Romada Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası keçirilib - FOTO
Roma şəhərində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Beynəlxalq Konfranslar Zalında “İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyası”nın 4-cü iclası keçirilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndə heyəti iştirak edib.
Tədbirdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni, İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər və digər nazirliklərin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Komissiyanın iclasına AR energetika naziri Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova həmsədrlik edib.
Tədbiri giriş sözü ilə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni açmışdır. P.Centiloni öz çıxışında Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə etmiş, Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu vurğulamışdır. Azərbaycan və İtaliya arasında münasibətlərin son illərdə həm keyfiyyət, həm də həcm nöqteyi-nəzərdən artdığını deyən italiyalı nazir qarşılıqlı çoxsaylı səfərlər, xüsusilə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014 və 2015-ci illərdə İtaliyaya həyata keçirilmiş səfərlərinə toxunmuş, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq istəyini bəyan edərək yaxın müddətdə özünün Azərbaycana səfər edəcəyini bildirib.
İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Trans Adriatik Boru kəməri layihəsinin əhəmiyyətinə toxunun nazir P.Centiloni bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu demişdir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən italiyalı nazir Azərbaycanda italyan məhsullarına tələbatın artdığını, iki ölkə arasında müxtəlif iqtisadi sektorlarda əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir P.Centiloni növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın təmin olunması üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd edib. Mədəniyyət sahəsində İtaliya-Azərbaycan əməkdaşlığına da toxunan nazir P.Centiloni bu xüsusda Heydər Əliyev Fondunun fəaliyyətini təqdir edib. Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini deyən nazir P.Centiloni Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyinə əmin edib. P.Centiloni Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu vurğulayıb.
Komissiyanın həmsədri, energetika naziri N.Əliyev Azərbaycan və İtaliya arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb, ikitərəfli yüksək səviyyəli səfərlərin, xüsusilə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014 və 2015-ci illərdə İtaliyaya səfərlərinin, habelə 2014-cü ildə iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqda birgə bəyannamənin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın iqtisadi potensialı barədə ətraflı məlumat verən nazir N.Əliyev ölkəmizdə xarici sərmayələr üçün əlverişli iqlim, İtaliya şirkətlərinin fəaliyyəti, habelə müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar barədə danışıb. TAP layihəsinə toxunaraq onun böyük iqtisadi əhəmiyyətə malik olduğunu, bütövlükdə Cənubi Qaz Dəhlizi layihəsi üzrə 45 mlrd. ABŞ dolları investisiya nəzərdə tutulduğunu və bu layihənin bütünlükdə Avropanın enerji siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib.
O, Azərbaycanın Qədim ipək yolunun bərpası və Cənub-Şimal dəhlizi kimi strateji nəqliyyat yolları üzərində yerləşdiyini demiş, bu xüsusda ölkəmizdə həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib. Həmçinin Ermənistanın cari ilin aprel ayında Azərbaycana qarşı həyata keçirdiyi yeni hərbi təcavüzünün Azərbaycan tərəfindən lazımınca cavablandırıldığını bildirmiş, ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, lakin Ermənistanın bu kimi təxribatlarını davam etdirəcəyi təqdirdə Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün hər bir vasitədən istifadə edəcəyini deyib.
İtaliya Nazirlər Şurasının Katibi Klaudio De Vinçenti öz çıxışında İtaliya və Azərbaycan arasında əlaqələrin stabil olaraq inkişaf etdiyini və möhkəmləndiyini bildirib, öz yerləşdikləri bölgələrdə vacib əhəmiyyətə malik olan bu iki ölkənin əlaqələrini uzaqgörənlik nümunəsi kimi xarakterizə edib. Azərbaycana çoxsaylı səfərlərini də vurğulayan İtaliya hökumətinin nümayəndəsi son olaraq cari ilin fevral ayının sonunda Cənubi Qaz Dəhlizinin Məşvərət Şurasının ikinci iclasında iştirak məqsədi ilə Bakıda olduğunu deyib. Çıxışında TAP layihəsinin strateji əhəmiyyətli bir layihə olduğunu qeyd edərək, onun ətraf mühitin qorunması standartlarına tam uyğunluqla yerinə yetirilməli olduğunu və bunun prioritet məsələ olduğunu söyləyib.
Komissiyanın İtaliya tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Benedetto Della Vedova öz çıxışında ikitərəfli əlaqələrdən, Azərbaycanın İtaliya üçün əhəmiyyətindən danışıb, Azərbaycan iqtisadiyyatının diversifikasiyasının italyan şirkətləri üçün yaratdığı imkanlardan bəhs edib.
Komissiyanın iclasında hər iki ölkənin dövlət qurumlarının nümayəndələri də çıxış ediblər. Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fariz Rzayev, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə, ARDNF-nun nümayəndəsi Ziya Kəngərli çıxış edib.
İtaliya tərəfdən, habelə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Saipem, Snam, Maire Technimont kimi Azərbaycanla əməkdaşlığı olan şirkətlərin rəhbərləri, eyni zamanda SACE, SİMEST, Depozitlər və Kreditlər Fondu kimi maliyyə qurumlarının nümayəndələri də çıxış ediblər.
Komissiyanın iclasının sonunda həmsədrlər tərəfindən iclasın protokolu imzalayıb.
Komissiyanın iclası ilə yanaşı, həmin gün İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Beynəlxalq Konfranslar Zalında hər iki ölkənin aparıcı şirkətlərinin də qatıldığı Azərbaycan-İtaliya Biznes Forumu keçirilib. Biznes Forumda İtaliya və Azərbaycan tərəfdən 200-ə yaxın şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Hökumətlərarası Komissiyanın həmsədrləri AR energetika naziri Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova açıb. Biznes Forumda Azərbaycanın iqtisadi imkanları, biznes mühiti və xarici sərmayədarlar üçün ölkədə yaradılan şərait, enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində mövcud imkanlar, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə təqdimatlar keçirilib. Sonda iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib.
Həmin gün nazir Natiq Əliyevin İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, habelə İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda ilə fərdi görüşləri keçirilib. Hər iki görüşdə hökumətlərarası komissiyanın 4-cü iclasının yekunları müzakirə olunmuş, habelə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
1news.az