Ermənistanda KTMT Müdafiə Nazirləri Şurasının iclası keçirilir
Ermənistan paytaxtı Yerevanda avqustun 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Müdafiə Nazirləri Şurasının növbəti yığıncağı işə başlayır.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, Qazaxıstan müdafiə naziri İmanqali Tasmaqambetov, Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargah rəisi Raimberdi Duyşenbiyev, Tacikistan müdafiə nazirinin müavini Abduxoşim Qulomzoda, Belarus müdafiə naziri Andrey Ravkov və KTMT baş katibi Nikolay Bordyuja bazar ertəsindən Ermənistan paytaxtında toplaşıblar.
Çərşənbə axşamı onlara müdafiə naziri ordu generalı Sergey Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyəti qatılıb.
Sergey Şoyqu Ermənistana Bakıdan gedib. Rusiya müdafiə naziri avqustun 14-dən ikigünlük səfərlə Azərbaycan paytaxtında olub, Azərbaycan hərbi-siyasi rəhbərliyi ilə danışıqlar keçirib.
1news.az