Britaniya mediası Qarabağ atlarının Kral Vindzor At Şousundakı çıxışını işıqlandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniya mediası Qarabağ atlarının Kral Vindzor At Şousundakı çıxışını işıqlandırıb

23:10 - 18 / 05 / 2016
Britaniya mediası Qarabağ atlarının Kral Vindzor At Şousundakı çıxışını işıqlandırıb

Xəbər verildiyi kimi, 11-15 may tarixlərində London yaxınlığındakı Vindzor qəsrinin ərazisində Kraliça II Yelizavetanın 90 illik yubileyinə həsr olunmuş Kral Vindzor At Şousunda Azərbaycanı “Qarabağ” cinsindən olan 15 atdan ibarət çaparlar komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblınln kollektivi təmsil edib. Tədbir günlərində Azərbaycanın mədəniyyət pavilyonu da fəaliyyət göstərib.

Ölkəmizin Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Vidzor Atçılıq tədbirində yüksək səviyyədə təmsil olunması, süvarilərimizin müxtəlif ekstremal hərəkətlərdən istifadə edərək nümayiş etdirdiyi möhtəşəm şou, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ atlarının məharətli çıxışı Britaniyanın nüfuzlu “The Times”, “Horse & Hound” və “Equestrian Life kimi böyük oxucu auditoriyası olan nəşrlərin diqqət mərkəzində olub. Həmçinin ITV, BBC televiziya kanallarının səhər verilişlərində və BBC News proqramlarında reportajlar yayımlanıb .

“The Times” qəzetinin 13 may tarixli nömrəsində dərc olunan məqalədə 1956-cı ildə Kraliçaya hədiyyə olunan Qarabağ atı barədə məlumat verilir. Atlar tədbir üçün ən uzaq məsafədən Azərbaycandan Rusiya, Latviya və Polşa da daxil olmaqla quru ilə on ölkədən keçərək 4660 mil (7500 km) yol qət ediblər. Bu da iki ay vaxt tələb edib. Vindzora gətirilən atların məhz Azərbaycanın milli cinsləri olduğu vurğulanır. “Equestrian Life” nəşrinin 11 may tarixli sayında dərc olunmuş “Azərbaycanın Qarabağ atları” başlıqlı məqalədə dağlıq ərazilərdə dözümlü, yumşaq temperamentli və gözəl şabalıdı rəngdə olduqlarına görə qiymətli olan Qarabağ atları Azərbaycanın milli cins heyvanları olduğu vurğulanır. Bu atlar türkmən cinsi olan Axaltəki, İran və ərəb atlarının qarışığıdır və Orta Asiya ilə əlaqəsi var.  Qarabağ regionu uzun müddət öz atlarının şöhrəti ilə tanınırdı.

Məqalədə Qarabağ atlarının tarixi keçmişinə ekskurs edilir, bu cinsin öz hazırkı xüsusiyyətlərini 18-19- cu əsrlərdə formalaşdırdığı vurğulanır. O zaman Qarabağ xanı İbrahim-Xəlilin (1763-1806) ilxılarında 3 000 – 4 000 at var idi. 19-cu əsrdən sonra bu at cinsinin şöhrəti Avropaya gedib çıxdı. 1823-cü ildə böyük satış yarmarkalarının birində İngiltərə şirkəti Qarabağ xanlığının son hökmdarı olan Mehdi-Qulu xandan 60 Qarabağ atı aldı. Mehdi-Qulu xandan sonra atların qayğısına onun qızı Xurşidbanu Natəvan qalırdı. Bir sıra uğurlardan sonra onun atları 19-cu ərsdə müxtəlif sərgilərdə ən yüksək mükafatlara layiq görülmüşdü. Təəssüf ki, elə 19-cu əsrdə də Qarabağ atlarının sayında azalmalar başladı. 1826-cı ildə Rusiya-İran müharibəsi zamanı çoxlu sayda Qarabağ atı həlak oldu. Lakin, bu cinsi qoruyub saxlamaq mümkün oldu. “Equestrian Life” nəşri daha sonra yazır ki, 1993-cü ildə hazırda erməni işğalı altında olan Ağdam şəhərindəki atçılıq fermasından yüzlərlə Qarabağ atları xilas edilməsəydi, çox güman ki, bu milli sərvət tarixə qərq olunacaqdı. 2007-ci ildə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi bu cinsin qorunması və təbliğatı üçün 15 illik plan hazırlayıb.

İxtisaslaşdırılmış “Horse & Hound” nəşrinin 15 may buraxılışında isə Kral Vindzor At Şousunda çıxış edən azərbaycanlı çaparların akrobatik şousundan və Qarabağ atlarının mükəmməl bacarıq nümayiş etdirməsindən bəhs edilir.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter sözügedən nəşrə verdiyi müsahibədə bildirib ki, biz Ülyahəzrət Kraliçanın qarşısında çıxış etmək imkanı əldə etdiyimizə görə qürur duyuruq. Bu tədbir hər iki xalqın atlara olan sevgisini göstərir və əzəmətli Qarabağ cinsindən olan atların Britaniya ictimaiyyətinə göstərmək üçün gözəl bir imkandır.

L.Zetter qeyd edib ki, bu, onların Kraliça qarşısında ilk çıxışı deyildi. 2012-ci ildə onlar büllur yubiley tədbirində iştirak etmək üçün Vindzora gəlmişdilər. Məqalədə Qarabağ atlarının çoxunun hazırda çovqan oyunu üçün istifadə olunduğu qeyd edilir. Bu, polonun qədim forması və Azərbaycanın milli idman növüdür. Bu oyunun tarixi əski zamanlara gedib çıxır və türk süvari bölmələrinin məşq proqramlarında istifadə edilirdi. Britaniyanın nüfuzlu televiziya kanalı ITV-nin “Good Morning London” verilişində Qarabağ atları, eyni zamanda, süvarilərimiz və rəqs ansamblının üzvləri ilə canlı yayım təşkil edilib. BBC kanalının səhər proqramında və BBS News-da eyni mövzuda reportaj yayımlanaraq efirə verilib.

Mövzu ilə əlaqədar oxuyun:

Qarabağ atları Londonda II Elizabetin yubileyinə həsr olunmuş şouda təmsil olunub - FOTO

Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən tədbirlər başa çatıb - FOTO

1news.az

Paylaş:
856

Son xəbərlər

Bütün xəbərlər