Cənubi Qafqazda geosiyasi risklər: mənbəyi və aradan qaldırılması problemi – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Cənubi Qafqazda geosiyasi risklər: mənbəyi və aradan qaldırılması problemi – Newtimes.az

20:24 - 26 / 07 / 2016
Cənubi Qafqazda geosiyasi risklər: mənbəyi və aradan qaldırılması problemi – Newtimes.az

Mütəxəssislər dünyanın müxtəlif regionlarında mövcud olan geosiyasi riskləri tədqiq edir, onların olduqca aktual olduğunu daim vurğulayır, bu müstəvidə risklərlə təhlükə və təhdidlərin qarşılıqlı əlaqəsinə böyük diqqət yetirirlər. Nəzəri cəhətdən müəyyən edilib ki, təhlükələrin təhdidə çevrilməsi ilə geosiyasi risklərin meydana gəlməsi arasında sıx bağlılıq vardır.

Bu çərçivədə Cənubi Qafqazda əsas təhlükə mənbəyinin nədən ibarət olduğu və onun geosiyasi risk faktoruna necə təsir etdiyi nəzəri və təcrübi maraq doğurur. Araşdırmalar göstərir ki, bu region üçün əsas təhlükə Ermənistandır. Konkret olaraq onun təcavüzkar siyasəti geosiyasi təhdidlər yaradır və bölgədə risklər əmələ gətirir. Bu zaman region üçün paradoksal bir məqam özünü göstərir – Ermənistan milli dövlət ola-ola regionda milli dövlətçiliyə ciddi təhlükə və risk mənbəyi olaraq qalır. Bunun hansı mümkün nəticələri ola bilər?

Nəzəri baxış: risk faktorunun müxtəlif aspektləri

Bütün hallarda cəmiyyət, dövlət, regionlar və bəşəriyyət üçün təhlükə başqa faktorlarla yanaşı, subyektlərin məqsəd və planları ilə də əlaqəlidir. Həmin bağlılıqda təhlükə və təhdidlərlə bərabər, müasir geosiyasi proseslər üçün olduqca xarakterik olan "risk" anlayışının nəzərə alınmasına ehtiyac açıq hiss edilir. Bu terminin, ümumiyyətlə, mənşəyi qeyri-müəyyəndir. XX əsrin böyük sosioloqlarından Niklas Luman, görünür, bu səbəbdən yazır ki, "elmi iddialara cavab verə biləcək risk anlayışı yoxdur" (bax: Луман Н. Понятие риска / "Thesis", 1994, № 5, s. 135-160). Onu deyək ki, riski elmi cəhətdən araşdıran müəlliflərin əksəriyyəti N.Lumanla razılaşırlar (bax: məs., Риск, неопределенность, случайность / "Thesis", 1994, № 5, 288 s.).

Buna baxmayaraq, tədqiqatçılar bu anlayışın təhlükə və təhdidlərlə qarşılıqlı əlaqədə öyrənilməsinə xüsusi diqqət yetirirlər. O cümlədən geosiyasi proseslərin xarakteristikasında son dövrlərdə risk faktoru önəmli yer tutur. Robert Kates və Jan Kasperson riski "gözlənilməz təhlükə" anlayışı ilə bağlayırlar. Onlar yazırlar: "Belə deyək ki, təhlükə insanlar üçün təhdiddir... risk isə təhlükənin ölçüsüdür" (bax: Kasperson J.X., Kates R.W. Comparative Risk Analysis of Technological Hazards (A Review), Proceedings of the National Academy of Sciences, U.S.A. 1983. 80, pp. 7027-7038).

Bunun risk haqqında birtərəfli təsəvvür olduğunu deyən alimlər vardır. Lakin burada əsas olanı tərifin dolğunluğu deyil, risklə təhlükə arasındakı əlaqənin elmi təqdimatıdır. Bu baxımdan risk təhlükənin ölçüsüdürsə, onda təhdid bu ölçünün xarakteristikalarından biridir. Həmin aspektdə risk geosiyasi kontekstdə mövcud sistemə vurula biləcək zərər ölçüsü ilə əlaqəli qəbul edilə bilər.

Bunun mənbəyi isə N.Lumana görə, bir tərəfdən, qərar qəbul etmə zamanı qeyri-müəyyənliklərin olması, digər tərəfdən isə daim ətraf mühitdən gözlənilməz təsir ehtimalı ilə bağlıdır. Belə çıxır ki, "özündə təhlükə elementi daşıyan qərarlar risklidir" (bax: Луман Н. Понятие риска / "Thesis", 1994, № 5, s. 150). Yaxud "risk elə gələcək zərərin özüdür" (bax: əvvəlki mənbəyə).

Hazırda mütəxəssislər risk anlayışının bütövlükdə cəmiyyətin bütün sahələrinə sirayət etdiyi qənaətindədirlər. Hətta tanınmış alman alimi Ulrix Bek hesab edir ki, postindustrial cəmiyyətdən risk cəmiyyətinə keçid baş verir (bax: Beck U. Risk Society, Towards a New Modernity. London: Sage Publications, 1992, 260 pp.). Bu, bütövlükdə müasir insanın həyatında riskin başlıca yer tutduğuna işarədir. U.Bek genetik, kimyəvi, ekoloji, nüvə təhlükələrindən söz açır (bax: əvvəlki mənbəyə, s.167). Onları müasir cəmiyyətin sosial-mədəni, siyasi və iqtisadi özəllikləri ilə bağlayır. Nəticədə, cəmiyyətdəki və ümumən bəşəriyyətdəki risklərin həm də geosiyasi çalar kəsb etdiyi aydınlaşır.

Bu kontekstdə maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, geosiyasi risklər bir çıx faktorları özündə birləşdirir. Onların sırasında dövlətin xarici təcavüzə məruz qalması riskini, ölkədaxili riskləri, siyasi riskləri və dövlətin öz maraqlarını beynəlxalq aləmdə müdafiə etmək qabiliyyətinin azalmasını göstərmək olar (bax: Глущенко В.В. Управление рисками. Страхование. Железнодорожный, М.О., ТОО НПЦ "Крылья", 1999, 336 с.). Belə çıxır ki, geosiyasi risklərdə strateji aspekt vardır və onların zərəri qlobal xarakter daşıya bilər. Onlar həm də "fors-major" kateqoriyasına aid edilə bilərlər.

Bu məqam geosiyasi risklərin idarə edilməsi məsələsini aktuallaşdırır. Bu keyfiyyətdə BMT, ATƏT, DTT kimi təşkilatların həm də riskləri idarə etmək üçün vacib olması nəticəsini hasil etmiş oluruq. Deməli, bu kimi təşkilatların fəaliyyətinin səmərəliliyi dünya miqyasında geosiyasi risklərin proqnozlaşdırılmasında, onların təsirinin azaldılmasında və sabit inkişafın təmin edilməsində ciddi rol oynaya bilər. Bundan başqa, geosiyasi risklərin idarə edilməsinə siyasi partiyalar, etnoslar, diasporlar, milli elitalar yardım göstərə bilərlər.

Cənubi Qafqaz: təhlükə qaynaqları və onların idarə edilməsi

Aydın görünür ki, geosiyasi risklərin aradan qaldırılmasında həm konkret ölkə, həm də beynəlxalq ictimaiyyət məsuliyyət daşıyırlar. Onlar fəaliyyətləri ilə bu qəbildən olan riskləri meydana gətirə və ya artıra bilərlər. Eyni zamanda, həmin faktorların təsirlərini zəiflədərlər. Bu məqam regional miqyasda özünü göstərən risklərdə də əhəmiyyətli dərəcədə özünü büruzə verir. O cümlədən Cənubi Qafqazda hazırda müşahidə edilən geosiyasi risklərin neytrallaşdırılması aspektində bu məsələ aktuallıq kəsb edir.

Sovet İttifaqının çökməsi ilə Cənubi Qafqazda geosiyasi risklərin artması müşahidə edildi. Burada iki səviyyədə təhlükəli təsirlərin olduğunu vurğulamaq lazımdır. Onlardan əsası qlobal təhlükəsizlik sisteminin həmin dövrdə faktiki olaraq dağılmasından qaynaqlanırdı. Belə ki, uzun illər ikiqütblü dünyada beynəlxalq münasibətlərin tənzimlənməsinə yönəlmiş mexanizmlər sosialist düşərgəsinin məhv olması ilə əvvəlki səmərəliliyini itirdi. Nəticədə, yeni tənzimləmə mexanizmləri meydana gəlmədiyindən müxtəlif regionlarda sabitliyə təhlükələr artdı. İkinci qisim risklər bu məqamlardan ilham alan regional destruktiv qüvvələrin fəaliyyəti əsasında real təhdidlərə çevrildi. Həmin rolu Cənubi Qafqazda Ermənistan oynamağa başladı.

Bununla da keçən əsrin 90-cı illərində regionda geosiyasi balans pozuldu. Ermənistan qonşu dövlətin ərazisinə, mədəniyyətinə, iqtisadiyyatına, siyasi quruluşuna, cəmiyyətin demoqrafik və mədəni sahələrinə təcavüz etməklə regional səviyyədə geosiyasi risklərin təhdid və təhlükələrlə vəhdət təşkil etməsinə əsas verdi. Çünki təcavüzkarlıq birbaşa təhlükənin təhdidə çevrilməsi vasitəsidir və həmin aspektdə insanın və regional sistemin mövcudluğuna böyük riskdir.

Bunu təsdiq edən faktor isə təcavüz nəticəsində dövlətlərarası münaqişənin yaranmasıdır. Hazırda Ermənistanın təcavüzkarlığı nəinki region ölkələri arasında ziddiyyətlər meydana gətirib, hətta böyük dövlətlər bu səbəbdən kifayət qədər ciddi anlaşılmazlıqlar girdabına düşüblər. Bu aspektdə ABŞ-Rusiya, Aİ-Rusiya, Fransa-Rusiya, Türkiyə-Rusiya və İran-Türkiyə münasibətləri mürəkkəb məqamlarla müşayiət olunmaqdadır. Belə görünür ki, Cənubi Qafqaz regionunda geosiyasi risklərin özəyində əsasən bir faktor dayanır – Ermənistanın qonşu dövlətlərə münasibətdə aqressiv siyasət yeritməsi. Bəs bunu necə aradan qaldırmaq olar?

Təcrübə göstərir ki, regional miqyasda geosiyasi riskləri böyük dövlətlərin birgə səyi olmadan tam neytrallaşdırmaq imkansızdır. Bunun səbəbi müasir tarixi mərhələdə geosiyasi proseslərin bütövlükdə bir-birinə sıx bağlılığındadır. Konkret olaraq Cənubi Qafqaz üçün Ermənistanın geosiyasi risk faktoruna çevrilməsi böyük dövlətlərin ona havadarlıq etməsi ilə bağlıdır. Əgər bu cür dəstək olmasaydı, Ermənistan Azərbaycanın bir qarış torpağını belə işğal edə bilməzdi. Bunun əyani təsdiqlərindən biri keçən əsrin 90-cı illərində Moskvada üsyançıların müvəqqəti qalib gəlməsi ilə ("QKÇP" hadisəsi) İrəvanın Dağlıq Qarabağla bağlı iddialarından dərhal imtina etməsini göstərmək olar. Yəni həmin dövrdə kənardan erməni separatçılara dəstək olmasaydı, onların regionda uzunmüddətli risk faktoru kimi varlığı mümkün olmazdı.

Deyilənlərdən belə bir nəticə çıxara bilərik ki, Cənubi Qafqazda geosiyasi risklərin neytrallaşdırılması, yaxud xeyli zəiflədilməsi məsələsi qlobal siyasətin reallıqlarıdır. Bu da özlüyündə bölgədə milli dövlətçiliyi təhlükə altına alan faktorların hələlik qaldığını təsdiqləyir. Paradoks ondadır ki, özünü müstəqil dövlət adlandıran Ermənistan reallıqda regionda milli dövlətlərin məhv edilməsi riskinin qaynağına çevrilib.

Bu keyfiyyətdə Cənubi Qafqazdakı geosiyasi risklərin hamısının məhz bu ölkənin varlığı şərtlərində cəmləşdiyi qənaətini əldə edə bilərik. Özlüyündə bu, çox təhlükəli risklərin mövcudluğundan xəbər verir, eyni zamanda, beynəlxalq aləmin onun aradan qaldırılması üçün xüsusi yanaşmanı hazırlamalı olduğunu da göstərir. Supergüclərin bu istiqamətdə səmərəli çalışmadığı göz önündədir və bu mənada onların da fəaliyyəti əlavə risk mənbəyi kimi qəbul oluna bilər. Konkret deyilsə, Cənubi Qafqazda geosiyasi risklər problem olaraq dərindir və geniş əhatəlidir. Bölgə xalqlarının bundan böyük ziyanlar görməsinə təminat isə yox dərəcəsindədir.

Newtimes.az

Paylaş:
526

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər