Liderlik iddiaları və BMT: islahatlar qarşısındakı əsas əngəl – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Liderlik iddiaları və BMT: islahatlar qarşısındakı əsas əngəl – Newtimes.az

15:59 - 25 / 08 / 2016
Liderlik iddiaları və BMT: islahatlar qarşısındakı əsas əngəl – Newtimes.az

Hazırda qlobal səviyyədə müşahidə edilən bir sıra ədalətsizliklərin səbəbi barədə mütəxəssislər analizlər aparır, müxtəlif faktorlara diqqəti çəkirlər. Onların hər biri əhəmiyyətlidir. Lakin, nədənsə, mütəxəssislər bir vacib məqamı – böyük dövlətlərin liderlik iddialarından əl çəkmədiklərini vurğulamırlar.

Sanki bu, təbii tələbatdır. Reallıq isə ondan ibarətdir ki, keçən əsrin ikinci yarısından başlayaraq supergüclərin liderlik ambisiyaları ciddi geosiyasi problemlərə gətirib çıxarıb və onların həllində Birləşmiş Millətlər Təşkilatı (BMT) acizdir. Nəzəri araşdırmalara görə, ümumiyyətlə, bu kimi məsələlərdə BMT-nin qərarlarının səmərəli olması üçün, ilk növbədə, dünya liderliyi iddialarından imtina edilməlidir. Bu barədə düşünən supergüc varmı? Mütəxəssislərin fikirləri nədən ibarətdir?

Milli təhlükəsizlik: liderlik iddiası və ədalətli mövqe kontekstində

Məlumdur ki, tarixi dövrün dəyişməsi ilə təhlükəsizlik sistemi də yeniləşir. Bu o deməkdir ki, qlobal təhlükəsizlik daim stabil qalan məzmun və formaya malik deyil. O cümlədən onun struktur-funksional özəllikləri də müntəzəm olaraq yeni çalarlar kəsb edir. Təhlükəsizlik sistemi dinamik olub tarixi mahiyyət daşıyırsa, ona təkamüldə olan açıq və mürəkkəb sistem kimi baxa bilərik. Bu keyfiyyətdə qlobal təhlükəsizliyin struktur və funksional xüsusiyyətləri ilə onun sistemli fəaliyyəti arasında sıx bağlılığın olması qənaətinə gəlmək olar.

Həmin kontekstdə yeni təhlükələr və təhdidlərin meydana gəlməsi qlobal təhlükəsizlik sistemində ciddi struktur-funksional, dəyər və fəaliyyət dəyişikliklərinin yaranmasına səbəb ola bilir. Müasir dövrün çağırışları fonunda bu tezisin əhəmiyyətini dərk etmək mümkündür. İndi yeni təhlükə və təhdidlər bütövlükdə dünyanın geosiyasi nizamının yeniləşməsi və təhlükəsizlik sisteminin radikal dəyişikliklərə uğramasının əsas səbəblərindən biri hesab edilir [1].

Buraya yeni silah növlərinin yaradılmasını da əlavə etmək gərəkdir. Məlumdur ki, hazırda böyük dövlətlər sürətlə daha təkmil silahlar yaradırlar. Onların kütləvi qırğın və dağıntı imkanları genişlənir. Kütləvi qırğın törədə biləcək silahlar daha mükəmməl olur. Artıq dünyanın istənilən nöqtəsini dəqiq vurmaq qabiliyyətinə malik silahlar mövcuddur. Yer kürəsi hərbi inkişaf və informasiya texnologiyaları sayəsində "çox kiçilib". Bütün bunlar yeni təhlükəsizlik paradiqmasının və praktikada tətbiq edilə bilən təhlükəsizlik sisteminin formalaşdırılmasına ehtiyac yaradır. Müasir mərhələdə qlobal təhlükəsizliklə bağlı qarşıda dayanan əsas nəzəri vəzifə məhz bundan ibarətdir.

Qeyd etmək lazımdır ki, dünyanın aparıcı analitikləri yeni dünya nizamının formalaşması prosesi kontekstində təhlükəsizlik paradiqmasının da yeniləşməsi zərurətini daim vurğulayırlar. Bu istiqamətdə tədqiqatı aktual edən əsas faktor da bundan ibarətdir. Çünki hələlik nə nəzəri olaraq təkmil təhlükəsizlik paradiqması mövcuddur, nə də onun əsasında yaradılmış, praktiki tətbiqə hazır təhlükəsizlik sistemi tamamlanmışdır.

Nümunə kimi amerikalı professor Kristofer Fettvaysın bir fikrini göstərə bilərik. Tüleyn Universitetinin professoru yazır: "Müasir mərhələyə adekvat yanaşa bilməmək qüsuru yalnız KİV üçün deyil, eyni zamanda Qərb siyasətçiləri üçün də xarakterikdir. Amerikan strateji dairələri artıq 25 ildir ki, yeni zamanın ruhunu anlamaq və onu dərk etmək üzərində baş sındırırlar. Biz hələ gələcək fəaliyyət üçün məntiqi fəaliyyət planından danışmırıq..." [2, s.43]. Müəllifin fikrincə, bu cür situasiya qlobal strategiya hazırlamağa mane olur və dünya xaosa doğru bir addım da yaxınlaşır.

Bəzi tədqiqatçılar isə ümumi mənzərəni daha qorxulu təsvir etməyə çalışırlar. Onların əsas arqumenti ondan ibarətdir ki, İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Qərbin nəzarəti altında olmayan dünya nizamı formalaşa bilər. Onun aparıcı qüvvəsi Rusiya-Çin əməkdaşlığıdır. Bunu isə Qərbdə "dünyanın parçalanması" kimi qiymətləndirirlər. Yəni əgər ABŞ-a alternativ lider formalaşsa və bir neçə sürətlə inkişaf edən ölkələrin geosiyasi təsir dairəsi genişlənsə, onda dünya qeyri-müəyyənlik ilə üzləşə bilər [3].

Daha əyani mənzərə yaratmaq üçün hazırda nəzəri olaraq mövcud olan bir sıra problemləri qeyd edək. Burada insan, cəmiyyət, dövlət, regionlar və bəşəriyyətin təhlükəsizliyində özünü göstərən dilemmanın mövcudluğunu vurğulamaq olar. Bunun səbəbi müxtəlif səviyyələrdə daim dəyişən dəyərlər və idealların mövcudluğudur. Qlobal təhlükəsizliyə daha çox təsir göstərən dövlətlərin, cəmiyyətlərin daxili və xarici mühitlərinin dəyərlərinin dəyişməsi, onlar arasında müəyyən ziddiyyətlərin yaranmasıdır. Siyasi aspektdə bu, başqa faktorlarla yanaşı, dövlətin xarici siyasətində hansı dəyərlərə üstünlük verilməsi, fəaliyyət istiqamətlərinin prioritetləri kimi məqamlarla əlaqəlidir. Bu səbəbdən böyük dövlətlərin təhlükəsizlik strategiyasının yuxarıda vurğulanan dilemmanın meydana gəlməsinə birbaşa təsiri olur.

Məsələn, ABŞ-ın milli təhlükəsizlik strategiyasının əsas ideyası Amerikanın dünyaya liderliyinin təmin edilməsidir. Amma onun başqa dövlətlərdən iqtisadi və hərbi üstünlüyü olmadan qlobal amerikan təhlükəsizliyi təmin edilə bilməz. Buna görə də ABŞ-ın milli təhlükəsizlik sistemində dövlətin rolunun gücləndirilməsi əsas məqsəd kimi götürülür. Aydın görünür ki, burada təhlükəsizlik, əsasən, "fərdi təhlükəsizlik-dövlətin təhlükəsizliyi-beynəlxalq təhlükəsizlik" kontekstində diqqətə alınır. Həm də bu sxemdə fərd "öz təhlükəsizliyi məsələsinin böyük bir hissəsini dövlətə etibar edir" [4].

Lakin bu, Qərb sivilizasiyası üçün vacib olan fərdin azadlığı və təhlükəsizliyinin getdikcə daha çox dövlətdən asılı olmasına gətirib çıxarır ki, bu da liberal cəmiyyətdə dəyərlərin paradoksu deməkdir. Vəziyyət informasiya texnologiyaları və texniki sistemlərin yeni növlərinin meydana gəlməsi fonunda daha da mürəkkəbləşir. Çünki bu faktorlar son nəticədə cəmiyyətdə total asılılıq yaradır ki, bu da insan azadlığı məsələsini xeyli ziddiyyətli edir. İnsanlar kütləvi surətdə texnoloji faktorların təsiri altına düşür, nəzarətsiz informasiya axınına məruz qalırlar.

Bütün bunların fonunda ABŞ-ın milli təhlükəsizlik strategiyasının kökündə duran əsas ziddiyyətin bir dövlətin dünyaya liderlik iddiasının birbaşa qlobal təhlükəsizlik şərti ilə bağlı olduğu görünür. Çünki bu iddia, əslində, qlobal təhlükəsizlik paradiqmasına bir məhdudlaşdırıcı şərt qoyur. Bu, Amerikanın liderliyinin təminidir. Müəyyən mənada bu, qlobal təhlükəsizliyin bir dövlətin liderliyinə xidmət etməsi anlamına gəlir. Avtomatik olaraq başqa böyük dövlətlərdən buna etirazlar olmalıdır. Hansı səbəblərə görə bütün dünyanın təhlükəsizliyində bir ölkənin liderliyi aparıcı parametr rolunu oynamalıdır? Başqa sözlə, burada qlobal təhlükəsizlik obyektiv meyarlara deyil, konkret bir dövlətin subyektiv istəklərinə bağlanmış olur.

Şübhəsiz ki, XXI əsrin geosiyasi reallıqları, ümumiyyətlə, bir dövlətin dünya liderliyi arzusu ilə bir araya sığmır. Bu məqam bütövlükdə təhlükəsizliyin təmini məsələsində ziddiyyətlərə yol açır. Onun müxtəlif təzahürləri özünü göstərməkdədir. O cümlədən dünya ağalığı istəyi ilə beynəlxalq təşkilatların fəaliyyəti arasında paradoksal vəziyyət müşahidə edilir. Konkret desək, dünya liderliyi ambisiyası beynəlxalq təşkilatlarda ədalətli qərarların qəbul edilməsinə və hüquqi tənzimləmə mexanizmlərinin tam işləməsinə ciddi əngəl törədir.

Maraqlıdır ki, bu barədə mütəxəssislər çox az danışırlar. Əslində isə, böyük dövlətlərin beynəlxalq məsələlərə münasibəti dəyişməyincə Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təsisatlarda real islahatların aparılması mümkün deyil. Bu sırada dünyaya ağalıq iddiasından imtina ilkin addım olmalıdır. Bir neçə konkret misalla bunu təsdiq etmək olar.

Yaxın Şərq, Cənubi Qafqaz və Şərqi Avropadakı geosiyasi problemlər niyə həll edilmir? Analitiklər və ekspertlər çoxlu səbəblər göstərirlər. Onların hamısının öz yeri və rolu vardır. Ancaq burada dünya liderliyi ambisiyasında olan ölkələrin maraqlarının toqquşması daha çox diqqət yetirilməli məqamdır. Məsələn, BMT-nin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsinin yerinə yetirilməməsində Təhlükəsizlik Şurası (TŞ) üzvlərinin məsuliyyəti böyükdür.

Daha çox ABŞ-ın qətiyyətsiz mövqeyi ucbatından həmin tələbə əməl olunmur. Vaşinqton İraq, Liviya, yaxud Suriya ilə bağlı qəbul edilən sənədlərin dərhal həyata keçməsində israr edir, lakin Ermənistan məsələsində xeyli yumşaq davranır, "məsləhət verir", "kimlərisə məsuliyyətli olmağa" dəvət edir və s. Fransa, Rusiya və Çin də eyni cür davranırlar. Deməli, belə hərəkətlərin arxasında liderlik ambisiyasından yaranan korporativ maraqlar dayanır.

Amerikalı mütəxəssis, Vudro Vilson adına Beynəlxalq Mərkəzin Kennan İnstitutunun elmi əməkdaşı Jozef Drezen "sanksiya tətbiqinin ABŞ-ın dövlət siyasəti olduğunu" xüsusi vurğulayır. Onlar düzgün tətbiq ediləndə yüksək effekt verə bilir. Lakin bir sıra hallarda "mənasız sanksiyalar" ortaya atılır ki, bu da səmərə vermir, dünyada geosiyasi vəziyyəti daha da gərginləşdirir [5]. Mütəxəssisin fikrincə, bunun səbəbi xüsusi maraqları digər faktorlardan üstün tutmaqla bağlıdır.

Eyni vəziyyəti Azərbaycan, Gürcüstan və Ukraynaya olan münasibətdə də görə bilərik. Gürcüstanın ərazisində olan münaqişələr kontekstində bu ölkənin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edirlər ki, bu da ədalətli mövqedir. Tbilisini Rusiyanın təhdidlərindən qorumaq üçün bütün yardımlar göstərilir. Bu işlərin liderliyini isə Amerika edir. ABŞ Gürcüstanın dövlətçiliyini qorumaq üçün mühüm addımlar atır, prinsipial mövqe nümayiş etdirir. Ukrayna məsələsində də Vaşinqton həmin qətiyyəti göstərir. Rəsmi olaraq dəfələrlə Barak Obama bəyan edib ki, Krım Ukraynaya qaytarılmalıdır. Bunun üçün Vaşinqton Kiyevə hərbi yardımını da əsirgəmir.

Lakin Azərbaycana gəldikdə, ABŞ belə davranmır. "Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır" fikri ABŞ rəhbərliyi tərəfindən açıq bildirilmir. Ümumi şəkildə ərazi bütövlüyü məsələsinə dəstək ifadə edilir və dərhal da təhdid gəlir – məsələnin hərbi yolla həlli yoxdur! Yəni ermənilərin zəbt etdikləri ərazidən çıxarılması məsələsində Amerika etiraz etmir. Eyni zamanda, əgər Azərbaycanla Ermənistan arasında işğalçı qüvvələrin zəbt etdiyi əraziləri tərk etməsi haqqında razılıq olsa, Vaşinqton buna da etiraz etməyəcək. Dolayısı ilə ABŞ digər böyük dövlətlər kimi, erməni separatçılığını dəstəkləyir və problemin ədalətli həllini öz maraqlarına qurban verir.

Çıxılmaz vəziyyət: təzyiqlər altında yeniləşmə imkansızlığı

Bu kimi misallar fonunda BMT-də islahatların niyə aparılmadığı məsələsi müəyyən dərəcədə aydınlaşır. Bir vaxtlar BMT baş katibinin köməkçisi işləmiş professor Rameş Takur həmin kontekstdə qlobal siyasətin BMT-nin fəaliyyətinə təsiri ilə bağlı düşündürücü fikirlər ifadə edir. O, "Birləşmiş Millətlər və Birləşmiş Ştatlar" adlı məqaləsində belə bir tezis irəli sürür: "BMT beynəlxalq konsensusun olmadığı yerdə onu süni surətdə yarada bilməz. O, milli maraqların harmoniyalaşması mərkəzi ola bilməz, fikir ayrılığı çox dərin olduqda, onları diplomatik metodlarla danışıqlar masası arxasında aradan qaldırmaq üçün müxtəlif ölkələr arasında vasitəçi rolunu oynayıb onları barışdıra bilməz" [6].

Bizim nəzərdən keçirdiyimiz problem aspektində çox əhəmiyyətli və maraqlı fikirlərdir. Birincisi, BMT beynəlxalq konsensusu bütün şərtlər daxilində yaratmaq iqtidarında deyil, bunun üçün daha dərində olan və təməl xarakterli faktorların olması zəruridir. İkincisi, BMT-nin diplomatik gücünün müəyyən hüquqi və mənəvi sərhədləri mövcuddur. Üçüncüsü, ölkələrin milli maraqları əsasında fikir ayrılıqları dərindirsə, heç bir təşkilat onları barışdırmaq imkanına və mexanizminə malik deyil. Rameş Takurun yuxarıdakı fikrinin bu 3 aspekti onun sonrakı analizində konkret olaraq açılır.

Belə ki, o, keçən əsrin 70-80-ci illərindən başlayaraq beynəlxalq münasibətlərdə proseslərin hansı dramatizmlə getdiyini qısa xarakterizə edir. Professor yazır: ""Soyuq müharibə" iki fövqəlgücün qlobal savaşı idi. Dünyanın digər qismi üzərində hərbi güc və resurslarda keyfiyyət üstünlüyü Vaşinqton və Moskvaya beynəlxalq münasibətlərin xarakterini müəyyənləşdirməyə və gündəmi formalaşdırmağa (seçim bizimdir – L.M.) imkan verirdi. Qarşıdurma, bir tərəfdən, qarşılıqlı düşmənçilikdən qidalanırdısa, digər tərəfdən də, o, ideologiyaların aradan qaldırılmaz münaqişəsinin nəticəsinə çevrilirdi (seçim bizimdir – L.M.) [6].

Rameş Takurun "soyuq müharibə" illərində beynəlxalq münasibətlərin məzmununu müəyyən edən fikirlərinə diqqət yetirək. Proseslərin mərkəzində ədalətli mövqe və beynəlxalq hüquq qaydaları deyil, Vaşinqton və Moskvanın maraqları, onların ideoloji konseptlərinin mütləq uyğunsuzluğu dayanır!

İki böyük dövlətin özlərini hakim kimi aparmasının təməlində isə hərbi güc və resurs zənginliyi dayanırdı. Onlar bu üstünlüklərini beynəlxalq aləmdəki münasibətlərin məzmununa proyeksiya edirdilər. Konkret ifadə etsək, dünya miqyasında dövlətlərarası münasibətlər ədalətə əsaslanan və bütün ölkələrin qəbul etdiyi qaydalara görə deyil, iki supergücün "mənim silahlarım güclüdür və daha zəngin ehtiyatlara (insan, təbii, texniki, iqtisadi və s.) malikəm, ona görə də beynəlxalq münasibətlərin xarakterini müəyyənləşdirəcəyəm" prinsipinə uyğun məzmun kəsb edirdi. Qlobal siyasətin gündəmi də həmin müstəvidə formalaşırdı.

Burada iki supergücün tamamilə barışmaz ideoloji mövqeləri situasiyanı daha da mürəkkbələşdirirdi. İdeologiya müəyyən mənada dövlətin hansı siyasi, mənəvi-əxlaqi, strateji, hərbi və digər dəyərlərə üstünlük verdiyini ifadə etdiyindən dünyanın faktiki olaraq iki barışmaz düşərgəyə bölündüyünü deyə bilərik. Uzun illər davam edən bu vəziyyətdə beynəlxalq münasibətlərin hansı obyektiv məzmunundan bəhs etmək olardı? Hansı dərəcədə BMT, ümumiyyətlə, ədalətli və obyektiv qərarlar qəbul edə bilərdi? Mümkün deyildi, çünki hər bir prinsipial qlobal prosesin arxasından ya ABŞ, ya da SSRİ çıxırdı.

Bəs bundan sonrakı mərhələdə nələr baş verdi? Burada vəziyyət nəinki aydınlaşmır, nəinki ədalət bərpa olunmur, obyektivlik əsasında dünyanın maraqları gözlənilmir, hətta meydana yeni iddiaçılar çıxır və vəziyyət daha qeyri-müəyyən mərhələyə qədəm qoyur.

Burada beynəlxalq təhlükəsizliyin təmini aspektində təhlükəli məqam geosiyasi balansın pozulmasından ibarətdir. İndi belə müzakirələr aparılır ki, ümumiyyətlə, balans siyasi mahiyyətlidir, yaxud burada hüquqi məzmun üstünlük təşkil edir? Bir sıra mütəxəssislər bu mübahisələri faydasız hesab edirlər. Tallinn Hüquq Akademiyasının prezidenti Reyn Müllerson balansı nəzərdə tutaraq yazır: "Hər şeydən öncə, əlbəttə, siyasi prinsip və quruluşdur ki, stabil və şəffaf olmaq üçün hüquqi normalarla möhkəmlənməlidir" [7, s.101].

Ancaq reallıq daha çox Rameş Takurun aşağıdakı fikrində ifadə olunub: "NATO-nun ilk baş katibi Lord İsmey bir dəfə demişdi ki, onun məqsədi amerikalıları yanında saxlamaqdan, ruslara göz açmağa imkan verməməkdən və almanları günahkar göstərməkdən ibarətdir. İndi Moskva tam əsasla hesab edə bilər ki, NATO-nun məqsədi amerikalıları daim yanında saxlamaq, BMT-yə göz açmağa imkan verməmək (seçim bizimdir – L.M.) və rusları günahkar vəziyyətində tutmaqdır" [6].

Ancaq tarixçə bununla bitmədi. Artıq Çin, Hindistan, Braziliya dünya siyasətinin "ağırçəkililər" qrupuna iddialı olurlar. Bununla liderlik iddiaçılarının dairəsi genişlənir. İndi ABŞ və Çin birbaşa liderlik uğurunda mübarizə aparırlar. Rusiya və Avropa İttifaqı qlobal siyasətdə əsas söz sahibi olmağa çalışırlar. Hindistan və Braziliya kimi ölkələr də "ilk kvartet"də yer tutmaq iddiasındadırlar. Bu məqsədi güdən başqa ölkələrin də meydana çıxması istisna deyil.

Ancaq bunların fonunda professor hesab edir ki, hələ də dünyanın heç bir problemi Vaşinqtonun iradəsinin əleyhinə həll edilə bilməz, "ABŞ əvvəlki kimi transatlantik, transsakitokean və transamerikan təhlükəsizliyinin qarantıdır" [6].

İndi də geosiyasi aspektdə bu iki mərhələ arasındakı məntiqi bağlılığa diqqət yetirək. "Soyuq müharibə" illəri dövründə özünü göstərən hərbi gücə və ehtiyatlara əsaslanan dominantlıq kursu, "ağıllı güc" adlanan, lakin yenə də dünya üzərində diktatorluğu təmin etməli olan xətlə əvəz edildi. İdeoloji sahədə kommunistlər sıradan çıxsalar da, liberalizmin təkbaşına səmərəli konsept olması məsələsi həll edilmədi, yəni boşluq yarandı.

Bunların fonunda beynəlxalq münasibətlər sistemi ciddi dəyişməli idi. Beynəlxalq təşkilatların fəaliyyəti tamamilə yeniləşməli idi. Ancaq bunların heç biri baş vermədi. Səbəb nədən ibarətdir? Yenə də "soyuq müharibə" illərində olduğu kimi – liderlik, dominantlıq, öz maraqlarını təmin etmək, başqalarına öz dəyərlərini zorla və ya xoşla qəbul etdirmək cəhdləri əsas fəaliyyət prinsipləri olaraq qalırlar.

Bu səbəbdəndir ki, Almaniya kimi böyük dövlət tarixdə olmayan hadisəni "soyqırımı" faktı kimi tanıyır, Ermənistan özü təcavüzkar ola-ola, Azərbaycan torpaqlarını işğalda saxlayaraq təcavüz obyektini təcavüzkar kimi qələmə verməyə cəsarət edir, Suriyada qan tökülür, qaçqınlara Avropada insan kimi baxılmır. Müsəlman ölkələrində dini məzhəbçiliyi və etnik separatizmi alovlandırıb, adını "demokratiya və insan haqlarının təmininə xidmət" qoyurlar. Bütövlükdə dünya alovlanır, lakin ABŞ və Avropa bunu yeniləşmə, demokratikləşmə, söz azadlığını təmin etmə kimi təqdim etməkdən əl çəkmirlər. Belə şəraitdə BMT-də hansı islahatdan söhbət gedə bilər? Aydın deyil.

Bir sözlə, supergüclər dünyanı bir mərkəzdən elə idarə etməyə çalışırlar ki, əvvəlki dövrlərdə olan mənfi mənzərə görüntüsü yaranmasın, ümumən vəziyyət yeni rakursdan qiymətləndirilsin. Əslində, SSRİ dağılandan sonra bir müddət Qərb buna nail oldu, lakin indi əlahəzrət zaman bu görüntü pərdəsi altında olan dəhşətli reallığı üzə çıxarmaqdadır. Və orada BMT kimi təşkilatların nə dərəcədə aciz durumda olduğu aydın görünməkdədir ki, bu da olduqca kədərli bir səhnə yarandığına dəlalət edir.

Nəticə

Yuxarıdakı analizlər göstərir ki, müasir mərhələdə yeni dünya nizamının formalaşmasına ciddi ehtiyac yaranıb. Bunun üçün böyük dövlətlər öz aralarında münasibətlərə müəyyən düzəlişlər etməlidirlər. Hər şeydən öncə, beynəlxalq hüququn təməl prinsiplərinə şərtsiz əməl olunmalıdır. Bunun reallaşması üçün isə beynəlxalq təşkilatlar, ilk növbədə, BMT daha səmərəli fəaliyyət göstərməlidir.

Lakin BMT-nin mövcud imkanları və fəaliyyət mexanizmləri həmin vəzifənin öhdəsindən tam gəlməyə kifayət etmir. Bunu təcrübə təsdiq edir. Həmin səbəbdən BMT-də islahatların aparılmasına ciddi ehtiyac vardır. Ancaq paradoksal haldır ki, islahatların həyata keçirilməsinə ən böyük maneəni supergüclər arasında fərqli geosiyasi məqsədlərin olması törədir. Reallıq belədir ki, hazırda ABŞ yeganə lider olmasa da, onun mövqeyi həlledicidir.

Bununla yanaşı, əvvəlki dövrlərdən fərqli olaraq, indi Vaşinqtonun qarşısında liderlik iddiasında olan bir neçə böyük güc var. Mütəxəssislər beynəlxalq konsensusun yaradılmasında BMT-nin həlledici rol oynaya bilməyəcəyini ifadə edir, bütün prinsipial qlobal geosiyasi məsələlərin həllində başlıca işi supergüclərin gördüyünü vurğulayırlar. Ancaq, eyni zamanda, qlobal geosiyasi mühitin bu "elitar hissəsi"nin özündə vəziyyətin daha qeyri-müəyyən olduğu fikri də irəli sürülür. Nəticədə, dünyanın "yeni ağaları" ədalətli addımlar atmır, BMT-nin bu funksiyanı öz üzərinə götürməsinə isə imkan vermirlər.

Bunlardan yekun nəticə çıxarmaq olar ki, müasir mərhələdə beynəlxalq münasibətlər sistemində iki səviyyədə situasiyanın daha da mürəkkəbləşməsi prosesi gedir. Birincisi, dünya liderliyi uğrunda mübarizə aparan ölkələrin sayı artıb. Bu iddiaçılar arasında münasibətlər kifayət qədər ziddiyyətli və həssasdır. İkincisi, BMT-nin təşəbbüsü ələ alması qarşısında çoxlu sayda açıq və gizli maneələr qalmaqdadır.

Bu halda daha bir məqam aktual təsir bağışlayır – BMT-yə ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya ciddi təsir göstərə bilirlərsə, bu beynəlxalq təşkilat hansı mənada real islahatlar apara, bir neçə supergücün iradəsini hansı imkanlarla neytrallaşdıra bilər? Bizcə, bu, hələlik mümkünsüz görünür və BMT-nin yeniləşməsi haqqında nəzəri səviyyədə danışılanlar söz olaraq qalır. Dünya ictimaiyyətini isə bu "geosiyasi nağılla qidalandırırlar"! Təəssüf ki, bu reallığı dəyişmək hələlik mümkün deyil.

Xülasə

Məqalədə dünyanın böyük güclərinin liderlik iddiasının beynəlxalq münasibətlərdə meydana gətirdiyi bir sıra problemlərin təhlili verilir. Müəllif göstərir ki, qlobal miqyasda müşahidə edilən və bəşəriyyət üçün təhlükələr əmələ gətirən geosiyasi proseslər müəyyən dərəcədə bir sıra dövlətlərin beynəlxalq münasibətlərə nəzarət istəyi ilə bağlıdır. Stabil təhlükəsizlik sisteminin yaradılması və geosiyasi balansın yeni tələblər çərçivəsində formalaşdırılması üçün isə BMT-də islahatlar aparılmalıdır. Bunun da qarşısında əsas maneə yenə böyük dövlətlərin geosiyasi iddialarıdır. Bütün bunlar yekunda bəşəriyyət üçün mürəkkəb problemlər yaradır və onların həlli hələlik yoxdur.

Leyla Məmmədəliyeva

AMEA Fəlsəfə İnstitutunun doktorantı

Paylaş:
519

Son xəbərlər

Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30
Bütün xəbərlər