Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarması üçün Sarkisyana vaxt verilib”
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünü şərh edərkən deyib.
Xatırladaq ki, görüş ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə keçirilib.
Görüşün nəticəsi ilə bağlı fikirlərini bölüşən M.Əhmədoğlu damışıqların Azərbaycanın maraqları baxımından müsbət yekunlaşması fikrindədir. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağa və öz ictimaiyyətini azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasına hazırlamaq üçün Serj Sərkisyana vaxt verildi:
“Prezidentlərin Vyana görüşü 4 günlük müharibədən sonra ilk görüş idi. Format orijinal idi. Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı və ABŞ dövlət katibi görüşdən əvvəl prezidentlərlə ayrılıqda görüşdülər. Sonra prezidentlərin görüşü keçirildi. Görüşün təşkili formatı da siyasi məzmunlu idi. ABŞ və ATƏT rəsmiləri dəyirmi masanın başında, RF xarici işlər naziri S.Lavrov və onun müavini Q.Karasin Ermənistan, Fransanın Avrointeqrasiya məsələləri üzrə naziri A.Dezir və onun köməkçisi isə Azərbaycan nümayəndə heyəti ilə birlikdə oturmuşdular”.
Görüşlə bağlı bəzi ümumiləşdirmələr aparan politoloq hesab edir ki, dördgünlük müharibənin yaratdığı Rusiyanın siyasi aktivliyinə “yox” deyildi və bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yaxından iştirakı ilə baş tutdu.
“Atəşkəs rejiminin 1994-1995 formatı ilə bağlı deyilənlər heç bir yenilik gətirmir. 22 ildir Dağlıq Qarabağ münaqişəsi regionunda bu siyasi-hüquqi rejim hökm sürür. 2014-cü il mayın 12-də atəşkəs rejiminin 20-ci il dönümünə münasibət bildirərkən ATƏT MQ həmsədrləri yaydıqları bəyanatda Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırdılar.
Eyni zamanda Araşdırıcı missiya ilə bağlı deyilənlər də Serj Sərkisyanın arzuladığı deyil. Əvvəla, indi ATƏT-in sülhyaratma konsepsiyası dəyişib. İkincisi, Rusiya və ya ABŞ sülhməramlılarının regiona gəlməsi ideyası fonunda ATƏT-in sülhyaratma fəaliyyəti daha faydalıdır.
Digər tərəfdən, 2014-cü ildə Serj Sərkisyan itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı prezidentlərin Paris görüşünün tələbinə əməl etsə idi, indi bəlkə də dördgünlük müharibə baş verməzdi. Həmsədrlər Paris görüşünün nəticələrini inkar edən Serj Sərkisyanı ciddi cəzalandırdılar”.
Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağ mövzusunda artıq söz sahibi olmadığını deyən M.Əhmədoğlu Qarabağ klanının başçısının hiyləgərliyi ilə həmişə seçildiyini bildirib:
“Onun bu hiyləgərliyi Qarabağ məsələsinə də aiddir. 2008-ci ildə kütləvi qırğınla hakimiyyətə yenicə gələn S.Sərkisyan Azərbaycanla münasibətləri normallaşdırmağa can atdı. O dövrdə BBC-yə və digər mətbu orqanlarına verdiyi müsahibələrdə Azərbaycanı Dağlıq Qarabağa investisiya qoymağa çağırdı. Dağlıq Qarabağ ermənilərinin Azərbaycanı seçə bilməsini gündəliyə gətirdi. Bu, S.Sərkisyanın prezident olaraq hiyləgərliyinin bariz nümunəsi idi. 1 mart qırğınlarından sonra Qərblə münasibətini düzəldirdi. Eləcə də Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının məsuliyyətinin xələfi R.Köçəryanın üstünə ata bilirdi. Amma sonradan ABŞ-ın Ermənistandakı o zamankı səfiri M.Yovanoviçə arxalanaraq S.Sərkisyan haqq yolundan uzaqlaşdı.
2011-ci ildə S.Sərkisyan 5 rayonu Azərbaycana qaytarıb, Dağlıq Qarabağın statusunu yalnız Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı olmadan müəyyənləşdirmək hüququnu əldə etmək istəyirdi. O zaman S.Sərkisyan heç də az olmayan hiyləgərlikdən istifadə etmişdi.
Yeri gəlmişkən, dörd günlük müharibədən sonra ermənilərin əlində cəmi 4 rayonun qaldığını iddia etmək olar. S.Sərkisyan Gorusu da əlavə edib rayonların sayını 5-ə çatdırıb yenidən 5 rayonu Azərbaycana qaytarmağı təklif etsə, bu təklif qəbul edilə bilər”.
Dörd günlük müharibədən sonra S.Sərkisyanın manevr imkanlarının sıfıra endiyini deyən M.Əhmədoğlu Ermənistan prezidentinin çaşqınlıq içində qaldığını bildirib. O eyni zamanda keçmiş Qarabağ döyüşçülərinin Sarkisyana qarşı çıxacağını da ehtimal edir:
“D.Əsgərov və Ş.Quliyev valideynlərinin qəbirlərinə baş çəkmək üçün Kəlbəcərə getməsi ermənilərdə ciddi xof yaratdı. Erməni siyasiləri, xüsusilə hərbçiləri bu məsələni hədsiz şişirtdilər. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilər əhaliyə silah verilməsi təşəbbüsü ilə çıxış etdilər. Müdafiə naziri S.Ohanyan əhaliyə silah verilməsini dəstəklədi və prezident qarşısında məsələ qaldırdı. S.Sərkisyan bunu rədd etdi. Çünki S.Sərkisyan bilirdi ki, əhaliyə hər-hansı adla silah verilərsə, bu silah onun özünün əleyhinə çevriləcək.
Dörd günlük müharibə elə vəziyyət yaratdı ki, S.Sərkisyan keçmiş Qarabağ döyüşçülərinə silah verməyə məcbur oldu. Ona görə, S.Sərkisyan indi çaş-baş danışır. Uzun müddət beynəlxalq aləmin dinc danışıqları bərpa etmək çağırışlarına reaksiya vermədi. Hətta ATƏT MQ-ni inkar etdi. Səbəb yalnız keçmiş döyüşçülərin silahlanmasıdır. Keçmiş Qarabağ döyüşçüləri S.Sərkisyanın dövründə ən ac və müdafiəsiz təbəqə idi. İndi keçmiş Qarabağ döyüşçülərini S.Sərkisyana qarşı çıxmağa qoymayan yeganə parametr onların Azərbaycan tərəfdən müharibə gözləməsidir. Müharibə olub, uduzacaqlarsa da və ya müharibənin başlanması yubanacaqsa onlar silahlarını S.Sərkisyana qarşı çevirəcəklər.
Ermənistan prezidenti S.Sərkisyan indi özü ən köməksiz vəziyyətdədir. Hiyləsi işləmir, keçmiş Qarabağ döyüşçülərinin yığılıb qalmış problemlərini həll edə bilmir. Keçmiş Qarabağ döyüşçüləri də onun vədinə inanmırlar. S.Sərkisyanın xilas yolu Azərbaycanın müharibə etməsindədir. Bu müharibədə onun bütün düşmənləri, əli silahlı keçmiş Qarabağ döyüşçüləri ölməlidir. Buna görə, S.Sərkisyan hiyləsini işlədib müharibəyə nail olacaq”.
M.Əhmədoğlu Qarabağ kontekstində Azərbaycana yardımların edilməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirərək bu mövzunun siyasiləşdirildiyini bildirib:
“Ölkə Prezidenti yaxınlarda mühüm əhəmiyyət kəsb edən daha bir bəyanat verdi: “Azərbaycana heç kim kömək etməyib, etmir və etməyəcək. Buna ehtiyac da yoxdur”. Bu bəyanatın ilk hədəfi Dağlıq Qarabağ məsələsində bəzi dövlətlərin Azərbaycana kömək etməsi barədə cəmiyyətdə yayılan fikirlər idi. Ermənistan da həmişə çalışıb ki, Azərbaycanı Türkiyənin əlavəsi kimi təqdim etsin. Guya Azərbaycan müstəqil dövlət deyil, hər şeyi Türkiyə ilə məsləhətləşir, Türkiyənin göstərişi ilə hərəkət edir. Amma Azərbaycana kömək məsələsini ən çox siyasiləşdirən dövlət İrandır. İran həm öz mətbuatında, həm də Azərbaycanda təsiri altına saldığı mətbuatda daimi olaraq bu məsələni qabardır. Amma İranın yardım etməsi fonunda Azərbaycan torpaqlarının işğal olunması həm də İranın zəifliyinin göstəricisidir. Bu mövzuda ən son məlumat guya İranın dörd günlük müharibə zamanı D-30 qaubitsalarını Azərbaycana verməsidir. Bu “obıvatelə” hesablanmış məlumatdır:
- İran D-30 qaubitsalarını keçmiş 1982-1988-ci illərdə SSRİ-dən alıb. İranla Rusiya arasında üçüncü dövlətə satmaq barədə müqavilə yoxdur.
- Əgər İranda SSRİ-dən aldığı D-30 qaubitsaları qalmışdısa bunu aprel Qarabağ müharibəsindən əvvəl İran üçün daha vacib müharibə regionlarına verərdi.
- Dörd günlük müharibə ərzində müharibənin dayandırılması barədə İran tərəfinin 10-a yaxın çağırışı oldu. Bir tərəfdən Azərbaycana silah verən İranın sülhə çağırış etməsi nonsensdir. ABŞ-ın bu regionda guya hərbi baza yaratması ideyasını uydurub, tirajlamazdı.
- Aprelin sonunda İranın müdafiə naziri H.Dehqani Moskvada Ermənistanın müdafiə naziri S.Ohanyanla görüşüb ona hərbi-texniki yardım təklif etdi.
Dini və rəsmi Tehranın İran-Azərbaycan münasibətlərini dəyərləndirməsi çox vacibdir.
M.Əhmədpğlu dörd günlük müharibənin Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı, investisiya axını yaratdığını söyləyib. Azərbaycan ordusunun əldə etdiyi qələbənin Azərbaycan xalqı içərisində, dünya azərbaycanlıları arasında xüsusi coşqu yaratdığını deyən politoloq əlavə edib ki, aprel döyüşlərindən sonra ölkə prezidenti, Ali Baş Komandan İ.Əliyevin reytinqi 97 faizi keçdi. Müharibədən dərhal sonra Dünya Bankı 1 milyard dollar, AYİB isə 1 milyard avro TAP, TANAP layihələrinə investisiya ayırdı:
“ABŞ-ın iş adamlarından ibarət böyük nümayəndə heyəti Azərbaycan Prezidenti ilə görüşüb, investisiya qoymaq niyyətlərini açıqladılar. Bunun dalısınca Fransanın iş adamları Azərbaycan Prezidenti ilə görüşə gəlib investisiya qoymaq, birgə iqtisadi layihələr reallaşdırmaq niyyətlərini açıqladılar. ABŞ və Fransa ilə Azərbaycan arasında müəyyən iqtisadi əlaqələrin səviyyəsindən danışmaq olar. Amma Niderlandla Azərbaycan arasında bu vaxtadək heç bir ciddi iqtisadi əməkdaşlıq olmayıb. İndi Niderland rəsmiləri də Azərbaycanla birlikdə iş qurmaq, Azərbaycana investisiya qoymaq niyyətindədirlər.
İranla Azərbaycanın arasında iqtisadiyyat və nəqliyyat sahəsində birgə əməkdaşlıq layihələrinin tempi artıb. Bütün bunlar Prezident İ.Əliyevin Ali Baş Komandan statusunda Azərbaycana gətirdiyi ilk sərmayələrdir”.
Aprel döyüşləri zamanı ermənilərin informasiya müharibəsini də uduzduqlarını deyən M.Əhmədoğlu erməniləri onlara lazımi qədər dəstək verməyən rusları hətta təhqir etməkdən belə çəkinmədiklərini söyləyib:
“Rusiya mətbuatında əsas həlledici mövqenin ermənilərə məxsus olması heç kimə sirr deyil. Ermənilər faktiki Rusiya mətbuatının sahibidirlər. Bu faktora görə, nüfuzlu Rusiya saytlarında özlərini çox güclü hesab edirdilər. Hətta rusları ələ salmaqdan, təhqir etməkdən çəkinmirdilər. Cəmi bir nümunə göstərəcəyik: “Artur Baqramyan-: Bu bölgünü istəyənlər kimlərdir? siz ruslar? Bəli siz susan sürüsünüz. Həyata dözümlüsünüz, siz ruslar qəribə adamlarsınız. İndi özünüz müəyyənləşdirin: ya alt paltarla gəzin, ya da xaçı çıxarın http://www.gazeta.ru/social/news/2016/03/08/n_8342669.shtml#comments”.Dörd günlük müharibə zamanı azərbaycanlılar ermənilərə aktiv şəkildə cavablar verməyə başladılar. “RİA-Novosti” saytı aşkar informasiya müharibəsi poliqonuna çevrildi. İndi dörd günlük müharibə çoxdan başa çatıb. Amma informasiya müharibəsi meydanında azərbaycanlı iştirakçılar tək qalıblar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayılan xəbərlərin altında yalnız fiorino 79 nikli azərbaycanlının kommentləri görünür. Ara-sıra Feyzulla Həsənov da ona qoşulur. Paşa Azturlovun bu informasiya müharibəsində aktivliyi sinusoidaldır.
Azik Turksoy, vip.denis4455, R Ragimov, azeri.vh327, mh.mamedov və s. də indiki informasiya müharibəsində çox aktiv iştirak ediblər və edirlər.
Onu da qeyd edək ki, son informasiya müharibəsinin bünövrəsi kamil_mamedov_1975. nikli azərbaycanlı tərəfindən uğurla qoyuldu.
Bu azərbaycanlılar təkcə erməni yalanlarına qarşı mübarizə aparmayıb, həm də Rusiya vətəndaşlarının məlumatlanmasında mühüm rol oynadılar”.
1news.az