Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı keçiriləcək

23:53 - 17 / 05 / 2016
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı keçiriləcək

Baş Prokurorluq tərəfindən vakant 100 ştat vahidi üzrə cari ildə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu mayın 31-dək davam etdiriləcək.

Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 12 iyun tarixdə saat 14:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.

Müsabiqəyə buraxılmış namizədlər 8-10 iyun tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:

- Azərbaycan Respublikasının Konstitusiyası;

- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

- “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Prokurorluğa işə qəbulla bağlı Baş Prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 492-06-82,      492-63-62, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.

1news.az

 

Paylaş:
1079

Son xəbərlər

Bütün xəbərlər