Nizami Kino Mərkəzində “Fitnə” filminin təqdimatı olub – FOTO
Nizami Kino Mərkəzində dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin təqdimatı keçirilib.
1news.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir.
Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar.
Dünyada İslam və digər dinlərdən öz siyasi məqsədləri, radikal qruplardan isə geosiyasi maraqları naminə istifadə edən qüvvələr az deyil. Təsadüfi deyil ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Biz İslam dünyasının bir hissəsiyik və İslam ölkələrində baş verən proseslər bu və ya digər dərəcədə istər-istəməz bizə təsir edir. Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikallığa və ekstremizmə qarşı məqsədyönlü mübarizə aparır. Bu məqsədlə regional konfranslar, seminarlar, görüşlər keçirilir, habelə kitab və digər materiallar nəşr edilir.
Filmdə dini radikalizmin qurbanları, habelə bu cinayətlərə görə məsuliyyətə cəlb olunanlar göstərilir.
Filmin ssenari müəllifi Nadir Bədəlov, məsləhətçilər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Siyavuş Heydərov və Gündüz İsmayılov, ekspert Milli Məclisin deputatı Elman Nəsirovdur.
1news.az