkdaşlara, o cümlədən partnoylarının əməkdaşlarına yeni texnologiya sarıdan biliklərinin artırılması olub.

Ötən həftə ADNSU-da geologiya sahəsində təlimin keçirildiyini xatırladan R.Qilqrist universitet tələbələrinin bilik səviyyəsinin yüksək olduğunu məmnunluqla qeyd edib.

Təhsilə xüsusi önəm verdiyini qeyd edən R.Qilqrist Halliburtonun Azərbaycan nümayəndəliyinin müxtəlif şöbələrdə çalışan əməkdaşlarının ADNSU tələbələri ilə biliklərini paylaşmağa hazır olduğunu vurğulayıb. O eyni zamanda şirkət daxilində də əməkdaşların özlərinin təhsil səviyyəsini yüksəltməsini dəstəklədiyini qeyd edib.

ADNSU və “Halliburton” şirkəti arasında əməkdaşlığın dərinləşdirilməsi barədə yekdil rəy ortaya qoyan görüş iştirakçıları mayın sonu, iyunun əvvəllərində görüşərək gələcək əməkdaşlığın detallarını müəyyənləşdirməyi qərara alıblar.

Görüşün sonunda ADNSU rektoru, professor M.Babanlı və “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi R.Qilqrist birgə elmi işlərin aparılmasını, tələbələrin “Halliburton” şirktində təcrübə keçməsini nəzərdə tutan əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

1news.az

 

Paylaş:
1407

Son xəbərlər

Bakıda kafe yanıb

Bu gün, 11:01
Bütün xəbərlər