Zaqatalada əcnəbi futbolçu məşq zamanı ölüb
“Zaqatala” futbol klubunun oyunçusu məşq zamanı ölüb.
1news.az –ın APA-ya istinadən verdiyi məlumata əsasən, bu gün saat 19-30 radələrində futbol klubunun Nigeriyadan olan, Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.
Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
Faktı klubun prezidenti Musa Qurbanov apasport.az saytına təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.
"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm" - deyə, Qurbanov bildirib.
Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
Faktla bağlı araşdırma aparılır.
1news.az