İlham Əliyev “The Business Year” jurnalının baş redaktorunu və direktorunu qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “The Business Year” jurnalının baş redaktorunu və direktorunu qəbul edib - FOTO

14:20 - 25 / 05 / 2016
İlham Əliyev “The Business Year” jurnalının baş redaktorunu və direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “The Business Year” jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, “The Business Year” jurnalının baş redaktoru Leland Rays Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammitində iştirakının və çıxışının önəmini vurğuladı. O, Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dünyada gedən iqtisadi proseslərdəki rolunu qeyd etdi.

Dünya Humanitar Sammitinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Sammitin bu formatda ilk beynəlxalq humanitar tədbir olduğunu vurğulayaraq tədbirin gündəliyinin geniş sahələri əhatə etdiyini dedi. Beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən danışdı.

“The Business Year” jurnalının direktoru xanım Betül Çakaloğlu jurnalın gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi. Altı ilə yaxın bir müddətdə ölkəmiz ilə əməkdaşlıq etdiklərini vurğulayan xanım Betül Çakaloğlu jurnalın dünyanın müxtəlif qitələri və ölkələrində yaxşı əlaqələr qurduğunu dedi.

“The Business Year” jurnalının baş redaktoru Leland Rays Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə rəhbərlik etdiyi jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq gördüyünü dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Dövlətimizin başçısı “The Business Year” jurnalının “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev jurnalın baş redaktoru Leland Raysın təqdimatında Azərbaycanın həyata keçirdiyi siyasətin ən əhəmiyyətli istiqamətlərinin qeyd olunduğunu vurğulayaraq iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, multikulturalizm, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi və bu infrastruktura investisiyaların yatırılması kimi məsələlərin əldə olunmasında regional əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Regional əməkdaşlığın yalnız qarşılıqlı inama əsaslandığını deyən dövlətimizin başçısı qarşılıqlı inamın isə multikultural, dini və etnik dözümlülük kimi dəyərlərin təşviqi ilə yaradıldığını bildirdi. Bütün bu dəyərlərə görə qürur duyduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təbliğinə və ölkəmizlə bağlı həqiqətləri beynəlxalq auditoriyaya çatdırdıqlarına görə “The Business Year” jurnalına təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

 

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər