Luis Hamilton üçüncü test yürüşünü də qalib kimi başa vurdu
Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində üçüncü test yürüşünə yekun vurulub.
1news.az-ın məlumatına görə, yürüşdə 11 komandanın 22 pilotu iştirak edib. Belə ki, Luis Hamilton, Niko Rosberq (“Mercedes”), Sebastian Vettel, Kimi Raykkonen (“Ferrari”), Felipe Massa, Valtteri Bottas (“Williams”), Daniel Rikkiardo, Daniil Kvyat (“Red Bull Racing”), Niko Hyulkenberq, Serxio Peres (“Force İndia”), Kevin Maqnussen, Jolion Palmer (“Renualt”), Maks Verstappen, Karlos Saynz (“Toro Rosso”), Markus Eriksson, Felipe Nasr (“Sauber”), Fernando Alonso, Censon Batton (“McLaren”), Paskal Verlyayn, Rio Haryanto (“Manor”), həmçinin Romen Qrojan və Esteban Qutyerres (“Haas”) trasla tanışlıq xarakterli sərbəst yürüşdə mübarizə aparıblar.
“Mercedes” komandasının britaniyalı pilotu, üçqat dünya çempionu Luis Hamilton bu yarışı da birinci pillədə başa vurub. Yürüşün trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 44,352 saniyə olub.
L.Hamiltonun komanda yoldaşı Niko Rosberq yarışı ikinci, “Force İndia” komandasının pilotu Niko Hulkenberq isə üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, saat 17:00-da sıralama yürüşünə start veriləcək.
1news.az