MSK Milli Məclisə təkrar seçkilərə yekun vurdu
Məzahir Pənahovun sədrliyi ilə iyunun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
1news.az-ın Komissiyanın media və ictimai əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, iclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər təyin edildikdən sonra seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK və aidiyyəti qurumlar tərəfindən Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb və nəzərdə tutulmuş bütün layihələr MSK-nın hazırlayıb təsdiq etdiyi təqvim planına əsasən reallaşdırılıb. MSK-nın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə demək olar ki, bütün seçki subyektlərini əhatə edən çoxsaylı maarifləndirmə tədbirləri və digər layihələr həyata keçirilib.
Təkrar seçkilərə siyasi partiyaları təmsil edən, habelə öz təşəbbüsləri ilə seçkilərə qatılan 7 nəfərin namizədliyi qeydə alınıb. Seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait və eyni imkanlar yaradılıb və seçki dairəsinin ərazisində açıq və qapalı yerlər ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyasını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.
Bütün bunlarla yanaşı seçki dairəsi üzrə bütün seçki məntəqələrini əhatə edən çoxsaylı böyük ölçülü lövhələr quraşdırılıb. Ödənişli seçkiqabağı təşviqat üçün müraciət etmiş kütləvi informasiya vasitələri tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub və bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib.
Təkrar seçkilərlə bağlı seçki gününədək daxil olmuş müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə hərtərəfli və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Seçki günü və ondan sonrakı müddətdə MSK-ya heç bir müraciət və ya şikayət daxil olmayıb.
Cari ildə Milli Məclisə keçirilmiş təkrar seçkilərdə şəffaflığın təmin olunması məqsədilə 4 beynəlxalq, həmçinin müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını təmsil edən və öz təşəbbüsləri ilə seçkilərin müşahidəsinə qatılmış 741 yerli müşahidəçi akkreditasiyadan keçib. Kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərin izlənməsində iştirak ediblər.
Ümumiyyətlə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Beynəlxalq müşahidəçilər və seçki prosesinin müşahidəsini həyata keçirən digər subyektlər təkrar seçkilərin yüksək səviyyədə təşkil edilərək Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyini və seçki günü səsvermənin gedişi və ondan sonrakı proseslərlə bağlı hər hansı pozuntuya rast gəlmədiklərini xüsusi vurğulayıblar.
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə aşkarlığın təmin olunması üçün yuxarıda qeyd olunanlarla yanaşı, seçki dairəsinin bütün ərazisi əhatə edilməklə 10 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin 25%-də) internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində məntəqələrdə səsvermə günü prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.
Səsvermə başa çatdıqdan və məntəqələr bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib və qısa müddət sonra bütün seçki məntəqələrindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri və lider namizəd haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyasına, oradan isə MSK-ya çatdırılıb.
Milli Məclisə təkrar seçkilərdə seçicilər azad şəkildə məntəqələrə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, seçki dairəsi üzrə 40 203 seçicidən 23 292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.
İclasda Milli Məclisə təkrar seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və təsdiqlənib. Komissiya üzvlərinin müzakirəsi zamanı təkrar seçkilərlə bağlı atılmış addımlar və həyata keçirilmiş layihələr seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən təqdirəlayiq hal kimi qiymətləndirilib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə təkrar seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
1news.az