Şabran rayonu Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir – FOTO - VİDEO
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Şabran rayonunun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir.
1news.az-a “Azəravtoyol”dan bildirilib ki, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrindən Qalaaltı kəndinə doğru salınır.
Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə əsasən yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 metr və 3,5 metr nəzərdə tutulub.
Həmin layihə çərçivəsində 4 yol ötürücüsünün tikintisi planlaşdırılıb. Buraya həmin yolun 115-ci kilometrində yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 kilometrində mövcud Şimal İxrac Neft Boru kəməri üzərində yol ötürücüsü və 11,2 kilometrində Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağı daxildir.
Bundan başqa, 2 düzbucaqlı dəmir-beton su keçidləri, həmçinin 9 dəmir-beton suötürücü boruların tikintisi də nəzərdə tutulub.
Hazırda yolun 1-4 kilometrlik hissəsində torpaq yatağı tikilir. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrində yol qovşağı və yolun başlanğıcında yerləşən mövcud su kəməri üzərində yol ötürücüsündə tikinti işləri 70-75 faiz icra olunaraq yekunlaşdırılıb.
Yolun 6,9-cu kilometrindəki mövcud Şimal İxrac Neft Boru kəməri üzərindəki yol ötürücüsündə isə svayların beton işləri görülür.
1news.az