Azərbaycan tankçıları “Tank biatlonu” yarışlarında iştirak edir
Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən “Tank biatlonu" yarışlarına qatılıblar.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər.
“Fərdi sürücülük” mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 km olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır.
Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tankəleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edirlər.
Hər atəş mərhələsində şərti düşmənin tank, helikopter və tankəleyhinə heyətlərinin hədəfləri məhv edilməlidir.
Tank heyətlərinin ümumi nəticələri cərimə balları da nəzərə alınmaqla məsafəni qətetmə vaxtı ilə birgə hesablanır. “Fərdi sürücülük” mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla “Estafet” mərhələsində iştirak etmək hüququ qazanacaq.
1news.az