28 May - Respublika Günü Təbrizdə qeyd olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

28 May - Respublika Günü Təbrizdə qeyd olunub - FOTO

16:05 - 26 / 05 / 2016
28 May - Respublika Günü Təbrizdə qeyd olunub - FOTO

28 May - Respublika Günü Təbrizdə Azərbaycanın bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı ilə keçirilən təntənəli tədbirlə qeyd olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın və İranın dövlət himnləri səsləndikdən sonra baş konsul əvəzi Şahin Əhmədov çıxış edib.

O deyib ki, 1918-ci il mayın 28-də Azərbaycan Şərqdə ilk dəfə olaraq öz müstəqilliyini elan edib və demokratik dövlət qurub. Bu dövlət cəmi 23 ay yaşasa da tarixdə mühüm izlər buraxıb. Azərbaycan xalqı bütün dünyaya göstərib ki, müstəqil və demokratik dövlət qurub onu inkişaf etdirməyə qadirdir.

Azərbaycan-İran əlaqələrindən danışan Ş.Əhmədov bildirib ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək əlaqələri inkişaf etdirmək və xalqların maraqlarını təmin etmək qərarını veriblər. Məhz prezidentlərin siyası addımları nəticəsində bu gün münasibətlər yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər və imzalanan sənədlərin icrası iqtisadi, siyasi, mədəni əlaqələrin yaxınlaşmasına səbəb olub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti haqqında danışıb.

O, XX əsrin sonunda Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. Ulu Öndərin əsasını qoyduğu hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulanıb.

Komitə sədri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında da məlumat verərək bildirib ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi, beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək.

İranın Şərqi Azərbaycan vilayətinin valisinin müavini Səid Şəbüstəri Xiyabanı İran-Azərbaycan əlaqələrinin əhəmiyyətindən, ortaq dəyərlərimizdən söhbət açıb. O, İran tərəfinin təbriklərini Azərbaycan rəhbərliyinə və xalqına çatdırıb.

Sonra Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək Azərbaycan və İran xalqlarının ortaq tarixi və mədəniyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini və İranla dostluq münasibətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə İranın dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər