Bakıda Türkdilli Dövlətlərin İqtisadçı Alimlər Birliyi təsis olunacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, bu elm müəssisəsinin direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilin iclasda bir sıra məsələlər müzakirə edilib. İnstitutun elmi katibi Rəsmiyyə Abdullayeva prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə bağlı qurumun üzərinə düşən vəzifələr barədə məlumat verib. Şuranın qərarına əsasən, mərkəzi ofisi Bakıda olmaqla Türkdilli Dövlətlərin İqtisadçı Alimlər Birliyinin yaradılması ilə bağlı təşkilati məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
İclasda “Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” və “Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” monoqrafiyaları çapa tövsiyə olunub.
1news.az