Səssiz savaşlar: gizli müharibələrin böyük fəsadları - Newtimes.az
Sirr deyil ki, hazırda dünyada ümumi geosiyasi, iqtisadi və maliyyə vəziyyəti ürəkaçan deyil. Müxtəlif regionlarda aclıq, yoxsulluq, səfalət, insanların həyatlarından məhrum olması getdikcə adi hala çevrilir.
Sanki dünyanın bir qütbündə zənginlik içində ömür sürən milyonlar, digər qütbündə isə həyat uğrunda ölüm-dirim savaşı aparan milyardlar yaşayır. Analizlər göstərir ki, belə vəziyyətin yaranmasında başqa səbəblərlə yanaşı, böyük dövlətlərin apardığı səssiz savaşlar ciddi rol oynayır. Onlar həm öz aralarında, həm də inkişaf etməkdə olan ölkələrə qarşı elan edilməmiş müharibə aparırlar. Bu sırada ekspertlər daha çox ABŞ-ın adını çəkirlər. Konkret faktlar göstərir ki, Vaşinqton hətta ən yaxın müttəfiq hesab etdiyi dövlətlərə qarşı belə diktə siyasəti həyata keçirir. Nəticədə, dünyanın müxtəlif regionlarında kifayət qədər ziddiyyətli vəziyyət yaranır. Bu proseslər bəşəriyyəti haraya aparır?
Siyasətdə dostluq: marginal meyarlar məngənəsi
Müharibə bütün formaları ilə qəbuledilməzdir. Lakin savaşlar insanlarla eyni vaxtda "doğulublar". Müharibələr həmişə olub, var və olacaq. Tarixən dəyişən yalnız müharibələrin formasıdır. Bir zamanlar ən primitiv silahlarla dava edən insanlar, sonra "barıtı" kəşf edib daha çox qan tökdülər. Ondan sonrakı mərhələdə enerjidən xeyli səmərəli istifadə etməklə kütləvi qırğın silahları yaradıldı. Bununla müharibələrin miqyası və məzmunu da yeniləşdi. Müasir tarixi mərhələdə isə "müharibə etmək məharəti" görünməmiş səviyyəyə yüksəlib. İndi top-tüfəngli müharibədən çox, "səssiz-sədasız" savaşlara üstünlük verilir.
Bu müharibə üsulunun "üstünlüyü" ondadır ki, tərəflərin dava etdiyi konkret məkan-zaman – klassik mənada müharibə meydanı yoxdur. Ölkələr bir-birinə açıq savaş da elan etmirlər. Əksinə, özlərini yaxın müttəfiq kimi aparırlar. Hətta müəyyən zamanlarda "ümumi düşmənə" qarşı birgə planlar da qurur, onlara bombalar yağdırırlar. Pərdə arxasında isə həmin "yaxın müttəfiqlər" arasında amansız və səssiz müharibə gedir.
Ekspertlər yazırlar ki, ABŞ üçün Şimali Koreyadan çox, Cənubi Koreya problemdir! İlk baxışdan paradoksal və əsassız bir fikirdir. Çünki Vaşinqton daim Seulu açıqda dəstəkləyir, ona hərbi yardım edir, özünün yaxın müttəfiqi sayır. Hətta NATO Cənubi Koreyanı Şimali Koreyanın hücumlarından qorumuşdu. Ancaq mütəxəssislər məsələnin başqa tərəfinə də diqqət yetirirlər. Onlar hesab edirlər ki, Şimali Koreya yeni silahlar yaratmasına baxmayaraq, elə də qorxulu rəqib deyil. Onun başçısı qətiyyətli olsa da, addımları məlumdur və strateji düşüncədən məhrumdur. Pxenyanın kütləvi qırğın silahları var, lakin müasir mərhələdə inkişafı təmin edən texnologiyası yox dərəcəsindədir. Belə ölkə Amerikaya rəqib ola bilməz.
Cənubi Koreya isə yeni texnologiyalar sahəsində ciddi irəliləyişə nail olmuş ölkədir. Bu, Qərb üçün təhlükəlidir. Çünki yeni texnologiyalar dövlətin və cəmiyyətin strateji sabit inkişafını təmin edə bilər. Onda liderlik ambisiyası zərər görmüş olur (bax: Cemil Ertem. İlan edilmemiş bir savaş! / "Milliyet", 9 iyun 2016).
Ancaq Koreya məsələsi sadəcə bir kiçik misaldır. Ekspertlər Amerika ilə Avropa arasında ciddi ziddiyyətlərdən bəhs edirlər. Bunun müxtəlif təzahürləri vardır. Onların sırasında bir çoxlarının böyük ümid bəslədiyi Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) haqqında müqavilə ayrıca yer tutur. Son zamanlar Avropanın bəzi təşkilatları bu sazişin baş tutmayacağını qeyd edirlər.
Səbəb isə ondan ibarətdir ki, "Qrinpis" təşkilatı həmin sənədin gizli tərəfləri haqqında məlumat verib. Onlardan aydın olur ki, Vaşinqton sənədə Brüsselə təzyiq etməyə imkan verən bir sıra maddələr daxil edib. Onlara görə, Amerika avropalı istehlakçıların hüquqlarını poza bilər! (bax: məs., Andrew Griffin. TTIP leaked documents could spell the end of controversial trade deal, say campaigners / "The Independent", 2 may 2016).
Bu barədə "War on Want" təşkilatının icraçı direktoru John Hilary və "Global Justice Now"nun fəalı Guy Taylor fikir bildiriblər. Onlar TTİP üzrə danışıqların bağlı qapılar arxasında "sürüşkən şərtlər" əsasında aparıldığını deyiblər (bax: əvvəlki mənbəyə). Bu səbəbdən avropalıların əksəriyyəti onun reallaşmasının əleyhinədir. Maraqlıdır ki, Vaşinqton TTİP-də diktə edən tərəf olduğunu gizlətmir. Məsələn, Barak Obama Konqresə müraciət edərək bu sazişi təsdiqləməyin lazım olduğunu bəyan edib.
Tabeçilik prinsipi: Vaşinqton "tutduğunu buraxmır"
Əsas arqument kimi isə onu göstərib ki, "...Amerika nəinki öz payından məhrum olmalı, hətta qaydaları belə diktə etməlidir" (bax:President Obama: The TPP would let America, not China, lead the way on global trade / "The Washington Post", 2 may 2016).
Ekspertləri təəccübləndirən odur ki, sözdə ən yaxın və strateji müttəfiqlər hesab edilən ABŞ-Aİ münasibətlərində "yeraltı qayalar" az deyilmiş. TTİP kimi geniş və uzunmüddətli bir layihədə Vaşinqtonun məqsədi dominantlıqdırsa, onda bu, səssiz savaşın ən bariz nümunəsidir. Analitiklər bu kontekstdə Böyük Britaniyanın Aİ-dən çıxmaq arzusu ilə bağlı maraqlı fikirlər ifadə edirlər.
Belə ki, onlar Londonun, təşkilatda qalıb-qalmamağa dair referendumun nəticəsinin necə olacağından asılı olmayaraq, Avropa İttifaqının dağılma prosesini başlatdığını yazırlar (bax: Cemil Ertem.İlan edilmemiş bir savaş! / "Milliyet", 9 iyun 2016). İngiltərə təşkilatdaxili böhrandan xilas olmağa çalışır. Faktiki olaraq o, Avropa ölkələrinin problemlərinə ortaq olmaq istəmir. Deyilənlər Aİ-də münasibətlərin heç də təqdim edildiyi kimi "isti" olmadığını göstərir.
Bu variant Amerikanı qane edir. Hətta müəyyən mənada Londonun Aİ-dən çıxmasını təşviq edir. Avropa İttifaqı həmin halda xeyli zəifləmiş olur və qlobal miqyasda ABŞ-la rəqabət apara bilmir. Təbii ki, belə olan halda Vaşinqton Aİ-yə öz şərtlərini diktə edə bilir. Ən əsası isə yenidən dünya gücü olmağa hazırlaşan Almaniyanın qarşısına ciddi sədd çəkir. Bununla yanaşı, məsələnin başqa tərəfi də vardır. Məsələ ondan ibarətdir ki, Avropanın böyük dövlətləri Çinlə birgə güclü beynəlxalq miqyaslı bank qururlar. O cümlədən Böyük Britaniya və Almaniya həmin banka xeyli sərmayə qoyurlar.
Vaşinqtonu daha çox Londonun bu hərəkəti qıcıqlandırıb. Belə ki, B.Obama bəyan edib ki, Çinin dünya miqyasında iqtisadi-maliyyə diktatorluğuna imkan verilməməlidir. Təşəbbüs Qərbdən gəlməlidir (bax: President Obama: The TPP would let America, not China, lead the way on global trade / "The Washington Post", 2 may 2016).
Səssiz savaşların sərhədi bununla bitmir. Amerika əsas olaraq inkişaf etməkdə olan ölkələrə qarşı addımlar atır. Braziliya, Argentina, Türkiyə kimi dövlətlərin sürətli inkişafını əngəlləmək üçün müxtəlif çətinliklər yaradılır. Mütəxəssislər bu aspektdə terrordan, separatçılıqdan, "rəngli inqilablar" ssenarisi üzrə qiyamlardan və gizli maliyyə təxribatlarından istifadə olunduğunu vurğulayırlar. Bir sıra ölkələrdə maliyyə bazarlarının böhran içində olması onun əlamətləri sayılır.
Bunlar geosiyasi kontekstdə maraqlı nəticələr çıxarmağa əsas verir. Hər şeydən əvvəl, müasir mərhələdə böyük dövlətlərin müxtəlif üsullarla öz dominantlıqlarını təmin etməyə çalışdıqları məlum olur. Bunun üçün onlar hətta gizli müharibə üsullarına belə əl atırlar. Xüsusilə Amerika açıqca bütün planlarını liderliyi təmin etmək üzərində qurduğunu deyir. Digər faktorlarla yanaşı, bu cür davranışın ciddi fəsadlarından biri qlobal miqyasda sabitliyi və iqtisadi inkişafı təmin etmək məsələsinin dalana dirənməsindən ibarətdir. Belə olan halda müxtəlif regionlarda münaqişələr, anarxiya, yoxsulluq, silahlı toqquşmalar, narkotik maddələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq kimi halların qarşısını almaq mümkün olmur. Bütövlükdə dünyada sabitlik və rifahın yüksəldilməsi böyük çətinliklərlə üzləşir.
Onda bəyan edilən və qlobal inkişafla bağlı olan proqramların əhəmiyyəti nədən ibarətdir? Bu halda dünyanın etibarlı təhlükəsizliyini necə təmin etmək olar? Güzəştsiz səssiz savaşların davam etdiyi bir dövrdə bu suallara da cavab axtarmaq zəruridir. Reallıq isə belədir ki, dünya getdikcə daha mürəkkəb vəziyyətə düşür.
Newtimes.az