"Brexit": ingilissayağı boşanma - Newtimes.az
Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi Qərbin bir sıra ciddi problemlərini daha da qabartdı. Bu hadisənin təsadüf olmadığı məlum oldu. Avropanın böyük dövlətlərinin geosiyasi maraqları üçün hər şeyə getdiklərinə şübhə yoxdur.
"Brexit" də müəyyən mənada buna olan reaksiyalardan biridir. Demokratiyadan, insan haqlarından, əməkdaşlıqdan, ədalətdən dəm vuranlar, bir anın içində başqa sima aldılar. İndi Avropanın digər böyük dövlətləri Böyük Britaniyadan tezliklə yaxa qurtarmaqdan danışır, britaniyalıların bir daha Aİ-yə qayıda bilməyəcəklərindən bəhs edirlər. Ancaq İngiltərəni İttifaqdan kənara atan geosiyasi maraqlar, ikili standartlar siyasəti qalır və deməli, dezinteqrasiya da davam edəcək. Bütövlükdə Avropanın geosiyasi, siyasi və mədəni tənəzzülü daha da güclənir. Sonrası necə ola bilər?
Böyük Britaniyanın Aİ-ni tərk etmək qərarına gəlməsinin mümkün geosiyasi nəticələri haqqında analitiklər təhlillər aparır və müxtəlif proqnozlar verirlər. Onlar bu hadisənin səbəblərinə də ayrıca diqqət yetirirlər. Bu, təsadüfi olmayıb, uzun illərdir ki, Qərb siyasi mühitində gedən proseslərin birbaşa nəticəsidir. Məsələyə daha geniş geosiyasi müstəvidə baxdıqda, "Brexit"in Qərb üçün bir çox mənada indiyə qədər müşahidə edilən neqativ hallardan daha güclü zərbə olduğunu görə bilərik.
Geosiyasi kontekstdə bunun əsas maraqlı cəhəti Böyük Britaniyanın bu addımı Avropanın müstəqil geosiyasi gücə çevrildiyi bir mərhələdə atmasındadır. Artıq bir neçə ildir ki, Berlin Aİ-nin qlobal miqyasda söz sahibi olan gücə çevrilməsi üçün ciddi fəaliyyət göstərir. İki il bundan əvvəl Münxen beynəlxalq təhlükəsizlik konfransında Almaniyanın prezidenti bu barədə açıq bildirdi. Zatən alman hakimiyyətinin atdığı addımlardan da bu məqam aydın görünür.
Doğrudur, bu vəziyyət Böyük Britaniya və Fransanı bir qədər "sıxır". Çünki onlar da tarixən qitədə söz sahibi olublar və almanlarla xüsusi "hesabları" yaddaşlarda qalır. Lakin alman iqtisadiyyatı Avropada ən güclü iqtisadiyyatdır və getdikcə İttifaqın bütün üzv dövlətlərini təsiri altına alır.
İlk baxışdan Aİ-nin dünya siyasətində aparıcı rol oynamasına xidmət edən kurs başqaları kimi, Londonu da qane etməli idi. Ancaq ekspertlər burada "ingilislərin imperiya eqosu"nun baş qaldırması qənaətindədirlər. Konkret deyilsə, Britaniyanın imperiya keçmişi və qüdrəti onun daha müstəqil, federal əməkdaşlıq hüdudlarından kənarda xüsusi imtiyazlara malik olmasını tələb edirdi. Həmin bağlılıqda ingilislər özlərini nəinki Avropada, hətta bütün dünyada belə daha üstün hesab edirlər. Reallıqda isə bu iddia Aİ-də dezinteqrasiyaya yol açdı. Çörçillin ifadəsi ilə desək, bir daha sübut olundu ki, Britaniyanın daimi dostları yox, daimi maraqları vardır. Şübhəsiz, "Brexit" həm də bu mənada geosiyasi maraq kəsb edir. Bu baxımdan "Brexit" indiki Avropada dezinteqrasiya proseslərinin təkanverici faktoru kimi qiymətləndirilə bilər.
Burada bir qədər keçmişə qayıtmağa ehtiyac vardır. Keçən əsrin 90-cı illərində, SSRİ və Varşava Müqaviləsi Təşkilatı dağılandan sonra Qərb siyasətçiləri hamıya inteqrasiya dərsi keçməyə çalışırdılar. İlk dərslərdən biri multikulturalizmlə bağlı idi. İndi aydın görünür ki, bu, daha çox pis təşkil edilmiş fakültativ kursa bənzəyirdi. Çünki başqalarına tolerantlıq, fərqli mədəniyyəti qəbul etmək və birləşmək tövsiyəsi verənlərin özləri bunu edə bilmədilər. Əvvəlcə Avropa siyasi xadimləri multikulturalizm məsələsində ardıcıl olmadılar və bunu uğursuz layihə saydılar. Sonra isə Avropanın köklü millətləri bir-biri ilə yola getmədi. "Brexit" göstərir ki, sözdə fərqli mədəniyyətlərin dialoqundan danışanlar, əməldə bir-birinin geosiyasi iddialarını heç də qəbul etmirlər. Bu səbəbdəndir ki, Sovet İttifaqının süqutundan sonra Qərb beynəlxalq aləmdə öz nüfuzunu, ona olan inamı itirməyə başlayıb və bu proses davam edir.
İş o yerə çatıb ki, ekspertlərin etirafına görə, Qərbdə və Avropada beynəlxalq hüquqa nəinki əməl olunmur, hətta ona həqarətli münasibət də göstərilir. Yaxın Şərqdə, Şərqi Avropada, Cənubi Qafqazda və başqa regionlarda müşahidə edilən hadisələr bunu tam təsdiq edir. Belə ki, Yaxın Şərqdə dinc insanlar kütləvi surətdə həlak olurlar, minlərlə insanlar öz yurdlarını tərk etmək məcburiyyətində qalırlar. Qərb isə onlara nəinki yardım edir, hüquqlarını bərpa etməyə çalışır, hətta onları adi insan belə saymır, təhqirlər yağdırır və xüsusi proqram hazırlayır ki, miqrantları qəbul etməsin. Müsəlman miqrantlar hətta siyasi liderlər səviyyəsində belə təhqir olunurlar, onların hər addımda hüquqları tapdanır, şəxsiyyətləri aşağılanır. Dövlətlərarası münasibətlər səviyyəsində də vəziyyət eynidir. Amma bir şey tamamilə aydındır ki, bütün bu prosesləri, problemləri törədən də, həll etmək, nizamlamaq istəyən də eyni dövlətlərdir.
Həmin kontekstdə Qərb və Avropa üçün ikili standartlar siyasəti normaya çevrilib. Cənubi Qafqazdakı münaqişələrə münasibətdə bunu konkret görə bilərik. Belə ki, məhz Qərb Ermənistanın təcavüzkarlığını müxtəlif üsullarla ört-basdır etməyə çalışır, separatçılara maliyyə, siyasi və iqtisadi dəstək verir, onların səfərlərini təşkil edir, sanksiyalardan qoruyur.
Beynəlxalq təşkilatlarda qəbul edilən qətnamələrə, sənədlərə belə məhəl qoyulmur. Sanki onlar yoxdur. Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri faktiki olaraq 20 ildən çoxdur ki, Ermənistanı müdafiə edirlər. Onlar işğalçını yerində oturtmaq əvəzinə, zaman-zaman Azərbaycana qarşı çirkin kampaniyalar aparırlar. Bütün dərdləri-sərləri ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməsin. Reallıq, acı da olsa, bundan ibarətdir.
Eyni zamanda, bir sıra ölkələrdə "rəngli inqilablar" adlanan və milli dövlətçiliyi dağıdan proseslərə kimlər dəstək verir? Əlbəttə, Qərbin "demokratları"! Artıq onlarla ölkə müxtəlif müdaxilələr nəticəsində tarixlərinin qarışıq mərhələsini yaşamaqdadırlar. Bütün bunlar onu göstərir ki, bu gün dünyaya nəzarət etmək iddiasında olan dövlətlərin rəhbərləri və onlara dəstək olanlar strateji aspektdə təhlükəli mövqe nümayiş etdirməkdədirlər.
Əslində, bunun konkret bir səbəbi var. Məsələ ondan ibarətdir ki, Qərbdə, o cümlədən Avropada əsas faktor kimi ədalət, obyektivlik, hüquq deyil, geosiyasi maraqlar prioritet hesab edilir. Bunu təsdiq edən minlərlə faktlar vardır. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə birbaşa geosiyasi maraqlar çərçivəsində yanaşırlar.
Belə olmasaydı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin reallaşması üçün ciddi fəaliyyət göstərərdilər. Rəsmi İrəvandan işğal etdiyi ərazilərdən dərhal çıxmasını tələb edərdilər. Necə olur, Liviyanı BMT TŞ-nin qətnaməsi qəbul edildiyi zaman bombaladılar, Suriyanı dağıtdılar, amma bir cırtdan Ermənistanı zəbt etdiyi ərazilərdən çıxara bilmirlər? Naşı adam belə bu bəhanəyə inanmaz. Çünki gerçəklik ondan ibarətdir ki, Qərb ədaləti deyil, öz geosiyasi maraqlarını əsas sayır. Hələ də bu tendensiya davam edir.
Baxın, hətta Roma Papası belə siyasətçi kimi davranır. O, işğalçı Ermənistanı ziyarət edir və dünyaya "soyqırımı" mesajını verir. Bu isə Ermənistana dəstək çağırışı etməkdir. Təsəvvür edin, on minlərlə müsəlmanın qatili, regionda terrorun mənbəyi olan bir ölkəyə din xadimi səfər edir və Allahdan onun hifz olunmasını istəyir. Bunun mənası nədir?
Roma Papası İrəvanda bəyan edir ki, xristianları sıxışdırırlar. Ancaq harada və kim edir bunu? O, "erməni soyqırımı"ndan danışır, lakin bir kəlmə olsun, erməni terrorunun qurbanlarından bəhs etmir. Xristianların Papasının yaddaşı normaldırsa, cəmi bir neçə il bundan öncə Xocalıda müsəlmanlara qarşı törədilən soyqırımını, heç olmasa, bir kəlmə ilə anardı. Əvəzində, xristian dünyasına mesaj verir ki, Cənubi Qafqazda müsəlman mədəniyyətini dağıdan separatçı ermənilərə yardım edin, onların inkişafına dəstək olun. Ümumiyyətlə, Roma Papası əsl din adamı kimi gərək qonşu dövlətin torpaqlarını işğal etmiş və minlərlə dinc insanı, o cümlədən qoca, qadın və uşaqları qətlə yetirmiş bir ölkəyə səfər etməyəydi. Etsə də, ən azından, müəyyən həqiqətləri din məsləkdaşlarına deyərdi.
O, belə etmədi. Lakin bu davranışın siyasi tərəfi olduqca düşündürücüdür – dünya katoliklərinin Papası ilə geosiyasi maraqları üstün tutan siyasətçilər arasında bir fərq olmalıdırmı?
Görünür ki, "Brexit" qanunauyğun prosesdir. Bu, Qərb siyasətinin, dünyagörüşünün, ideologiyasının uğurlu olmadığını nümayiş etdirir. Bunun da əsas səbəbi o oldu ki, son üç onillikdə yeganə lider və aparıcı qüvvə kimi Qərb-Avropa beynəlxalq münasibətlərdə, dünya ölkələrinin qarşılaşdığı proseslərdə ədalətli, konstruktiv mövqe, yanaşma ortaya qoya bilmədi. Bütün sahələrdə yalnız liderliyi təmin etməyə yönəlmiş iddiaları isə yeni dünya nizamını formalaşdırmaq üçün kifayət deyil. Unutmaq olmaz: ifrat iddialar bumeranq ola bilirlər.
Newtimes.az