ANAMA: Tərtər və Gəncədə top mərmiləri və raket hissələri aşkar edilib - FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 4-də bir metal anbarına, 1 fermaya, 3 əkin sahəsinə, 8 partlayış yerinə baxış keçiriblər. Nəticədə altı partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Tərtər rayonunun Çaylı kəndində 3 partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi və 122 millimetrlik iki top mərmisinin partladıcısı, Gəncə şəhərinin Kəpəz rayonunda isə metal anbarında 3 partlamamış hərbi sursat - 152 millimetrlik 1 top mərmisi və 76 millimetrlik 1 top mərmisi və OQ-9 raketinin 1 gilizi aşkarlanıb.
Ağdam rayonunun Qaradağlı kəndində üç əkin sahəsində 3 partlayış yerinə baxış zamanı partlamamış hərbi sursat aşkar olunmayıb. Burada cəmi 9 min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7–dən iyulun 4-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış olub. Nəticədə 1572 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az