Mahmud Məmməd-Quliyev: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Mahmud Məmməd-Quliyev: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir”

01:12 - 19 / 05 / 2016
Mahmud Məmməd-Quliyev: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir”

Təhlükəsizlik və demokratiya məsələsi son vaxtlar xüsusi əhəmiyyət qazanıb. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Sofiyada Avropa Şurası Nazirlər Komitəsinin 126-cı sessiyasında çıxış edərkən bildirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, M.Məmməd-Quliyevin sözlərinə görə, bu yaxınlarda Avropada törədilmiş terror aktları sübut etdi ki, terrorizm sülh və təhlükəsizliyə ciddi təhdiddir:

"Terrorizmin dəhşətlərini yaşamış bir ölkə kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və onunla mübarizə üzrə təşəbbüs və səyləri dəstəkləyir. Azərbaycan Avropa Şurasının terrorizmin qarşısının alınması üzrə Konvensiyasına qoşulan ölkələrin sayının artmasını alqışlayır. Bununla bərabər, terrorizm və ekstremizmlə mübarizə hər hansı din və mədəniyyətə yönəlməməlidir və bununla əlaqədar dözümsüzlük və islamofobiyanın artması qitədə həyəcan doğurur".

Nazir müavini vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvü olaraq, Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətini təsdiq edir.

Bölgədəki vəziyyətə toxunan M.Məmməd-Quliyev deyib ki, məhz Ermənistan Azərbaycan ərazilərini işğal edərək və kütləvi etnik təmizləmələr həyata keçirərək müharibəyə yol açmağa və Azərbaycana qarşı güc tətbiq etməyə görə tam məsuliyyət daşıyır.

O əlavə edib ki, ötən ayın 2-də Ermənistan silahlı birləşmələri cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlara, qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə ağır artilleriyalardan intensiv artəş açdı: "Ermənilərin bu atəşi nəticəsində mülki vətəndaşlar arasında ölənlər və ağır yaralananlar oldu. Yaşayış evləri, məktəblər, uşaq bağçaları və digər obyektlər dağıldı".

Nazir müavini qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə insanlar sıx məskunlaşıb, lakin Ermənistan silahlı birləşmələrinin nəzarət etdiyi ərazilərdə mülki vətəndaş yoxdur: "Buna görə də Ermənistan tərəfinin Azərbaycanı mülki şəxslərin ölümündə ittiham etməsi əsassızdır və beynəlxalq ictimaiyyəti aldatmaq və məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır. Aprelin 5-də əldə olunmuş atəşin dayandırılması haqqında sazişə baxmayaraq, Ermənistan Azərbaycanın şəhər və kəndlərini atəşə tutaraq bu razılaşmanı pozmaqda davam edir".

M.Məmməd-Quliyevin sözlərinə görə, Ermənistanın təcavüzkar fəaliyyəti nəticəsində gərginləşən vəziyyət beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir: "Biz beynəlxalq ictimaiyyyəti Ermənistanı beynəlxalq hüquq və atəşkəs rejimini kobud şəkildə pozduğuna görə qınamağa çağırırıq. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilə bilər".

Diplomat təşkilatın baş katibinin illik məruzəsinə də toxunub: "Bir sıra problemlərlə bağlı narahatlığın bildirilməsi, lakin digər məsələlərə etinasız münasibət Avropa Şurasına etimadı sarsıdır".

1news.az

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər