Bəhruz Müslümov: Falçıların qurbanı olan şəxslər aldadıldıqlarını bacardıqları qədər hər kəsdən gizlətməyə çalışırlar
Falçılıq sahəsində vəziyyəti müəyyən etmək olduqca çətindir. Çünki bu qəbildən işbazların əməllərinə düçar olmuş şəxslər çox az hallarda bu əməlləri etiraf edir və aldadıldıqlarını bacardıqları qədər hər kəsdən gizlətməyə çalışırlar.
1news.az-ın məlumatına görə, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini-mətbuat katibi Bəhruz Müslümov deyib.
“Dələduzluq yolu ilə özgəsinin əmlakını 100 manata qədər talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu cür əməllərdə əsas problem əməlin latent (qapalı) olmasıdır.
Belə ki, zərərçəkmiş şəxs ya aldadılması faktını, ümumiyyətlə, qəbul etmir, qəbul etdiyi təqdirdə isə ictimai qınaqdan çəkinərək müvafiq qurumlara şikayət etmir. Nəticədə bu cür işbazların hərəkət arealı genişlənir və zərərçəkmişlərin sayı artır. Şikayətin çox sadə prosedur qaydası var ki, dələduzluğa məruz qalmış şəxslər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yazılı, şifahi və elektron formada müraciət edə bilirlər. Hər bir halda, burada zərərçəkmiş şəxs şikayətdən çəkinməməlidir. Bu növ şəxslərə qarşı mülki qaydada iddianın verilməsi də istisna edilmir”- deyə, Komitə rəsmisi qeyd edib.
1news.az