Ekoloji qanunvericiliyi pozanlara qarşı 116 akt və protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 may tarixlərində aparılan araşdırma nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 116 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 17 iş üzrə 22400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 3 iş üzrə 34753,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 147 iş üzrə 13351 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 7, məhkəməyə isə 5 iş göndərilib.
1news.az