Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində Respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, avqustun 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 118 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 25 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 38 m3/s təşkil edərək ongünlük normanın 55 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühim dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm artım, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2015-ci il avqustun 26-da 337 sm), Salyanda 144 sm (2015-ci il avqustun 26-da 122 sm), Bankədə 177 sm (2015-ci il avqustun 26-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 71 sm (2015-ci il avqustun 26-da 70 sm) təşkil edir.
1news.az