Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Daniel Kristian Çiobanunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
1news.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olundu.
Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. Son illər iki ölkə arasında ticarət dövriyyəsinin artımından məmnunluq ifadə olunan görüşdə, iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olundu.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açan nazir Elmar Məmmədyarov, sözügedən layihələrin Xəzər və Qara dəniz hövzələri arasında bağlantıların artmasına əsaslı töhfə verəcəyini bildirdi.
Elmar Məmmədyarov, həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığının inkişafında rolunu xüsusi qeyd etdi.
Daniel Kristian Çiobanu ölkəsinin hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdırdı. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa toxunaraq 19 iyul tarixində Bakıda ARDNŞ və Rumıniyanın Transgaz şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasını qeyd etdi.
Nazir Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair mövqeyinin təqdir edildiyini diqqətə çatdırdı.
Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Elmar Məmmədyarov ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan siyasi dialoqun və dostluğun inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin rekord həddə artması, mədəni-humanitar əlaqələrin təşviqi istiqamətində və NATO-nun əlaqələndirici səfiri statusunda həyata keçirdiyi uğurlu fəaliyyətə səfir Daniel Kristiana minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.
1news.az