Hikmət Hacıyev: “Nalbandyan yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır”
Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır.
1news.az-ın verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasını şərh edərkən deyib.
“Ermənistan xarici işlər naziri yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir. Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır. Bu isə status kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir.
Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir”- deyə, XİN rəsmisi qeyd edib.
1news.az