Milli qəhrəman Çingiz Mustafayev – 56
29 avqust Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.
1news.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayəti Vladimir rayonunda hərbçi ailəsində anadan olub, 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
O, Azərbaycan Tibb İnstitutunu bitirib, bir müddət həkim işləyib, lakin həmişə daha çox jurnalistikaya həvəs göstərib, 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Sovet Ordusunun cinayətlərini bütövlükdə lentə alıb, unikal kadrlar yaradıb və bundan sonra həyatını tamamilə telejurnalistika sənətinə bağlayıb.
O, Azərbaycan televiziyası tarixində yenilikçi, cəsur, operativ xəttin bünövrəsini qoyanlardan olub, “215KL” studiyasının yaradıcılarından olub.
Çingiz Mustafayev Azərbaycan hərbi telejurnalistikasının ən parlaq nümayəndəsi olub, döyüş bölgələrindən əvəz olunmaz kadrlar çəkib, Qarabağ müharibəsinin ilkin dövrünün videoxronikasını yaradıb, həm də könüllülərin cəbhəyə getməsinin ilk təşkilatçılarından, ilk çağırış edən və ilk döyüşə gedənlərdən olub. O həm kamerası, həm də həqiqi silahla döyüşlərdə iştirak edirdi, 1992-ci il iyunun 15-də Naxçıvanik kəndi yaxınlığındakı ağır döyüşdə qəhrəmancasına həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. DİN Şüvələn qəsəbəsində istirahət zonası, Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri onun adını daşıyır. Yaşadığı evin önündə xatirə lövhəsi vurulmuş, C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.
1news.az