Kriştianu Ronaldunun çıxışı Portuqaliya yığmasını Avro-2016-nın çempionu etdi - VİDEO - FOTO
Avropa çempionatının final oyunu çərçivəsində birinci taymdan sonra fasilədə matçın 25-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Kriştianu Ronaldunun “inanılmaz” çıxışı Portuqaliya yığmasına Fransa üzərində qalib gəlməyə böyük təkan verdi.
1news.az-ın espnfc-yə verdiyi məlumata əsasən, bu haqda Portuqaliya yığmasının sağ cinah müdafiəçisi Sedcrik Soarez etiraf edib.
Onun sözlərinə görə, Ronaldunun matçın əvvəlində zədələnərək meydanı tərk etməsindən sözün əsl mənasında şok keçirən yığma, sonra elə Kriştianunun sözləri ilə ruhlanaraq əzmli oyun göstərdi.
“Çox çətin an idi. Mən, bütün yığma şok içində idik. Fasilədə Kriştianu bizə inanılmaz sözlər dedi. O, “mənə qulaq asın uşaqlar, mən əminəm ki qalib gələcəyik, odur ki birlik göstərin və mübarizə aparın” deyərək bizi ruhlandırdı. Bu həqiqətən də inanılmaz idi. Düşünürəm ki, bütün yığma inanılmaz ruh yüksəkliyi yaşayırdı. Və biz göstərdik ki, hamı birləşərək mübarizə aparanda qat-qat güclənirsən. Ronalduya gəldikdə isə, o, meydanı belə erkən tərk etdiyi üçün məyus deyildi. Əksinə, fantastik əhval-ruhiyyədə idi. Onun yanaşması heyrətamiz idi. O bütün komandaya həddindən çox kömək edib”, - deyə futbolçu əlavə edib.
Soarezin sözlərinə görə, ikinci taymın və əlavə olunmuş vaxtın əksəriyyətini Ronaldu effektiv menecer kimi özünü göstərərək, ehtiyyat skamyasından oyunçulara göstərişlər verirdi.
“Bəli, o oyunun hər anında, hər futbolçu üçün inanılmaz sözlər deyirdi. Mən doğrudanda xoşbəxtəm ki, bu komandanın hissəsi və çempion oldum”, - deyə futbolçu vurğulayıb.
Xatırladaq ki, Portuqaliya yığması Ederin 109-cu dəqiqədə uzaq məsafədən vurduğu sərrast zərbə ilə Fransaya qalib gələrək 2016-cı ilin futbol üzrə çempionu oldu.
Oyun boyu Kriştianu Ronaldu yığmanın baş məşqçisi ilə birgə oyunçulara təlimat verib və bir çox anlarda emosiyalarını saxlaya bilməyib.
1news.az