Azərbaycan nümayəndə heyəti Rio-de-Janeyroda ölkəmizin adını daşıyan bələdiyyə məktəbində olub – FOTO
Avqustun 16-da gənclər və idman naziri Azad Rəhimov və ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində olublar.
1news.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, şəhər bələdiyyəsinin üzvü Joao Ribaş parlamentə təklif verərək məktəbə Azərbaycan adının verilməsini təklif edib. Bu təklif parlamentdə böyük səs çoxluğu ilə qəbul olunub. Həmin təhsil müəssisəsi artıq səkkiz aydır Azərbaycanın adını daşıyır.
Məktəbin üçmərtəbəli binasında 26 otaq var. Burada V-XI siniflərdə 700-dən artıq şagird təhsil alır. Sinif otaqlarında Azərbaycana dair kitablar, ölkəmizə həsr olunmuş rəsm müsabiqəsi ilə əlaqədar çəkilən rəsmlər, müxtəlif vəsaitlər şagirdlərə təqdim edilir. Məktəbdə fiziki qüsurlu uşaqlar üçün ayrıca sinif otağı var. Həmin otaqda bu qəbildən uşaqlar üçün xüsusi dərslər keçirilir, onların əl işləri təqdim olunur.
Təhsil müəssisəsinin direktoru Fabio Minioni Azərbaycanın təbliğində, gənc nəslin ölkəmizi daha yaxşı tanımasında bu məktəbin önəmini qeyd edib.
Məktəblə tanışlıqdan sonra səfir Elnur Sultanov Heydər Əliyev Fondunun hədiyyələrini təhsil müəssisəsinə təqdim edib.
Azad Rəhimov isə ötən il Bakıda keçirilən birinci Avropa Oyunları, habelə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı xatirə hədiyyələrini məktəbin rəhbərliyinə təqdim edib.
Qeyd edək ki, ümumiyyətlə Braziliyada təhsil müəssisələrinə nadir hallarda hər hansı ölkənin adı verilir.
1news.az