Bahar Muradova: Münaqişənin həlli prosesinə təkan verilməsi üçün ATƏT-in bütün institutları bərabər və səmərəli şəkildə işləməlidir
ATƏT Parlament Assambleyasının Tbilisidə işə başlayan 25-ci sessiyası çərçivəsində iyulun 1-də qurumun daimi komitəsinin iclası keçirilib.
Büro üzvlərinin, xüsusi məruzəçilərin və nümayəndə heyətləri rəhbərlərinin iştirak etdikləri tədbirdə sessiyanın gündəliyi, görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub, məruzələr, sədrin xüsusi nümayəndələrinin hesabatları dinlənilib.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iclasda müzakirə olunan məsələlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə ətrafında müzakirələrdə çıxış edib.
Bahar Muradova jurnalistlərə müsahibəsində deyib:
“Biz Azərbaycan nümayəndə heyəti olaraq komitə iclaslarında və sessiyalarda müzakirə olunan məsələləri daim diqqətdə saxlayırıq. Azərbaycan ilə bağlı bütün məsələlərə aydınlıq gətiririk. Bugünkü komitə iclasında da ATƏT sədrinin məruzəçisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məlum aprel hadisələri barədə qısa məlumat verdi. Lakin mən komitə üzvlərinin məsələ ilə bağlı daha dolğun məlumatlandırılmasını vacib saydım və aprel hadisələrinin səbəb və nəticələri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarının bəzi detalları barədə məlumat verdim. Bildirdim ki, mövcud status-kvo Ermənistandan başqa heç kimi qane etmir. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi, problemin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir, bununla bağlı müxtəlif addımlar atır”.
Bahar Muradova atılacaq addımların ATƏT-in bütün institutları ilə bərabər səviyyədə koordinasiya olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, sülh danışıqlarının davam etdiyi bir vaxtda tərəflərin də hərəkətlərində müəyyən dəyişikliklər edilməlidir. O, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həllinə dəstək verdiyini diqqətə çatdırıb: “Mən Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdırdım və ərazilərimizin mərhələli şəkildə olsa da işğaldan azad edilməsinin tərəfdarı olduğumuzu vurğuladım. Bildirdim ki, Ermənistan tərəfi bunu da birmənalı şəkildə rədd edərək danışıqlar prosesini əngəlləyir”.
Mili Məclis sədrinin müavini bunların aradan qaldırılması, ümumi prosesə təkan verilməsi üçün ATƏT-in bütün institutlarının bərabər və səmərəli şəkildə işləməsinin vacibliyini vurğulayıb.
Bahar Muradovanın çıxışı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin ruhuna uyğun mövqe kimi dəyərləndirilib və nümayəndə heyətləri tərəfindən dəstəklənib.
Ermənistan nümayəndələri isə yenə də heç bir fakta əsaslanmayan fikirlər səsləndirib. Onların çıxışları ciddi qarşılanmayıb.
AZƏRTAC